"Uğur qazanan ölkə kimi tarixə düşəcəyik" - MÜNASİBƏT BİLDİRİLDİ

"COP29 tədbirinin ölkəmizdə keçirilməsi çox əhəmiyyətli hadisədir". Bu sözləri SİA-ya açıqlamasında Ekoloq, Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar deyib.

O bildirib ki, bu tədbir BMT-nin iqlim dəyişikliyi konfransı olaraq bir çox ənənələrə malikdir: "Tədbirin rəsmi adı Tərəflərin Konfransı kimi tərcümə olunur. Amma bu, Beynəlxalq İqlim Dəyişikliyi Konfransı kimi də tanınır. Çünki ətraf mühit problemləri, iqlim dəyişikliyi kimi qlobal problemlərin diqqətdə saxlanılması, dünyada karbon qazı tullantılarının sənaye inqilabından əvvəlki həddə qaytarılması kimi çox böyük hədəfləri var. Bu tədbirin Azərbaycanda keçirilməsi bizim üçün xüsusi bir əhəmiyyətə malikdir. Tədbir, onsuz da, hansısa ölkədə keçiriləcəkdi. Məhz Azərbaycanda keçirilməsi Azərbaycanın bir dövlət olaraq siyasi arenada, beynəlxalq müstəvidə nüfuzunun artmasına gətirib çıxaracaq.

Bu tədbirin bizim üçün xüsusi əhəmiyyəti bir də ondan ibarətdir ki, bizim dövlət başçısı iqlim, ətraf mühit problemlərinə xüsusi diqqət ayırır. Bu, bizim üçün çox əhəmiyyətlidir. Adətən iqlim problemləri, ekoloji, ətraf mühit problemləri ilə məşğul olan, bu problemləri qayğı kimi görən insanlar qeyri-rəsmi şəxslər olurlar. Onların iqlim problemlərində hər hansı qərarverici statusu olmur. Ona görə də onların cəhdləri təbliğat səviyyəsindən o tərəfə keçə bilmir. Çünki bizim əlimizdə hər hansı vasitə, səlahiyyətlər yoxdur ki, qərar verək. Belə bir qayğını öz üzərinə götürən dövlət başçısı isə bizə çox böyük ümidlər verir. Bu, bizim cəhdlərimizin, ətraf mühit problemlərinin həllindəki çabalarımızın, həqiqətən, nəticə verəcəyi haqqında bizdə ümidlər yaradır. Çox inanıram ki, bu ümidlərimiz cənab İlham Əliyevin sayəsində reallığa qovuşacaq. Ona görə bu tədbirin Azərbaycanda keçirilməsinin də əsas səbəbkarı ölkəmizin dövlət başçısının bu istiqamətdəki planları və addımlarıdır. COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın artan nüfuzuna təkan verməklə bərabər ölkəmizdə ətraf mühit problemlərinin həllinə də səbəb olacaq. Buna çox inanıram və bundan əminəm.

Azərbaycanın dövlət başçısı tərəfindən 2024-cü ilin "Yaşıl enerji ili" elan olunması da xüsusi əhəmiyyətə malikdir. Bu Beynəlxalq İqlim Dəyişikliyi Konfransının Azərbaycanda keçirilməsi ilə üst-üstə düşür. Bütün bu sadalananlar onu göstərir ki, Azərbaycan tezliklə ətraf mühit problemlərinin həllində uğur qazanan ölkə kimi də tarixə düşəcək".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə