“Böyük Qayıdış kompleks tədbirlər planının həyata keçirilməsidir” - ŞƏRH EDİLDi

“Böyük Qayıdış kompleks tədbirlər planının həyata keçirilməsidir” - ŞƏRH EDİLDi

“Böyük Qayıdış layihəsi işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan əhalisinin məskunkaşmasını nəzərdə tutur. Bu istiqamətdə infrastrukturun bərpası da xüsusi diqqət çəkir. Belə ki, bununla əlaqədar olaraq dövlət büdcəsindən böyük bir məbləğ torpaqlarımızın yenidənqurma və bərpasına ayrılıb. Hazırda da intensiv şəkildə işlər davam etdirilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, qayıdışın təmin olunması üçün əsas funksiyanı dövlət öz üzərinə götürüb, vətəndaşın üzərinə hər hansı bir funksiya qoyulmayıb: “Bu da dövlətin vətəndaşa olan münasibətinin dərin göstəricisidir ki, çəkinmədən bütün məcburi köçkünlər öz ərazilərinə qayıda bilsinlər. Eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə məşğulluq probleminin həlli istiqamətində də vacib əhəmiyyətli işlər görülür. Konkret olaraq insanların çalışması üçün lazımi şərait yaradılır.

Hava limanlarının salınması, yollar və tunellərin çəkilməsi infrastrukturun nə qədər çətin şərtlərdə qurulduğunu göstərir. Bütövlükdə bu qayıdışın Azərbaycan üçün həyati əhəmiyyət daşıdığını daha rahat görə bilirik. Bu baxımdan Azərbaycan dövlətinin atdığı addımlar heyrətamizdir. Çünki qısa bir müddət ərzində belə layihələrin altına imza qoymaq olduqca çətindir. Həmçinin ərazilərimizdəki torpaqlar kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq. Bu istiqamətdə işlərin görülməsinə cəmiyyətin də dəstəyi böyükdür.

Həmçinin dağıdılmış abidələrin bərpası və mədəniyyət mərkəzlərinin yaradılması işi də paralel olaraq aparılır. Yəni, Böyük Qayıdış kompleks tədbirlər planının həyata keçirilməsidir. Dövlətin bu siyasəti də cəmiyyət tərəfindən dəstəklənir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə