İlqar Məmmədov satqınlığın yeni növünü kəşf edib ANALİZ

Belə bir el məsəli var, "ayağını yorğanına görə uzat". Sözün həqiqi mənasında düşündürücü və nəticə çıxarılması baxımından önəmli məsəldir. Gəlin görək müasir dövrdə bu el məsəlindən ağıllı şəkildə istifadə edilirmi? Birmənalı şəkildə demək və yazmaq olar ki, "xeyr, əksər insanlar ibrətamiz məsəldən nəticə çıxarmırlar". Səbəbini araşdırmağa ehtiyac da yoxdur. Çünki kimə bununla bağlı sual etsən, özünü haqlı çıxaracaq. Deyəcək ki, "mən nəyi səhv dedim, nə də xəta etdim ki, üzrxahlıq edib bir daha belə səhvə yol verməyəcəyimi deyim" bildirəcək. Hələ bir qədər də yekə-yekə danışıb, səni haqsız çıxarmağa çalışacaq. Belə boyunlarından yekə-yekə danışan, fikir yürüdənlərin sayı çox olmasa da hər halda var. Xüsusilə də, dağıdıcı müxalifət düşərgəsində təmsil olunan şəxslər arasında sərsəm fikirlərlə çıxış edənlərin sayı daha çoxdur. Daha doğrusu, AXCP sədri Əli Kərimlinin, Milli Şuranın rəhbəri Cəmil Həsənlinin, Müsavat başqanı Arif Hacılının, Real partiyasının sədri İlqar Məmmədovun sosial şəbəkə üzərindən paylaşdıqları istənilən statuslarına və internet TV-lərə verdikləri müsahibələrinə nəzər yetirilsə bəsit, məntiqsiz fikirlərinə rast gəlmək olar. Bəzən isə elə əndərəbadi mövqe sərgiləyirlər ki, necə deyərlər, bişmiş toyuğun gülməyi gəlir. Əli Kərimli son vaxtlar bütün fəaliyyətini rusiyalı siyasi partiya təmsilçisi Navalnının ölümü ətrafında falçılıq etməyə kökləyib. İlqar Məmmədov isə daha çox nə zaman keçiriləcəyi bəlli olmayan parlament seçkiləri ilə bağlı proqnozlar verməklə gündəmə gəlməyə çalışır. Hətta heç nədən abır-həya etməyən bu məxluq indidən seçkilərlə bağlı özünün təşkilat komitəsini yaratdığını bəyan edir. Bildirir ki, guya qısa müddətdə 330 nəfər onun yaratdığı təşkilat komitəsinə qoşulub. Lakin sual olunur, ötən seçkidə ümumilikdə 146 nəfərin səsini qazandığın halda indi seçkilərə bir ildən də çox vaxt qaldığı halda 330 nəfər təəssübkeş haradan tapdın? Digər tərəfdən, Real nə zamandan aparıcı partiya olub ki? Avropa institutlarına işverənlik etmək nə zamandan siyasi reytinqli partiya sədri imici yaradıb? Bu baxımdan da adı üstündədir-satqın və xayənətkar. Dolanışığını və yaşayışını da satqınlığı hesabına əldə edir. Hər il bu metodunu işə salmaqla Avropanın ayrı-ayrı fondları tərəfindən qrantlar alıb, özünün maddi imkanlarını bir qədər də yaxşılaşdırır. Düzdür, İ.Məmmədov Avropanın bəzi mərkəzlərinin gözündən düşüb. Bunun da səbəbi AXCP sədri Əli Kərimlinin yaratdığı trol şəbəkəsinə qoşulmaqdan imtina etməsi ilə bağlıdır.

Əli Kərimli İlqar Məmmədovu özündən asılı vəziyyətə salıb

Qərbin və Avropanın məkrli dairələri Əli Kərimlini və Cəmil Həsənlini özlərinin Bakıdakı təmsilçisi hesab edirlər. Dağıdıcı ünsürlərə tapşırıqları və göstərişləri yalnız bu məxluqlar üzərindən həyata keçirirlər. Səbəbsiz yerə deyil ki, ABŞ Konqresmeni Kristofer Smit, ABŞ İnsan Hüquqları Komissiyasının sədri Tom Lantos. Nümayəndələr Palatasının üzvü, Komissiyanın həmsədri Chris Smith və digərləri Əli Kərimli ilə məktublaşır, onunla təxribatları hansı formada həyata keçirmək yollarını müzakirə edirlər. Bu baxımdan, birmənalı şəkildə demək olar ki, Əli Kərimli dağıdıcı müxalifətin başbiləni olmasa da xarici maraqlı dairələrin Bakıda əsas dayağıdır. İ.Məmmədovdan da tələb edirlər ki, Ə.Kərimlinin trolları sırasında yer tutsun. İ.Məmmədov isə Ə.Kərimlini özünün potensial rəqibi hesab etdiyindən tapşırıqlara boyun əyməkdən imtina edir. Bu da xarici maraqlı dairələrin ona inamsızlığının yaranmasına gətirib çıxarır. Bu münasibət İ.Məmmədovu narahat etsə də, vəziyyətdən çıxış yolu da tapa bilmir. Gücü yalnız sərsəm, məntiqsiz fikirlər səsləndirməyə çatır. Ümumiyyətlə görünən ondan ibarətdir ki, bu partiyanın funksioner tipli məxluqlarının hər biri İlqar Məmmədov kimi baş-ayaq danışırlar. Yəni, məxluqların iş-gücləri ancaq proqnozlar verməkdən, nəyəsə və kiməsə yamaq vurmağa cəhd etməkdən ibarətdir. ReAl partiyasının icra katibi Natiq Cəfərlinin sosial şəbəkədə paylaşdığı statusunu oxuduqdan sonra tam əmin oldum ki, bu partiyanın hər bir yetkilisi elə İ.Məmmədov ağıldadır. Belə demək mümkündürsə, bir bezin qırağıdırlar. Natiq Cəfərli yazır: "Bu gün hələ də fövqəldövlət sayılan ABŞ belə müstəqil siyasət yürütmür, yürüdə də bilməz, müxtəlif maraqları nəzərə almağa məcburdur, amma öz maraqlarını öndə tuta bilməyə çalışan siyasət yürütməyə çalışır. Rusiya da müstəqil siyasət yürütmür, atdığı addımlarda bir çox ölkələrin marağını nəzərə alamağa məhkumdur. Bu gün isə Çindən asılı vəziyyətə düşmüş bir ölkə statusundadır ki, bu da müstəqil siyasət yürütmək imkanını məhdudlaşdırır. Çin isə heç müstəqil siyasət yürütməyə can da atmır, öz maraqlarını uzlaşdırmağa çalışır, bu gün Çin dünya ölkələrindən ən çox qarşılıqlı asılı olan dövlətdir".

Bu məxluqun düşüncəsinə görə, dünyada müstəqil siyasət yürüdən, bəşəriyyətin inkişafına, xalqların iqtisadi rifahına, təhlükəsizliyinə xidmət edən dövlət yoxdur. Təklifi və ideyası da olmadığı üçün bu məxluqun nə demək istədiyini, məqsədinin nədən ibarət olduğunu da aydınlaşdırmaq mümkün deyil. Sadəcə sayıqlayır və son cümləsinə qədər də öz ampluasını qoruyub saxlayır. Bununla da bir daha cəmiyyətimizə aydın olur ki, dağıdıcı müxaliflərin arasında sağlam düşünən, ağllı fikir yürüdən şəxs yoxdur. Atalar misalında deyildiyi kimi: "beşi birə, biri də heçə dəyməz".

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə