Qeyri-xristianlar ABŞ-da daha çox ayrıseçkiliyə məruz qalırlar – DEPUTATIN ŞƏRHİ
“Azərbaycanda müxtəlif dinlərin, millətlərin nümayəndələri uzun illərdir ki, birgə yaşayır, taleyüklü məsələləri birgə həll edirlər. Ölkəmizi fərqləndirən cəhət də budur. Tarix boyu bu coğrafiyada yaşayan bütün dinlərin və etnosların təmsilçiləri bir-birlərinin mədəni və mənəvi baxışlarına sayğı göstəriblər. Azərbaycanda tarixin heç bir dönəmində dini və ya mili zəmində qarşıdurmalara rast gəlinməyib. Ölkəmizdə tolerantlıq ənənəsinin əsası qədim dövrlərə gedib çıxır. Bu münasibət müasir zamanda da dəyişməyib, əksinə, daha da dərinləşib. Nahaq yerə bunu milli və dini tolerantlığın Azərbaycan modeli adlandırmırlar. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ictimai-siyasi sabitliyin bərpa olunması bütün xalqların və dinlərin nümayəndələrinin əvvəlki tək mehriban şəkildə birgə yaşayışını təmin etdi. 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyasında ölkəmizdə yaşayan bütün azsaylı xalqların və dinlərin nümayəndələrinin hüquqları, vicdan azadlığı təsbit edilib”. Bunu ABŞ Dövlət Departamentinin müvafiq komissiyasının qərəzli hesabatına münasibət bildirən Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatında Azərbaycan haqqında yazılanlar qərəzlidir: “ABŞ Dövlət Departamenti həmin hesabatı Azərbaycanda araşdırma, sorğu aparmadan hazırlayıb. Ədalətli araşdırma aparsaydı, fərqli mənzərə yaranardı. Bütün bunlar qərəzli iddialardır. Azərbaycanda dini ayrıseçkiliyin olduğunu iddia edənlər özlərinə baxsınlar. Amerikada dini, milli və irqi ayrıseçkilk pik həddədir. ABŞ-da hər gün dini və milli zəmində toqquşmalar baş verir, amma faktlar gizlədilir, dünya mediasına, eyni zamanda beynəlxalq sənədlərə yol tapması əngəllənir. Qeyri-xristian dinlərə qarşı münasibəti bütün Avropa ölkələrində, o cümlədən Amerika qitəsində baş verən qanlı hadisələrdən də görmək olar. Son 3 ildə Amerika şəhərlərində qaralara qarşı ayrıseçkilik, heç bir səbəb olmadan zəncilərin polis tərəfindən güllələnməsi növbəti sübutlardır. ABŞ bütün dünyada çoxsaylı müharibələri və qarşıdurmaları alovlandıran, milyonlarla insanın ölümünə, qaçqın vəziyyətinə düşməsinə, səfalət içində yaşamasına səbəb olan dövlət kimi tanınır. Yaxın Şərqdə baş verənlər, Türkiyəyə qarşı ayrıseçkilik, Ermənistan-Azərbaycan münaqişəsində xristian ermənilərin işğalçı əməllərinə göz yumulması, Azərbaycanın dünya birliyi tərəfindən tanınan torpaqlarından işğalçı qüvvələrin qovulmasına Vaşinqtonun verdiyi reaksiya ABŞ-ın müsəlmanlara qarşı əsl niyyətindən xəbər verir, onun iç üzünü açır. Hesabata gəlincə, bunu hazırlayan “müəlliflər” niyə “araşdırmalar”ını yalnız qeyri-xristian ölkələrdə aparırlar? Hesabatı hazırlayan qrupun başında erməni əsilli Daniela Aşbaxyanın olması da çox mətləblərdən xəbər verir. Bu qadının Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olması isə qərəzin, ədalətsizliyin kulminasiyasıdır. Təəccüblü də burasıdır ki, bu erməni qadın Livanın Los Ancelesdəki konsulluğunda çalışıb. Halbuki, onun statusu Dövlət Departamentində işləməsinə qadağa qoyur. Nədənsə amerikalılar buna da göz yumublar. Məsələnin digər tərəfi isə, hesabatda qeyd olunan “faktlar”ın 2023-cü ildə Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərinin nəticələrinə uyğun hazırlanmasıdır. Hesabatı hazırlayanlar antiterror tədbirlərinin separatçılara, Ermənistan ordusunun qalıqlarına qarşı aparıldığını bilərəkdən diqqətdən kənarda saxlayaraq baş verənləri dinlə əlaqələndiriblər, ya da dini ayrı-seçkiliyə yozublar. Bundan başqa, bu hesabata dinlə heç bir əlaqəsi olmayan Qubad İbadoğlu, Abzas media və s. bu kimi işlərin də daxil edilməsi onun konkret siyasi məqsədə xidmət etdiyini göstərir. Hesabatın məğzi Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq üsullarını artırmaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB