"20 Yanvar hadisəsi baş verməyə bilərdimi?" - MÜNASİBƏT BİLDİRİLDİ

"20 Yanvar hadisəsi baş verməyə bilərdimi?" - MÜNASİBƏT BİLDİRİLDİ

"Hər dəfə 20 Yanvar ərəfəsində 1990-cı ildən etibarən sual olunur ki, bu hadisələr olmaya bilərdi?" Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın Tarix İnstitutunun elmi işçisi, tarixçi alim Paşa Həsənli deyib.

Bu qırğından qaçmaq olardı? Həmin suallar aktuallığını bu gün də saxlayır. Mənim fikrimcə, bu hadisələr olmaya bilərdi. Azərbaycanda Qarabağ məsələsindən başlamış milli-azadlıq hərəkatı, sovet imperiyasını sarsıdırdı. Dünyada nadir hərəkatlardan idi ki, əqidəsindən, sosial vəziyyətindən, etnik, dini mənsubiyyətindən asılı olmayaraq geniş xalq kütlələrini əhatə edən nadir hərəkat idi. Bu hərəkat səngisəydi, geriyə addım atsaydı, bəlkə də 20 Yanvar hadisələrindən qaçmaq olardı. Sovet ittifaqının Azərbaycana hücumu, bəlkə də, bu miqyasda baş tutmazdı. Bunun üçün hərəkat zəifləməli, geriyə addım atılmalı idi. 20 Yanvar hadisəsinə xalqın reaksiyası çox dərin etiraz hərəkatı idi ki, səngiməyi mümkün deyildi, mexanizm işə düşmüş, millət atılmışdı. Milli-ideoloji sistem 100 il əvvəl formalaşmış, yarımçıq qalmış dövlətçiliyin bərpası, idealları, sovet hakimiyyətinə qarşı inamın itməsi hərəkatın zəifləməsinə imkan vermirdi. Ona görə 20 Yanvar hadisələri, sovet ittifaqının Azərbaycana hücumu, nə hərəkata rəhbərlik edən xalq cəbhəsinin, nə də millətin ayrı-ayrı qruplarından asılı məsələ deyildi. İmperiyanın verdiyi qərarla Azərbaycan xalqı susdurulmalı idi. Çünki Azərbaycan xalqını susdura bilsəydi, digər xalqları rahatlıqla susdura bilərdi. Azərbaycanda gedən hərəkat digər sovet respublikalarının heç birində getmirdi. Görk etmək üçün Qorbaçovun planlarına əsasən Azərbaycan susdurulmalı idi. Buna görə addım atıldı. Bizim tarixi zərurətdən doğan hərəkatımız səngimədiyinə görə 20 Yanvar hadisələrindən qaçmaq mümkün olmadı. Ola bilsin 20 Yanvarda yox, digər aylarda, 1990-cı ildə yox, digər illərdə baş verərdi. Hansısa mərhələdə mütləq baş verməli idi. Azərbaycan xalqı geri çəkilmirdi. Sovet imperiyası isə imperialist maraqlarını güdürdü, milləti susdurmağa çalışırdı. İmperiya maraqları ilə Azərbaycan xalqının maraqları toqquşmuşdu".

Onun sözlərinə görə, 20 Yanvar hadisələri dönüm nöqtəsinə çevrildi: "Təkcə Azərbaycan tarixində deyil, Sovet imperiyası xalqları tarixində dönüş nöqtəsi oldu. 20 Yanvara qədər Azərbaycan xalqının milli-azadlıq hərəkatı ərazi bütövlüyü uğrunda gedən hərəkat idi. Milli dövlətçiliyin bərpası idealları olsa da, amma bütün hərəkatı əhatə etməmişdi. Hələ Sovet ittifaqının qalmasına imkan var idi. 20 Yanvar günü əslində Sovet ittifaqı güllələndi. 22 yanvarda şəhidlərimizin dəfnində 2 milyondan artıq insan iştirak etdi. 20 Yanvardan sonra 40 gün ərzində bütün Azərbaycan matəm elan etdi. Təkcə Azərbaycanda yox, SSRI-nin başqa yerlərində yaşayan azərbaycanlılar da matəm elan etdilər. Bizə qardaş olan xalqlara çox böyük təsiri oldu. 20 Yanvarda bəlli oldu ki, Sovet rejiminin qalması mümkün deyil. Azərbaycan xalqı bundan sonra yalnız Qarabağ uğrunda deyil, həm də müstəqillik uğrunda mübarizəyə başladı. Mən hesab edirəm ki, SSRİ-nin dağılmasının bir nömrəli səbəbi Azərbaycanda gedən milli-azadlıq hərəkatı idi. Bunun da dönüş nöqtəsi 20 Yanvar hadisəsi oldu. Bu hadisədən sonra Sovet ordusu işğalçı orduya çevrildi. SSRİ düşmən dövlətə çevrildi. Bu baxımdan 20 Yanvar hadisəsi həm də dünya tarixində böyük əhəmiyyətə malikdir".

Tarixçi alim deyib ki, 20 Yanvar hadisələrini dünyaya kifayət qədər tanıda bilməmişik. Sovet ordusunun Bakıya hücumu, həm donanma, həm hərbi hava qüvvələri, quru qoşunları, hərtərəfli hücumla idi. Olan hadisəni dünyaya çatdıra bilmişik, bunu bilirlər. Geniş bilgi olmasa da, maraqlı olan siyasi qurumlar bilirlər. Lakin məsələnin əsl tarixi mahiyyətini bilmirlər. Azərbaycan xalq hərəkatının mahiyyətini təbliğ edə bilməmişik. Azərbaycanın elmi müəssisələri, ziyalıları, siyasətçiləri, sənətkarları bu hadisəni təbliğ edə bilərlər. Bu gün səsimiz daha gurdur, imkanlarımız daha genişdir. Müharibədən qalib çıxmışıq, qüdrətli dövlət olmuşuq. Sözümüz və səsimiz daha yaxşı eşidilir. Bunlardan istifadə edib millətimizin şərəf tarixini daha yüksək səviyyədə dünyaya çatdırmalıyıq. Bu, Azərbaycan haqqında təsəvvürlərin formalaşması üçün əhəmiyyətlidir. Mütləq 20 Yanvar hadisəsi təbliğ olunmalıdır, dünyaya çatdırılmalıdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə