"Almaniya bu məsələdə neytral mövqedən çıxış edir" - MÜNASİBƏT BİLDİRİLİB
"Fevral ayının 14-də Azərbaycan Parlamentində Prezident İlham Əliyev andiçmə mərasimi zamanı vurğulayıb ki, Ermənistanla danışıqların ikitərəfli formatda keçirilməsinin tərəfdarıyıq: "Vasitəçilər gedib öz işləri ilə məşğul olsunlar, onların özlərinin xeyli problemləri var. Biz birbaşa təmaslar nəticəsində həllini gözləyən məsələləri tənzimləmək istəyirik". Dövlət başçısının bu prinsipial və qətiyyətli mövqeyi artıq beynəlxalq aləmdə də qəbul edilməkdədir". Bunu SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.
"Bunun təsdiqi kimi qeyd edə bilərik ki, Münxendə keçirilmiş Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltz Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşünü təşkil etdi. O, vasitəçilik missiyasını həyata keçirmədi, sadəcə bir koordinator olaraq görüş təşkil etdi və zalı tərk etdi. Almaniya bu prosesdə ev sahibi funksiyasını yerinə yetirdi",- deyə o əlavə edib.
Deputat sözlərinə davam edərək bildirib ki, Münxen danışıqları çərçivəsində əldə edilmiş razılığa əsasən, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında fevral ayının 28-29-da Berlin şəhərində görüş keçirildi: "Bu da Berlin formatı kimi qeyd edilə bilər. Berlin formatının özəlliyi ondan ibarətdir ki, birbaşa ikitərəfli danışıqlar çərçivəsində baş tutur. Yəqinki bu danışıqlar Azərbaycanın irəli sürdüyü beş məlum baza prinsipi əsasında həyata keçirilir. Eyni zamanda, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz sülh müqaviləsinin mətnini də təqdim etmişik. Ermənistanın da həmin mətnlə bağlı bu və ya digər qeydləri olur. Həllini gözləyən məsələlər var. Azərbaycanın mövqeyi isə ondan ibarətdir ki, ən qəliz məsələləri süıh müqaviləsini imzaladıqdan sonra da həll etmək mümkündür. Yəni, ikitərəfli sülh müqaviləsi imzalandıqdan sonra növbəti mərhələdə sərhədlərin delimitasiya və demarkasiya məsələlərinə qayıtmaq olar. Təki Fransa Prezidenti Emmanuel Makron Ermənistanı silahlandırmaqla sülhlə bağlı razılaşmalara maneçilik törətməsin. Təəssüf ki, bu gün belə bir proses davam etməkdədir. Amma Almaniya tərəfi neytral mövqedən çıxış edir ki, bu da Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü üçün Berlin şəhərinin keçirilməsində xüsusi rol oynayıb".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB