"Ermənistan Rusiyadan qoparaq Qərbə yanaşacaqsa, böyük zərbə ala bilər" - POLİTOLOQ BİLDİRDİ

“Ermənistanın KTMT-də fəaliyyətini dayandırması açıq şəkildə Qərbə inteqrasiya etmək və Rusiyadan uzaqlaşmaq niyyətindən irəli gəlir. Praktiki olaraq fəaliyyətini nə qədər dayandırmaq istəsə də, bugünkü gündə Ermənistanda Rusiyanın 102-ci hərbi bazası var, rus silahlı qoşunları Türkiyə və İranla dövlət sərhədlərini qorumaqdadır”. Bu barədə SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Rusiyanın Ermənistan ordusu daxilində böyük nüfuzu hələ də qalır: “Bütün bunlar Ermənistanın KTMT-də fəaliyyətini dayandırmasından sonra ölkə daxilində baş verə biləcək müəyyən proseslərə təsir göstərə bilər. Düşünmürəm ki, Rusiya bunu asanlıqla həzm edəcək və Ermənistanın Qərbə inteqrasiyasına rahat şərait yaradacaq. Gürcüstan bir zamanlar Rusiyadan qopub Qərbə inteqrasiya yolunu tutmaq istədi və nəticədə iki ərazisini itirdi. Hələ də bunu bərpa edə bilmir”.

Politoloq qeyd edib ki, Ermənistan bu siyasəti tutacaqsa, Rusiyada qoparaq Qərbə yanaşacaqsa, bu, ona böyük bir zərbə ola bilər. Ermənistanın bu addımı Rusiyaya qarşı ciddi zərbə olacaq və əks-zərbə edə bilər. Hətta bu hadisə Nikol Paşinyanın hakimiyyətinə də böyük təsir göstərə bilər. Təbii ki, belə olduğu təqdirdə bölgədə yenidən qarışıqlıq yarana bilər. Qərblə Rusiya arasında Ermənistan daxilində ciddi toqquşma yaranacağı ehtimalını da nəzərdən qaçırmaq olmaz".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə