ABŞ tərəfindən Azərbaycana qarşı müxtəlif istiqamətlərdə əsassız olaraq, həqiqətə uyğun olmayan şəkildə iddialar irəli sürüldüyünün, beləliklə də, qərəzli mövqe sərgiləndiyinin dəfələrlə şahidi olmuşuq. Onun da şahidi olmuşuq ki, Amerika Birləşmiş Ştatlarının rəsmi Bakıya qarşı qərəzli mövqeyinin, Vaşinqtonun ölkəmizə qarşı ədalətsiz yanaşmasının kökündə məhz erməni lobbisinin Azərbaycan əleyhinə həmin ölkədəki fəaliyyəti dayanır. Görürük ki, ABŞ məhz erməni lobbisinin təsiri altındadır və rəsmi Vaşinqtonun ölkəmizə qarşı mövqeyində həmin təsirlər yenə də özünü göstərməkdədir.
Dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı ABŞ Dövlət Departamentinin illik hesabatının Azərbaycana aid hissəsinin bu dəfə də əsassız, reallıqla heç bir əlaqəsi olmayan və qərəzli iddialardan ibarət olması təəssüf və eləcə də təəccüb doğurmaya bilməz. Əvvəla ona görə ki, Azərbaycan bütün dünya üçün dini və milli tolerantlıq nümunəsi olan ölkədir və ölkəmizə qarşı belə iddiaların heç bir əsası da yoxdur, bu iddialar həqiqətə də uyğun deyil. Digər tərəfdən də ona görə təəssüf və təəccüb doğurur ki, dini və milli tolerantlıqla bağlı ölkəmizə qarşı iddiaları olan ölkənin, yəni, Amerikanın özündə hansı ayrıseçkiliklərin hökm sürdüyü, qaradərililərə qarşı dözümsüzlük nümayiş etdirildiyi heç kim üçün sirr deyil və bunu bütün dünya ictimaiyyəti çox yaxşı bilirsə, hansı üzlə bütün dünya üçün dini və milli tolerantlıq nümunəsi olan ölkəyə, Azərbaycana qarşı belə iddialar irəli sürülür? Həm də axı ABŞ kimi böyük bir ölkənin erməni lobbisinin təsiri altında olması, ermənilər tərəfindən tərtib olunan hesabata istinad edərək, Azərbaycana qarşı iddialar irəli sürməsi də təəssüf və təəccüb doğurmaya bilməz. Çünki ABŞ Dövlət Departamentinin illik hesabatını tərtib edən ermənilər də, elə amerikalılar da yaxşı bilirlər ki, monoetnik ölkə, dini və milli dözümsüzlük nümayiş etdirilən, hətta etnik təmizləmə siyasəti yürüdən dövlət Ermənistandır. Belə olan halda, ermənilərin tərtib etdiyi hesabata istinad edən ABŞ, hansı qərəzlə Azərbaycana yanaşdığının mütləq fərqində olmalıdır.
Amerikalılar bir çox məqamların, ələlxüsus da dini və milli tolerantlıqla bağlı bir sıra məsələlərin artıq çoxdan fərqində olmalı idilər. Fərqində olmalı idilər ki, Azərbaycan təkcə indiki dövrdə yox, tarixən dini azadlığın hökm sürdüyü diyar olub. Azərbaycan xalqının dini və milli tolerantlığına şübhə belə etməyin nə dərəcədə qərəzli olduğunun ABŞ geç də olsa, fərqində olsun. Fərqində olsun ki, müxtəlif millətlərin nümayəndələrinin və müxtəlif dini inanclara, adət-ənənələrə sahib olan insanların qarşılıqlı anlaşma və qarşılıqlı hörmət şəraitində yaşaması Azərbaycan xalqı üçün tarix boyu bəşəri dəyər hesab olunub və xalqımızın toleranlıq ənənələri məhz bu baxımdan bütün dünyaya örnək, nümunədir. Hələ lap qədim zamanlardan bu günə qədər müxtəlif mədəniyyətlərin nümayəndələrinin, fərqli dini inanclara, adət-ənənələrə, fərqli mədəniyyətlərə mənsub insanların yaşadığı coğrafiyada olan Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkə olaraq tanınır və bu, heç də təsadüfi deyil. Azərbaycan ərazilərində müxtəlif dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar nəinki yayıla bilib, hətta biri-birinə qarşı hörmətlə yanaşılmasına görə nümunə olaraq qəbul olunmaqdadır. Fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın tarixən belə ənənələrinin olması bugünkü günə də siraət edib və əlbəttə ki, təsirsiz də ötüşməyib. Dünyada baş verən müharibələrin motivində məhz etnik-dini anlaşılmazlıqlar olduğu halda, katalizator da elə dini, milli dözümsüzlük olduğu halda, ölkəmizdə dini mənsubiyyətindən asılı olmayaraq kiməsə qarşı dözümsüzlük nümayiş etdirildiyi hələ bir dəfə də müşahidə edilməyib. Dünyanın ən inkişaf etmiş ölkələrində hətta eyni dinə, eyni adət-ənənələrə, eyni mədəniyyətə mənsub təriqətləri arasında çaxnaşmalar müşahidə edilsə də, bu günə qadər Azərbaycanda belə bir arzuolunmaz halla rastlaşmaq qətiyyən mümkün olmayıb. Hal-hazırda məhz etnik təmizləmə siyasətinə görə dünyanın 21 ölkəsində 12 milyonadək insan qaçqın və məcburi köçkün şəraitində yaşaması fonunda, Azərbaycana bu kimi mənfi halların heç birini şamil etmək mümkün deyil. Deməli, Azərbaycan dini və milli tolerantlıq baxımında da dünyaya nümunə olan ölkə hesab olunur.
Dini azadlıqla bağlı məsələlər Azərbaycanda müvafiq qanunvericilik çərçivəsində belə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının vicdan azadlığı ilə bağlı müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə əlaqədar qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların qeydiyyata alınması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müvəffəqiyyətlə həyata keçirilir və ölkəmizdə bütün dini icmalar bərabər hüquqlara malikdirlər. Məhz bu baxımda da cəsarətlə deyə bilərik ki, Azərbaycan dini və milli tolerantlıqda dünya dövlətlərinə uğurlu model, örnək, nümunədir. “Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür”, deyən Ulu Öndər Heydər Əliyev xalqımızın tolerantlıq ənənələrini hər zaman yüksək qiymətləndirib və onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayəçisidir. Azərbaycan xalqı və dövlətimiz bu gün də sülhün, əmin-amanlığın, qarşlıqlı anlaşmanın tərəfdarıdır. Azərbaycan bu gün qalib ölkə olsa da, yenə də Ermənistana normal qonşuluq münasibətlərinin davam etdirilməsi, sülh şəraitində yaşamaq təklifini irəli sürür, sülh müqaviləsi bağlamaq təklifi ilə çıxış edir.
Maraqlıdır, bütün bu sadalananları ABŞ barəsində söyləmək mümkündürmü? Əlbəttə ki, mümkün deyil. Amerikanın necə təşəkkül tapdığını, yerli aboregen tayfalara qarşı hansı vəhşiliklər törədildiyini, ərazilərinin onların əllərindən alındığını və həmin ərazilərdə bir dövlət yaradıldığını tarixi faktlar olaraq, hamı qəbul edir. Hər kəs bilir ki, ABŞ heç də yerli hindilərin dövləti deyil və onların əllərindən alınan, özü də qırğınlar, vəhşiliklər, zor hesabına alınan ərazilərdə yaradılan dövlətdir. Məgər bütün bəşəriyyət bilmirmi ki, ABŞ hansı ərazilərdə və necə yaranıb? Bəlkə həmin ölkədə yerli əhalinin, aborigenlərin dini azadlığı o vaxtdan bu vaxta qədər qorunduğunun şahidi olan var? Tək-tük sayda qalan yerli əhali Amerikada öz dini inancını qoruya bilməyib, çünki buna imkan verilməyib. Heç bir aborigen Vaşinqtonda, Nyu-Yorkda və digər şəhərlərdə azad şəkildə öz dini inancına sahib çıxa bilməz və həmin şəhərlərin hansınınsa mərkəzində yerli əhaliyə imkan verilməz ki, öz dini ayinlərini keçirsin. Əksinə, ABŞ tərəfindən qaradərililərə qarşı indi də necə ayrıseçkilik edildiyi göz önündədir. ABŞ vətəndaşları sadəcə dərilərinin rənginə görə təqib olunur, döyülür, qəddarcasına öldürülür. Üstəlik, sonradan bu cinayətlərin üstü açılmır, ölüm hadisəsinə görə kiminsə adekvat cəza aldığını görmürük. Amerika tarixinin “qara səhifələrini” ifşa edən Martin Lüter Kinq hələ keçən əsrin 60-cı illərində özünün tolerantlıqla bağlı arzularını belə ifadə edirdi: “Arzum budur ki, irqçiliyin dəhşətli dərəcədə yayıldığı, “məhv etmək” və “müdaxilə etmək” sözlərinin dildən düşmədiyi bu torpaqlarda bir gün ağdərili və qaradərili oğlan və qızlar əl-ələ verərək bacı-qardaş kimi gəzsinlər". Ağdərililərin Amerikasında quldarlığa və irqçiliyə qarşı mübarizə aparan bu şəxs 1968-ci ildə məhz qaradərili olduğu üçün qətlə yetirilmişdi. Kinqin gerçəkləşməyən Amerika arzusundan 50 ildən çox vaxt keçir və bu gün də ABŞ-da rasizm çiçəklənməkdədir. Görünür, ABŞ-da ənənələr unudulmayıb və Vaşinqtonun dünyaya insan haqları dərsi vermək iddiasının əksinə olaraq, bu gün də ayrıseçkilik ciddi cəhdlə davam etdirilir.
2015-ci ilin yazında qaradərili gənc Mixael Broun ağdərili Darren Uilson tərəfindən vurularaq öldürülməsi, 2020-ci il avqustun 21-də Luiziana ştatında baş vermiş daha bir hadisə, 31 yaşlı afroamerikalı Treyford Peller polis tərəfindən saxlanılarkən, yəqin ki, aqibətinin yaxşı olmayacağını düşünərək qaçmağa cəhd etdiyi zaman amansız polislər tərəfindən güllələnərək öldürülməsi, Pellerinin bədəninə 10-a qədər atəş açılması, bundan sonra etiraz aksiyalarının ölkənin bütün ərazisinə yayılması, geniş iğtişaşların baş verməsi də dünya ictimaiyyətinin diqqətindən yayınmayıb. O da diqqətdən yayınmayıb ki, həmin ölkədə irqi diskriminasiya ilə bağlı ABŞ-ın Ədliyyə Nazirliyi də xüsusi bəyanatla çıxış edib. Unudulan da deyil ki, bəyanatda qaradərili bir gəncin ağdərili polis tərəfindən öldürüldüyü Ferquson qəsəbəsində polisin qaradərili insanlara qarşı irqçi davranış nümayiş etdirdiyi də bildirilir. Nazirliyin hesabatında polisin qaradərili insanların hüquqlarını bir neçə dəfə pozduğu qeyd edilməsi özü də deyilənləri təsdiq edən məqamlardır. Amma görünən budur ki, özünü “demokratiya və azadlıq beşiyi” hesab edən, okeanın ortasında Azadlıq heykəli ucaldan bu ölkədə irqi və dini ayrı-seçkilik, bu xüsusda ikili standartlar hələ də hökm sürməkdədir. Görünən odur ki, dini və irqi ayrıseçkilik həm tarixi, həm də cari reallıq baxımından ABŞ üçün ən xarakterik məsələdir və hələ də bütün dünya ictimaiyyəti tərəfindən ən çox tənqidə məruz qalır. Belə olan halda, ABŞ Dövlət Departamentinin illik hesabatında hansı haqla, hansı üzlə, hansı əsasla Azərbaycana qarşı dini azadlıq kontekstində iddialar yer ala bilər? Ümumiyyətlə, bütün dünyada çoxsaylı müharibələri və qarşıdurmaları alovlandıran, milyonlarla insanın ölümünə, qaçqın vəziyyətinə düşməsinə, səfalət içində yaşamasına səbəb olan ABŞ, təkcə Azərbaycana deyil, hansısa bir ölkəyə qarşı hansısa iddiada, xüsusən də azadlıqların təmin olunması baxımından iddia ilə çıxış etmək haqqına mənəvi baxımdan da sahib deyil.
ABŞ Dövlət Departamentinin illik hesabatında ölkəmizə qarşı qərəzin yer almasında ən çox təəssüf doğuran həm də hesabatın ermənilır tərəfindən tərtib olunmasıdır. Həmin hesabatın Azərbayacana aid olan hissəsinin məhz dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan olan ictimai xidmət tərəfindən hazırlanması barədə rəsmi Vaşinqton məlumatsız ola bilməz. Sual oluna bilər ki, Ermənistanın etnik təmizləmə apardığını, Azərbaycanın isə tolerant bir ölkə olduğunu bilə-bilə ABŞ Dövlət Departamentinin illik hesabatında ölkəmizə qarşı niyə belə iddialar yer alır? Bunun adı qərəzdən başqa nə ola bilər axı? Azərbaycan ərazilərini 30 il işğalda saxlayan Ermənistan tərəfi bir dəfə də olsa, hansısa xüsusda günahlandırılmadığı halda, ərazilərimiz işğaldan tamamilə rəmizləndikdən sonra niyə ölkəmizə qarşı belə qərəz nümayiş etdirilir? Niyə yüz minlərlə azərbaycanlının öz doğma torpağından qovulması, 60 dan artıq məscidin, dini-mədəni obyektlərin darmadağım edilmısi nəzərə alınmır? Niyə bunlar nəzəzə alınmadan məhz öz ərazilərində xristian kilsələrini qoruyan Azərbaycan hədəfə alınır? Bütün bunlar o demək deyilmi ki, ABŞ Dövlət Departamentinin illik hesabatındakı ölkəmizə qarşı əsassız iddialar həmin ölkənin qərəzindən xəbər verir? Bəli, ABŞ Dövlət Departamentinin illik hesabatının Azərbaycana aid hissəsinin bu dəfə əsassız, reallıqla heç bir əlaqəsi olmayan iddiaları sözün əsl mənasında, qərəzdir. ABŞ bu dəfə də ölkəmizə qarşı olan qərəzini bütün dünyaya nümayiş etdirdi və ədalətsizliyini ortaya qoydu. Məhz bu ədalətsizliyin və qərəzin fonunda da istər Azərbaycan hakimiyyəti, istərsə də xalqımız bu tipli cızmaqaraları qətiyyən ciddi hesab etmir və dövlətimizin bundan sonrakı dövrdə də öz siyasətini milli maraqlara uyğun davam etdirəcəyinə ölkə vətəndaşları əmindirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB