“Prezidentin qətiyyəti və siyasi liderliyi dünya tarixinə yeni yön verdi” - ŞƏRH EDİLDİ

“Prezident İlham Əliyevin qətiyyəti və siyasi liderliyi dünya tarixinə yeni yön verdi. Elm və kommunikasiyanın, imperializm və müstəmləkəçiliyin artdığı hazırkı dünya nizamında işğalı sonlandırmaq, separatçılığı və terroru bitirmək, ərazi bütövlüyünü bərpa etmək əsrlər sonra da xatırlanacaq misilsiz hadisələrdəndir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, dünya dəyişdikcə və inkişaf etdikcə siyasi mərkəzlər ədalətsizliyi, bərabərsizliyi trendə çevirməyə çalışır, üstəlik, qlobal pandemiyanın iqtisadi, siyasi və psixoloji təsirləri geopolitik manevr imkanlarını daraldır, siyasi mübarizəni, hərbi gücü çətinləşdirir: “Bu mürəkkəb və həssas dövrdə Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını ucaltması uzun illər davam edən Qarabağ manipulyasiyasına vurulan zərbə oldu.

Azərbaycan öz suverenliyini tam olaraq bərpa edib. Hazırda ölkəmizin qarşısında duran ən önəmli hədəflərdən biri işğaldan azad olunmuş ərazilərdə məskunlaşmanı həyata keçirmək, şəhərdə infrastruktur layihələrini ən yüksək səviyyədə başa çatdırmaqdır. Xankəndidə dövlətin qarşısında duran vəzifələrin başında isə Azərbaycanın yuridiksiyasının bərpası prosesində əməli addımların atılmasından ibarətdir. Rəsmi Bakı Xankəndiyə qayıdacaq sakinlərin həyat şəraitinin daha yaxşı olması üçün bir çox layihələr həyata keçirib və bundan sonra da keçirəcək. Artıq bu məsələ ilə bağlı dövlətimizin başçısı tərəfindən tapşırıqlar verilib, həmin əraziyə komendant da təyin olunub.

Dövlətçilik tariximizin ən güclü dövrü məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ölkəmiz heç zaman bugünkü qədər güclü olmayıb. Azərbaycan Prezidenti şəraiti və siyasi münasibətlər sistemini dəqiq müəyyənləşdirən siyasi zəka sahibidir. Onun “nəyi, nə zaman və necə etməyi bilirəm” tezisi də bu baxımdan siyasi ustalığın real göstəricisidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə