Azərbaycan artıq orta güc kateqoriyasına aid olan ölkələrdəndir - DEPUTATIN ŞƏRHİ

Azərbaycan artıq orta güc kateqoriyasına aid olan ölkələrdəndir - DEPUTATIN ŞƏRHİ

“Əvvəla qeyd etmək lazımdır ki, Münhendə keçirilən illik konfrans dünyanın demək olar ki, bütün təhlükəsizlik, humanitar, beynəlxalq münasibətlərin müzakirə olunduğu platformadır. Qlobal nizam məsələləri təbii olaraq bu konfransın bütün fəaliyyətlərində mühüm rol oynayır və ona görə də əhatə dairəsi və ölçüsü ilə fərqlənən çoxsaylı tədbirlər təşkil edilir. Bu tədbirə Azərbaycan Prezidenti İlham Əliyevin dəvət edilməsi ölkəmizin dünyada nüfuzundan, adıçəkilən problemlərin həllindəki fəaliyyətindən və ən əsas da dövlət başçımızın dünya siyasətində tutduğu mövqedən qaynaqlanır. Bu gün dünya birliyi Azərbaycanla hesablaşır, reallıqları qəbul edir. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin istər daxili, istərsə də regional siyasətində dəqiqlik, balanslılıq və ədalət prinsipi var. Bu da Prezidentimizin keçirdiyi görüşlərdə üstünlüyü təmin edən nüanslardandır”. Bunu SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, Münxendə keçirilən konfrans çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşlər qarşı tərəfin müraciətinə əsasən baş tutub: “ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq, İtaliyanın "Leonardo" şirkətinin baş həmdirektoru Lorenzo Mariani, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso və digərləri Azərbaycan Prezidenti ilə məhz qarşı tərəfin müraciəti əsasında reallaşıb. Prezidentimizin şəxsi nüfuzu hər keçən gün artır. 44 günlük müharibədən sonar ölkəmizlə yeni münasibətlər yaratmaq, yaxud köhnə əlaqələrə yeni nizam verən ölkələrin sayı kifayət qədərdir. Bütün bunlar, bilirsinizmi nəyə görə baş verir? Çünki, Azərbaycan öz təhlükəsizliyini özü qoruya bilir, ədalətlidir, qonşu ölkələrlə sülh şəraitində yaşamaq istəyir, müharibəni danışıqlam masası ilə əvəzləməyə çalışır. Ermənistanla 30 il davam edən münaqişənin son anda müharibəyə çevrilməsi və işğal altındakı torpaqları 44 günlük müharibədən sonra azad etməsi, BMT TŞ-nin 4 qətnaməsini təkbaşına yerinə yetirməsi, müstəqil, inamlı və uğurla həyata keçirilən xarici siyasət ölkəmizin və önun Prezidenti İlham Əliyevin nüfuzunu yüksəltdi. Bu gün dünya liderləri Prezidentimiz İlham Əliyevlə görüşmək üçün təkidlə xahiş edirlər. Azərbaycanın xarici siyasəti artıq qlobal xarakter daşıyır. Xarici siyasətin konturlarını dövlət başçısı inaqurasiya mərasimində səsləndirib. Azərbaycan Prezident İlham Əliyevin ardıcıl, balanslı, başqalarının maraqlarına hörmət əsasında formalaşdırdığı xarici siyasət kursu ölkəmizi nəinki regional, o cümlədən dünyada orta güc hesab olunan ölkələr kateqoriyasına daxil edib. Bu isə artıq Azərbaycanın növbəti qələbəsidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə