"İrandan keçirilən bütün narkotiklər məqsədyönlü xarakter daşıyır" - RƏYLƏR
Son zamanlar Azərbaycan ərazisinə İrandan keçirilməyə çalışılan narkotikin həcmi olduqca artıb. Bu İranın növbəti təxribatıdırmı? SİA mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa və siyasi şərhçi Aqşin Kərimovun fikrini alıb.
Fazil Mustafa bildirib ki, İrandan keçirilən bütün narkotiklər məqsədyönlü xarakter daşıyır: “Bu artıq bir dövlət siyasətidir. Ona görə də biz cəmiyyətimizin bu istiqamətdə həssaslığını artırmalıyıq. Təəssüf ki, narkomaniyaya qarşı mübarizənin effektiv metodunu tapa bilməmişik. Bunun üzərində işləmək, cəmiyyətdə narkotikin fəsadları ilə bağlı çox ciddi aparılmalıdır. Çünki bu bizim gələcəyimiz üçün ən böyük təhlükələrdən biridir. Artıq bu təhlükə əlamətləri özünü törədilən bütü cinayətlərdə göstərməkdədir. Faiz etibarilə baxsaq görərik ki, həbsxanalarda narkotik vasitə ilə cinayət törədənlərin sayı artmaqdadır. Bunlar çox təhlükəli simptomlardır, qarşısı alınmalıdır”.
Aqşin Kərimovun sözlərinə görə, bəzi region ölkələrindən qaynaqlanan narkotik vasitələrin dövriyyəsi və bu məqsədlə Azərbaycan ərazisindən tranzit kimi istifadə edilməsi təhdid faktorları sırasında yer alır: “Azərbaycan regional narkotik ticarət yolunun əsas hissəsini təşkil edən Transqafqaz nəqliyyat yolunun üzərində yerləşir. Aparılan araşdırmalar və beynəlxalq hesabatlara əsasən qeyd etmək olar ki, tranzit keçid kimi Azərbaycandan istifadə edilməklə dövriyyədə olan narkotik vasitələrin ölkəyə ilkin giriş ölkəsi İran və əsas mənşə ölkəsi isə Əfqanıstandır. Sözsüz ki, bu qanunsuz şəbəkənin qlobal şaxələnməsi də prosesin qarşısının alınmasında çətinliklər törədir. Buna görə də, İrandan Azərbaycana narkotiklərin keçirilməsinə cəhdlər daimi bir tendensiya halını alır”.
O qeyd edib ki, Azərbaycan hüdudlarından kənarda yerləşən “ağ ölüm laboratoriyaları”nın məqsəd və funksiyalarının daha ambisiyalı gündəliklə hərəkət edəcəyini belə proqnozlaşdırmaq olar: “Çünki beynəlxalq siyasi və təhlükəsizlik nizamının format edilməsinə cəhdlər fonunda leqal arteriyalarda boşluq yaranır. Bu boşluqlara qeyri-leqal şəbəkələr və qruplar özlərinin narkotik ticarəti, silah alveri ilə sızıb yerlərini bərkitmək istəyəcəklər. Cinayətkar məqsədlər alternativ və böyükhəcmli qazanc gətirdiyinə qanuni tranzit keçidlərdə canlanma müşahidə edilməsi halları təəcüblü gəlməməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB