“Xaricdən gələcək təhdidlərə qarşı hər zaman hazır olmalıyıq“ - MÖVQE BİLDİRİLDİ

“Xaricdən gələcək təhdidlərə qarşı hər zaman hazır olmalıyıq“ - MÖVQE BİLDİRİLDİ

“Bu gün beynəlxalq təhlükəsizliyə ən ciddi təhdid törədən amillərdən biri də məhz terrorizmdir. Terror digər cinayətlərdən siyasi motivlərlə həyata keçirilməsi ilə fərqlənir. Kütlə arasında qorxu yaratmaq, ictimai təhlükəsizliyi pozmaq, dövlət hakimiyyəti orqanlarına və beynəlxalq təşkilatlara qərarların qəbul edilməsi ilə bağlı təsirlərin göstərilməsi terrorun əsas məqsədini təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, terrora qarşı mübarizə olduqca mürəkkəb məsələdir: “Hər şeydən öncə terrorizmin fəaliyyətinə dair vahid bir yanaşma mövcud deyil. Bunun özü də məqsədli edilir. Bu həm də ayrı-ayrı ölkələrin maraqlarına uyğun olduğu halda hansısa təşkilatı terrorçu təşkilat adlandırır, olmadığı halda isə fərqli yanaşma sərgilədiyinin göstəricisidir.

Terror təşkilatlarının müasir informasiya, kommunikasiya texnologiyalarından istifadə etməsi, həm də müasir silahlara çıxış imkanlarına sahib olması bir daha nümayiş etdirir ki, terrorizmə qarşı mübarizədə dünya dövlətləri öz imkanlarını səfərbər etməlidirlər. Azərbaycan hər zaman terrorizmə qarşı mübarizədə fəal olub. Azərbaycan xalqı erməni terrorundan çox əziyyət çəkib. Bu gün də Ermənistanın ölkəmizə qarşı terroru davam edir. Bu baxımdan da dövlətimiz hər zaman terrorizmə qarşı qətiyyətlə mübarizə aparan dövlətlər sırasındadır. Hələ 1999-cu ildə terrorçuluğa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilib. Belə bir qanunun qəbul edilməsi terrorizmə qarşı mübarizədə Azərbaycan dövlətinin qətiyyətinin, iradəsinin göstəricisidir. Hazırda biz post-münaqişə mərhələsindəyik. Torpaqlarımızı işğaldan azad etməklə, sonra isə ərazilərimizdə erməni separatizminin kökünü kəsməklə münaqişəni aradan qaldırdıq. Bundan sonra isə post-münaqişə mərhələsi gəlir və bu mərhələdə də çox diqqətli olmalı, təhlükəsizlik tədbirlərinə mühüm yer verilməlidir. Xaricdən gələcək təhdidlərə qarşı hər zaman hazır olmalıyıq. Təbii ki, dövlət milli təhlükəsizliyimizin qorunması məsələsinə kifayət qədər həssas yanaşır, qətiyyətli addımlar atır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə