"Azərbaycanın məkan olaraq seçilməsi böyük uğurdur" - ŞƏRH EDİLDİ

"Azərbaycanın məkan olaraq seçilməsi böyük uğurdur" - ŞƏRH EDİLDİ

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi üçün məhz Azərbaycanın məkan olaraq seçilməsi böyük uğurdur və xüsusi əhəmiyyət kəsb edir. Çünki bu tədbir sıradan beynəlxalq bir konfrans deyil, bu, dünyanın qorunmasına və gələcəyə hesablanan platforma mərkəzidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Politoloq bildirib ki, belə qərarın qəbulu sözsüz ki, ölkəmizə olan etimadın göstəricisidir: “Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, xarici siyasət sahəsində atılan uğurlu addımlar, dövlət siyasətimizin ekoloji problemlərə münasibətdə ardıcıl, məqsədli və sistemli şəkildə formalaşması dünya miqyasında ölkəmizin mövqelərinin xeyli güclənməsinə səbəb olub. Önəmli məqmlardan biri də COP29 konfransının Bakıda keçirilməsi ilə bağlı qərarın beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olması ilə bağlıdır. Başqa sözlə desək, ölkəmizin COP29 konfransına ev sahibliyi yekdil qərarla təsdiqlənib. Bu isə təsadüfi deyil və bi sıra amillərlə bağlıdır. Bu amillərdən biri ölkəmizin beynəlxaql tədbirlərin keçirilməsi ilə bağlı təcrübəsinin olmasıdır. Azərbaycan son illərdə beynəlxalq miqyasda bir çox tədbirlərə uğurla ev sahibliyi edib və kifayət qədər böyük təşkilatçılıq təcrübəsi var. Bu mənada Bakının COP29-un tələblərinə və standartlarına da cavab verəcəyi heç kimdə şübhə doğurmayıb.

Bəzi anti-Azərbaycan qüvvələrin və Fransa, Almaniya kimi ölkələrin bizə qarşı qaralama kampaniyası apardığı və əsassız ittihamlarla suçladığı bir vaxtda beynəlxalq ictimaiyyətin Azərbaycana etimad göstərməsi və belə bir mötəbər tədbirə ev sahibliyinə namizədliyimizi dəstəkləməsi heç şübhəsiz ki, Azərbaycana beynəlxalq aləmdə olan hörmətin nəticəsidir. Başqa sözlə desək, Qərb ölkələrinin və beynəlxalq qurumların Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsi, onların Azərbaycanın qələbəsi ilə barışmaq istəməməsi COP29-un Bakıda keçirilməsini əngəlləyə bilərdi. Lakin dünya ictimaiyyəti Fransanın və digərlərinin diktəsi ilə yox, sağlam təfəkkürə əsaslanaraq, Azərbaycana öz dəstəyini ifadə etdi. Dünya birliyinin bu qərara imza atması bir daha onu göstərdi ki, bizə qarşı irəli sürülmüş ittihamların heç bir əsası yoxdur.

COP29 beynəlxalq konfransının Bakıda keçirilməsi həm də malik olduğumuz potensialı bütün dünyaya göstərmək baxımından da önəmlidir. Belə ki, indiyə qədər əsas etibarilə neft-qaz ixracatçısı kimi tanınan Azərbaycan, indi də özünü dünyaya yaşıl enerji ölkəsi kimi təqdim edəcək. Bu cür irimiqyaslı beynəlxalq tədbirə ev sahibliyi etmək sözsüz ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq Azərbaycanın bu məsuliyətli işin öhdəsindən ləyaqətlə gələcəyi qətiyyən şübhə doğurmur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə