“Həmin missiya Ermənistan və Avropa Birliyinin gözündə “şirma” rolunu oynayır” - ŞƏRH EDİLDİ
“Avropa Birliyinin Ermənistandakı mülki deyilən, əslində isə çoxşaxəli fəaliyyət üçün nəzərdə tutulmuş missiyası ilə bağlı tədrici və sistemli siyasət aparıldı. Təbii ki, burada təsadüfi heç nə yoxdur. İstər mülki adı altında hərbi kəşfiyyat missiyasının Ermənistana gətirilməsi, istərsə də onun statusu ilə bağlı razılaşmanın ratifikasiya olunması düşünülmüş bir prosesin tərkib hissələridir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, əvvəlcə 2022-ci ilin dekabrında Avropa Birliyi ilə belə bir razılaşma əldə olundu: “Amma Azərbaycan həmin missiyanın bizim ölkəmizin ərazisində fəaliyyət göstərməsinə etiraz etdi. Bununla yanaşı Ermənistan ərazisində fəaliyyət göstərməsinin ancaq müəyyən şəffaf prinsiplər çərçivəsində mümkün olacağı yönündə mövqeyini bildirdi. 2023-cü ilin əvvəllərindən başlayaraq əvvəlcə 40 nəfərə yaxın missiya üzvü Ermənistana gəldi. Ötən ilin sonunda isə bu missiya üzvlərinin sayının artırılması ilə bağlı razılıq əldə olundu. Bu ilin əvvəllərində artıq missiya üzvlərinin sayı 200-dən yuxarı oldu. Eyni zamanda, 2023-cü ilin sonlarında mülki missiyanın statusu ilə bağlı Avropa Birliyi ilə Ermənistan arasında əldə olunan razılaşma ötən günlərdə Ermənistan parlamenti tərəfindən ratifikasiya olundu”.
A.Quliyev sözlərinə davam edərək bildirib ki, burada məqsəd Avropa Birliyi bayrağı adı altında Qərbin hərbiləşmiş qüvvələrini Ermənistana yerləşdirmək, Rusiyanın silahlı qüvvələrini bu ərazidən çıxarmaq üçün imkan yaratmaq, bölgədə Rusiyanın mövqeyini zəiflədərək Qərb dövlətlərinin, xüsusilə də Fransanın mövqeyini gücləndirməkdir: “Ratifikasiyasından sözügedən sazişin kifayət qədər müəmmaları var. Bu sənəddə missiyanın vəzifələrindən biri olaraq Ermənistan və Avropa Birliyinin siyasi münasibətlərinin daha da dərinləşdirilməsi yönündə addımlarln atılmasının nəzərdə tutulması çox düşündürücüdür. Bu, hazırkı şəraitdə Avropa Birliyinin sülh fondu və müxtəlif ölkələrin xətti ilə Ermınistanın hərbi cəhətdən gücləndirilməsindən başqa bir şey deyil. Avropanın mülki missiyasının Ermənistan ərazisində fəaliyyəti əslində, həm Azərbaycan, həm Rusiya, həm də İranın timsalında başqa bir bölgə dövlətinə qarşı düşünülmüş plandır. Çünki 2022-ci ilin dekabrında əldə olunmuş və Azərbaycanın da razılıq verdiyi bu missiyanın fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş statusdan demək olar ki kənara çıxılır. Bu da həmin missiyanın əslində Ermənistan və Avropa Birliyinin nəzərində sadəcə bir “şirma” rolunu oynadığının daha bir sübutudur”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB