"İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında qalib Lider kimi iştirak etdi" - ŞƏRH EDİLDİ

"İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında qalib Lider kimi iştirak etdi" - ŞƏRH EDİLDİ

"Münxen Təhlükəsizlik Konfransı cənab İlham Əliyevin prezident seçildikdən sonra iştirak etdiyi ilk beynəlxalq tədbir idi. İlk dəfə idi ki, Azərbaycan hansısa təşkilatın nümayəndəsi və ya ölkənin rəhbəri ilə görüşmək üçün əvvəlcədən müraciət etməmişdi. Göründüyü kimi, cənab Prezidentin çoxsaylı görüşlərinin hamısı qarşı tərəfin xahişi ilə baş tutub". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti Münxen Konfransında qalib ölkənin qalib Lideri kimi iştirak edib: "Azərbaycan bir daha insan hüquqlarının qorunması yolu ilə getdiyini, özünün müstəqilliyini həmişə qoruyacağını və bütün məsələləri beynəlxalq hüquqla həll etməyə üstünlük verəcəyini bir daha nümayiş etdirdi.

Hətta ABŞ-nin Dövlət katibi də Prezident İlham Əliyevlə görüşmək istəyib və iki dövlət arasındakı münasibətləri, Azərbaycanın regional və beynəlxalq layihələrdə iştirakını müzakirə ediblər. Azərbaycan bu gün dünya birliyində nüfuzu olan, əməkdaşlıq üçün maraq doğuran ölkələrdən biridir. Ölkəmiz beynəlxalq hüquqa hörmətlə yanaşır, üzərinə götürdüyü öhdəliyi sonadək yerinə yetirir, öz imkanlarını suveren hüquqlarını qorunmasına və beynəlxalq birlikdə əmin-amanlığın yaranmasında xidmətlər göstərir. Münxen Təhlükəsizlik Konfransında Azərbaycan rəhbərinin iştirakı bir daha göstərdi ki, dövlətimiz dünya təhlükəsizlik sisteminin ayrılmaz bir hissəsidir. Azərbaycansız təhlükəsizlik sistemi, regional əməkdaşlıq yoxdur. Ölkəmizin qazandığı nüfuz, dövlət başçısının xüsusi hörməti ortaya qoyur ki, Azərbaycan bundan sonra da beynəlxalq birıikdə əməkdaşlıq üçün arzuolunan dövlət kimi özünü göstərəcək".

Deputat sözlərinə davam edərək bildirib ki, Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidentinin iştirakının mühüm bir siyasi ştrixi də göz qabağında baş verib: "ATƏT-in sədri ilə görüşdə Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupuna ehtiyac olmadığını, münaqişənin artıq başa çatdığını bildirdi. Cənab Prezident ATƏT rəsmisi ilə görüşdə Azərbaycanın öz ərazi bütövlüyünü artıq öz gücünə həll etdiyi ilə bağlı möhkəm iradəsini ortaya qoydu".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə