Yeni Azərbaycan Partiyasında yeni tarixi mərhələ

Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm bir hadisədir. Partiyanın VII qurultayı müstəqil tariximizdə ilk dəfə tarixi torpaqlarımızın düşmən tapdağından azad edilərək ərazi bütövlüyümüzü bərpa etdiyimiz tarixdə keçirilmişdir. 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş möhtəşəm zəfərdən sonra və ölkədə aparılan islahatlar fonunda yaranmış yeni reallıqlar siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmışdır. Yaranmış yeni reallıqlar hakim Yeni Azərbaycan Partiyasında islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir.

Partiyanın VII qurultayda qəbul olunmuş qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir və milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Belə ki, qurultayda partiya rəhbər strukturunun yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edilərək, Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Qrupu, Veteranlar Şurası seçildi və Yeni Azərbaycan Partiyasının aparat rəhbəri strukturu təsis olundu. Həmçinin, partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət etdi. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın hakim partiyaya qoşulmasına dair qərarın qəbul edilməsi ölkənin siyasi həyatında olduqca vacib hadisədir. 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına birləşməsi cəmiyyətdə iqtidara yönəlik inamın göstəricisi kimi qiymətləndirilməklə yanaşı, həm də siyasi həmrəyliyin və milli birliyin əyani təzahürü oldu.

Bu prosesin tərkib hissəsi olaraq yeniləşmə, modernləşmə, çağdaş zamana ayaq uydurmaq baxımından, şübhəsiz ki, yeni nizamnamənin müddəlarından irəli gələn tələblərə uyğun olaraq, partiya rəhbərliyi, Mərkəzi Aparat tərəfindən ciddi addımlar atılır. Daim qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə ictimaiyyətin böyük rəğbətini qazanan, milyonların partiyasına çevrilən, ən əsası sözü ilə əməlinin birliyini atdığı hər addımında təsdiqləyən Yeni Azərbaycan Partiyası hədəflərə nail olmaq üçün səylərini artırır, uğurlarımıza töfhələr verməyə çalışır.

Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranması müstəqil dövlətçiliyimizin dönüş nöqtələrindən hesab edilən hadisələrdəndir. Həmin dövrdə mövcud hakimiyyətin uğursuz siyasəti və xəyanətkar mövqeyi nəticəsində tənəzzül hökm sürürdü. Ölkəmizin formal xarakter daşıyan müstəqilliyinin itirilməsi təhlükəsi meydana çıxmışdı. 1992-ci ilin aprel-may aylarında Bakıda Heydər Əliyevdən xəbərsiz onun tərəfdarları tərəfindən mitinqlər keçirilirdi. Belə məqamda yüz minlərlə tərəfdarın vahid təşkilatda birləşməsi tarixi zərurətə çevrilmişdi. 1992-ci ilin avqustunda “Səs” qəzetində çap olunmuş “Heydər bəyi biz çağırmalıyıq!” adlı müraciət qısa müddətdə rezonans yaratdı. Həmin il oktyabrın 16-da isə 91 nəfər ziyalı Ümummilli Liderimizə müraciət etdi. Heydər Əliyev 24 oktyabr 1992-ci il tarixli cavab məktubu ilə Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdir. Belə şəraitdə Heydər Əliyev qətiyyətli və təcrübəli siyasi lider kimi milli həmrəyliyi təmin edərək Azərbaycanın xilasına nail ola bildi. O, əsl vətənpərvərlik və milli təəssübkeşlik nümunəsi ortaya qoydu. Hətta o dövrdə hakimiyyətdə olan qüvvələr partiyanın təsis konfransının Bakıda keçirilməsinə belə icazə vermədilər və bu səbəbdən 50 nəfər partiyanın təsis konfransında iştirak üçün Naxçıvan MR yola düşdü və noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu. Heydər Əliyev tərəfindən hazırlanmış proqram və nizamnamə müzakirə olunaraq qəbul edildi, Ümummilli liderimiz yekdilliklə partiyanın sədri seçildi. Yeni Azərbaycan Partiyasının təsis olunması Azərbaycan dövlətçilik tarixində və ölkəmizin ictimai-siyasi həyatında dönüş nöqtəsi oldu. Ulu Öndər Heydər Əliyevin ətrafında yaradılmış partiya qısa müddət ərzində ümumxalq partiyasına çevrildi. Ulu Öndərin öz xalqına olan sadiqliyi və ölkənin gələcəyi ilə bağlı olan mütərəqqi baxışları xalqı onun ətrafında birləşdirdi.

Yeni Azərbaycan Partiyasının VII qurultayından ötən dövr ərzində Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının əsas vəzifəsi partiya rəhbərliyinin qarşıya qoyduğu tapşırıq və vəzifələri həyata keçirmək, partiya üzvlərinin sayını artırmaq, Xəzər rayonunun bütün ictimai və siyasi həyatında yaxından iştirak etməkdən ibarət olmuşdur. Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, partiya rəhbərliyinin tapşırıq və tövsiyyələrinə, eləcə də rayon təşkilatının Fəaliyyət Planlarına uyğun quraraq, partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin rayon sakinləri arasında geniş təbliğ olunmasına, şəhid ailələri və qazilərimizə dəstəyin göstərilməsinə və sosial şəbəkələrdə fəallığın daha da gücləndirməsinə həsr etmişdir. Yeni Azərbaycan Partiyasının digər şəhər və rayon təşkilatları kimi, Xəzər rayon təşkilatı da üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün səylərini durmadan artırır.

Hazırda müstəqil Azərbaycan dövlətinin həyatında yeni bir mərhələ başlayıb. Bu yeni mərhələdə yeni hədəflər müəyyənləşdirilib. Ölkəmizdə möhkəm əsaslı xalq-iqtidar birliyi mövcuddur. Bu birliyinin nümayişini biz 7 fevral prezident seçkiləri günü bir daha gördük. Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni dövrün başlanğıcı oldu. Prezident seçkiləri günü xalqımız bir daha sübut etdi ki, ölkəmizin davamlı inkişafını, iqtisadi qüdrətinin artırılmasını, yeni hədəflərə nail olmağı ancaq cənab İlham Əliyev təmin edə bilər. Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz çox böyük inkişaf yolu keçib və regionda ən güclü dövlətə çevrilib.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə