"Azərbaycan-Almaniya əlaqələri yüksək səviyyədə inkişaf edir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan davamlı inkişaf edən ölkədir. Azərbaycan dövlətinin xarici siyasətinin əsasını balanslaşdırılmış siyasət, müstəqilliyimizin beynəlxalq dayaqlarını daha da möhkəmləndirməyə istiqamətlənmiş qlobal layihələrin həyata keçirilməsi, dunyanın güclü dövlətləri və aparıcı beynəlxalq təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi təşkil edir". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan bütün ölkələrlə qarşılıqlı anlaşma, hörmət və heç bir dövlətin daxili işlərinə qarışmadan və bütün dünyada qəbul edilmiş demokratik prinsiplərə əsaslanan müstəqil siyasət həyata keçirir: "Bu gün Azərbaycanın istər daxili, istərsə də xarici siyasəti sürətlə inkişaf etməkdədir".

Deputat bildirib ki, dövlətimizin xarici siyasətində önəmli yer tutan məsələlərdən biri də, Avropada və dünyada söz sahibi olan güclü dövlətlərlə siyasi-iqtisadi və strateji əməkdaşlıqların və tərəfdaşlıqların qurulmasıdır: "Avropada belə dövlətlərdən biri də Almaniya Federativ Respublikasıdır. Almaniya-Azərbaycan əlaqələri böyük potensiala malikdir. Müstəqil xarici siyasət kursuna malik olan, Cənubi Qafqazın lider dövləti qismində çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Azərbaycan-Almaniya münasibətləri strateji əhəmiyyət kəsb edir. Azərbaycanla Almaniya arasında dərin tərəfdaşlıq münasibətləri mövcuddur və əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etməkdədir".

Müsahibimiz sonda qeyd edib ki, fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi: "Dövlətimizin başçısı alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd etdi.Prezidentimizin bu görüşdə toxunduğu ən önəmli məsələ sülh prosesi ilə bağlı idi".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə