"Yaşıl dünya naminə həmrəylik istiqamətində xalqımızın kifayət qədər təcrübəsi var" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"2023-cü il artıq başa çatmaq üzrədir. Azərbaycan xalqı 2023-cü il üçün nələri arzulamışdısa, onlar gerçəyə çevrildi. Məlum olduğu kimi, başa çatdırdığımız il "Heydər Əliyev ili" idi. Bu ildə qazandığımız ən böyük nailiyyət Azərbaycanın öz tarixində ilk dəfə olaraq bütövləşməsi, suverenliyinin bərpa olunması və üçrəngli bayrağımızın ölkənin hər yerində dalğalanması oldu. Təbii ki, bu qələbənin qəhrəmanları var. Bu qəhrəmanlar Müzəffər Ali Baş Komandan, onun yetişdirdiyi əsgər və zabitlərdir. Ümumilikdə 10 milyon və bu qədər insanı sevən dünya azərbaycanlıları sözügedən qələbəni əldə etmək üçün mümkün olanları etdilər. Azərbaycanı sevən, onun haqq işini müdafiə edən dövlətlərin başında Türkiyə dayanır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, Azərbaycanın dövlət başçısı 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə bağlı sərəncam imzaladı: "Azərbaycan enerji baxımından kifayət qədər güclü bir dövlətdir. Azərbaycan o enerjilərə üstünlük verir ki, onlar ekoloji cəhətdən ərazimizə ziyan gətirmir, problemlər yaratmır. Yaşıl dünya naminə həmrəylik istiqamətində Azərbaycan xalqının kifayət qədər təcrübəsi var. Bu təcrübə kifayət edir ki, biz dünya dövlətlərinə də yaşıl dünya naminə həmrəyliyi elan edək. Bu gün Azərbaycan dünyaya sülhü, ədaləti, xalqların həmrəyliyini, başqasının torpağına göz dikməməyi diqtə edir. Uzun illər boyu Azərbaycan Qarabağ problemini sülh yolu ilə həll etməyə çalışdı. Təəssüf ki, qarşı tərəf nəinki sülh danışıqlarından imtina etdi, hətta Azərbaycanı yeni torpaqlarını işğal etməklə hədələdi".
Deputat bildirib ki, ona görə də məcbur qalan Azərbaycan 44 günlük müharibə nəticəsində torpaqlarını işğal edən dövlətin ordusunu darmadağın etdi və onun havadarlarının arzusunu ürəyində qoydu: "Bu mənada yaşıl dünyaya təbliğ etdiklərimiz səmimi düşüncələrimizdir. Fürsətdən istifadə edərək 2023-cü ilin sonunda Dünya Azərbaycanlıların Həmrəylik günü münasibətilə xalqımızı ürəkdən təbrik edir və can sağlığı arzu edirəm. Əminəm ki, 2024-cü il Azərbaycana daha böyük uğurlar gətirəcək. Bu uğurlarla Azərbaycan dünyanın inkişaf etmiş dövlətlər sırasında öz uğurlu yerini saxlayacaq".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB