"Türkiyə ilə hesablaşmalı olacaqlar" - MÜNASİBƏT BİLDİRİLDİ

"Türkiyə ilə hesablaşmalı olacaqlar" - MÜNASİBƏT BİLDİRİLDİ

Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər başa çatıb. Vətəndaşlar ölkənin 30-u böyük şəhər olmaqla, 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibini, həmçinin 50 min 336 kənd və məhəllə muxtarını seçmək üçün səs veriblər.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası da daxil olmaqla, ümumilikdə, 34 siyasi partiya və müstəqil namizədin yarışdığı seçkidə ölkə üzrə 206 min 845 sandıq qurulub. Cümhuriyyət Xalq Partiyası (CHP) 1977-ci il seçkilərindən sonra qeyri-rəsmi nəticələrə görə, birinci yerə çıxaraq özü üçün tarixi “qələbə” qazanıb.

Türkiyədə keçirilən bələdiyyə seçkiləri ölkəyə, regiona nə verdi? SİA mövzu ilə bağlı Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin fikrini öyrənib.

O bildirib ki,Türkiyədə keçirilən seçkilər, əlbəttə ki, demokratiyanın ən ali nümunəsidir: "Göründüyü kimi müxalifət bu bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazandı. Bu Türkiyənin beynəlxalq gücünün formalaşmasına, Türkiyənin demokratiya nümunəsi olduğunun göstəricisidir. Bundan sonra məhz Qərbin Türkiyəyə qarşı hər təzyiqləri də neytrallaşdırılacaq. Həm prezident, həm də bələdiyyə seçkiləri bir daha göstərdi ki, nə Qərb, nə də demokratiyanı özünün beşiyi hesab edən ölkələrdə bu kimi şəffaf seçkilər keçirilmir. Mən hesab edirəm ki, Türkiyə bundan sonra daha da güclənəcək. Türkiyə təkcə regional deyil, beynəlxalq gücə çevriləcək. Türkiyə ilə hesablaşmalı olacaqlar".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə