Həyatda Tanrının yaratdığı Varlıqlar yaşantılarının, mübarizələrlə dolu ömür yolunun bir hekayəsinin, romanının yaradıcısına çevrilirlər. Bu əsərlərin qəhrəmanları zaman ilə mücadilədə onilliklərin, qərinələrin təzadlı, ziddiyyətlərlə dolu bir dünyasını arxada qoyaraq, işıqlı və hamar yolda ömrün zirvəsində ötənlərin seyriçisi olurlar. Bərpa olunmayacaq zamanda çətin görünən məqamları aşıb, yola saldıqları illərə sakit nəzərlərlə tamaşa edir, dünən ilə bu gün arasında salınan körpüdə keçmişə qürurla dönüb baxırlar. Yüzlərlə, minlərlə oxucu, tamaşaçı bu ömür yolunun hər səhifəsini vərəqləyir, rejissor yozumunda verilən səhnələri maraqla izləyirlər. Ömrün ixtiyar çağında zəngin bir həyat yolunun müəllifi olan belə insanlarla həmsöhbət olub onların fikir düynasını dinlədikcə həyat yolunun işığı göz önündə canlanır. Müdrik insanlarla ömrünün ixtiyar çağında qarşı-qarşıya oturmaq qisməti sənə nəsib olduğunu anlayırsan və həqiqətən də həyat yolunda bir məktəb yaradan şəxslə. Bu, imzası tamaşaçı və oxuculara tanış olan və minlərə insanın məhəbbətini qazanan Marat Haqverdiyevdir. Bəs onun həyat yolu haradan, necə başlayıb?
Uzun illərdir ki, öz istedadı, gərgin əməyi ilə yaradıcılıq dünyasına bir-birindən fərqli əsərlər bəxş edən yazıçı, ssenarist, dramaturq, əməkdar mədəniyyət işçisi Marat Haqverdiyev mənalı və zəngin həyat yolu ilə özünəməxsus bir tərcümeyi-hal yazaraq, yaratdığı əsərləri ilə özünün zamanlara həkk olunacaq portretinin müəllifinə çevrilib:Marat Haqverdiyev portreti. Neçə onilliklərdə öz sənət dünyasını yaratmış yaradıcı ziyalı. Çətin bir sənəti özünə seçən qəhrəmanımız bu yolda yorulmadan çalışmış və yaşının bu çağında qələmini yerə qoymayaraq insan talelərini öz simalarında yaradaraq oxucuların ixtiyarına vermişdir. Ömürlərə bələd olmaq, onların dünyasına yaxın olmaq yaradıcı təxəyyülün məhsuludur.
BİR ŞƏCƏRƏDƏN SORAQLAR
Böyük bir şəcərənin nümayəndəsi olan Marat Haqverdiyev mənən zəngin bir ailənin ocağında boya-başa çatıb. Belə ki, atası Azərbaycan və Türkmənistanın əməkdar artisti Xanlar Haqverdiyev və anası Cahan Əfruz (Dilanova) şairə-dramaturq olub. Xanlar Haqverdiyev 1959-cu ildə Moskvada Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə iştirak etmiş, "Sevil", "Koroğlu" operalarında çıxış etmişdir. Lirik-dramatik tenor səs tembrinə malik olan Xanlar Haqverdiyev Məcnun, İbn Salam ("Leyli və Məcnun" - Ü.Hacıbəyli), Kərəm ("Əsli və Kərəm" -Ü.Hacıbəyli), Şah İsmayıl, Əlyar ("Şah İsmayıl", "Nərgiz" - M.Maqomayev), Qərib ("Aşıq Qərib" - Z.Hacıbəyli), aşıq ("Şahsənəm" - R.Qlier) və s. partiyalar ifa etmişdir.
Anası Cahan Əfruz (Dilanova) şairə-dramaturq kimi tanınmışdır. "Şeirlər", "Dağlar", "İki ana", "Sevgi sətirləri", "İki bayram" kitabları rus, ispan, türkmən, hind dillərinə tərcümə olunub. Cahan Əfruzun "Qanqın böyük dalğası", "Tahirin aqibəti" və başqa əsərləri 70-ci illərdə Moskvada səhnələşdirilib. Onun "İlham pərisi", "Gəldim ki, deyəm sevirəm" faciəsi sonralar Azərbaycan səhnəsində və başqa respublikaların səhnəsində dəfələrlə tamaşaya qoyulub.
YOLLARA SALINAN İZLƏR
İki istedadlı sənətkarın əhatəsində boy atan Marat Haqverdiyev uşaqlıqdan rəssamlığa böyük maraq göstərsə də, orta məktəbi bitirərkən memar olmağa qərar verir. Arzusu onu 1956-cı ildə Azərbaycan Politexnik İnstitutuna gətirir və bu təhsil ocağının memarlıq fakültəsinə daxil olur. Amma incəsənətə olan marağını heç nə üstələyə bilməyir və institutun xalq çalğı alətləri ansamblı və estrada orkestrinin solisti kimi sovet respublikalarında qastrol səfərlərində olur. Ömrünün təxminən 40 ilini Mədəniyyət Nazirliyinin nəzdində Tarix və Mədəniyyət Abidələrinin Bərpası İdarəsində müxtəlif vəzifələrdə işləyib. Respublikanın tarix və mədəniyyət abidələrinin, o cümlədən Akademik Opera və Balet Teatrı, Rəşid Behbudov adına Mahnı Teatrı, muzeylər, məscidlər, mədrəsələr, qala və türbələrin bərpası ilə məşğul olub.
Ötən əsrin 70-ci illərində ədəbiyyata tərcüməçi kimi gələn Marat Haqverdiyev anasının əsərlərini - şeirlərini, poemalarını rus dilinə çevirir. Anası dünyasını dəyişəndən sonra belə qərara gəlir ki, onun yolunu davam etdirsin. Yaradıcı mühit əhatəsində ilk dram əsəri "Ailədə məhkəmə" komediyasını yazır. "Anam həmişə deyərdi ki, sən də əsərlər yaz. Mən yazırdım, amma deməyə utanırdım... O bunu heç vaxt bilmədi"- deyir Marat Haqverdiyev. Beləliklə, ilk dram əsəri Lənkəran Dövlət Dram Teatrında Baba Rzayevin quruluşunda səhnəyə qoyulur. Bir il sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor Mərahim Fərzəlibəyov Marat Haqverdiyevin "Məhəbbət, şeytan və lambada", ardınca "Məşuqələr" pyesini tamaşaya qoyur. Hər iki əsər teatr aləmində böyük rezonans doğurur. 1992-ci ildə "Ah, qadınlar, qadınlar" komediyasını yazıb xalq artisti Həsənağa Turabova təqdim edir və Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Mərahim Fərzəlibəyov bu əsəri tamaşaya qoyur. Çox keçmir ki, bir il sonra "Qısqanc ürəklər" komediyası teatrda Mərahim Fərzəlibəyovun quruluşunda səhnələşdirilir. Komediya rejissorun yozumunda uğurlu səhnə həyatını yaşayır. Uğurlu yolda müəllifin "Fədakarlıq", "Sənsiz yaşaya bilmərəm", "Məhəbbət əzabları", "Məhəbbət yaşa baxmır" və başqa pyesləri bir-birinin ardınca müxtəlif teatrların səhnəsində tamaşaya qoyulur.
AZƏRBAYCANDAN TÜRKİYƏ SƏHNƏSİNƏ
Çoxşaxəli yaradıcılıq imkanlarına malik olan yazıçı dram əsərləri ilə yanaşı, maraqlı ssenarilərin də müəllifidir. Lütfü Məmmədbəyov yazıçının ssenarisi əsasında "Səninlə və sənsiz" bədii televiziya filmini çəkib. Film Azərbaycan Dövlət Televiziyası ilə dəfələrlə nümayiş olunub. "Səni gözləyirəm" lirik əsərini də Lütfü Məmmədbəyov ekranlaşdırıb.
Vurğulayaq ki, müəllifin "Qısqanc ürəklər" komediyası qardaş Türkiyədə İstanbul şəhəri Sarıyer bələdiyyə teatrının yaradıcı heyəti əsəri səhnəyə qoyur. 2000-ci ildə "Qısqanc ürəklər" tamaşanın premyerası "Çırağan" sarayında keçirilir. Bu sarayda adətən, dövlət tədbirləri keçirilir, amma o zaman hörmət əlaməti olaraq tamaşanın premyerası orada təşkil olunur. Əsər belə uğur qazanandan sonra yazıçıdan başqa bir əsər istəyirlər. "Ah, qadınlar, qadınlar" əsərini təqdim edir və hər iki əsər Türkiyənin bir çox teatrlarında - İstanbulun Çemberlitaş teatrı, Sarıyer bələdiyyə teatrı, Fatih Universitetinin teatrında səhnələşdirilir.
TARİXİ ŞƏXSİYYƏTİN ƏVƏZSİZ XİDMƏTLƏRİ AZƏRBAYCAN SƏHNƏSİNDƏ
Marat Haqverdiyev 1993-cü ildə yazdığı "Qarabağ şikəstəsi" ssenarisində böyük siyasətçi Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ağır günündə hakimiyyətə qayıdışını, ölkənin xilası naminə tarixi xidmətlərini əks etdirib. Bu ssenari əsasında Mərahim Fərzəlibəyov ikiseriyalı bədii televiziya filmi çəkib. Onun Ümummilli Lider Heydər Əliyev haqqında ikinci əsəri "Fədakarlıq" adlanır. Müəllifin ssenarisi əsasında "Fədakarlıq" bədii televiziya filmi çəkilir. Sonra müəllif bu ssenarinin dram variantını qələmə alır və əsər Sumqayıt Dövlət Dram Teatrında səhnələşdirilir, premyerası isə Akademik Milli Dram Teatrında uğurla keçirilir. Marat Haqverdiyev "Üç dəniz əfsanəsi" əsərini isə yaradıcılığının son zirvəsi adlandırır. Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş əsər Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisindən bəhs edir. Marat Haqverdiyevin üçüncü dəfə Dahi Şəxsiyyət Heydər Əliyevlə bağlı mövzuya müraciət etməsinin səbəbi odur ki, Ulu Öndərin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi Azərbaycan tarixində misli görünməmiş nailiyyət idi. Ona görə də bu layihənin tarixi-siyasi qiymətini nəzərə alaraq, bədii həllini verməyə çalışır.
Müəllif "Üç dəniz əfsanəsi" dramını beş ilə yazır. Bu əsər Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü il üçün təsdiq etdiyi repertuar planına salınır və əsərin hazırlanması Gəncə Dövlət Dram Teatrına həvalə olunur.
Marat Haqverdiyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq "Üç dəniz əfsanəsi" əsəri üzərində əsaslı şəkildə işləyib onu daha mükəmməl ekran və səhnə əsərinə çevirir. Azərbaycanın yeni neft strategiyası qüdrətli dövlət rəhbəri Heydər Əliyevin böyük nüfuzu və siyasi iradəsi sayəsində reallığa çevrilir. Dünyada anoloqu olmayan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin layihsinin gerçəkləşməsi yolunda yaranan ciddi mane və problemlərin, terror və təxribatların aradan götürülməsi, müqəddəs dinimizə, milli-mənəvi dəyərlərimizə göstərilən daimi diqqət və qayğı, ölkəmizdə hökm sürən toleranllıq, eləcə də çoxəsrlik tarixində özünün ən uğurlu və parlaq dövrünü yaşayan azad və müstəqil Azərbaycan həqiqətləri - Prezident İlham Əliyev və Birinci vitse-Prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrinin inkişafında qazandığı misilsiz nailiyyətlər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən işğalda olan torpaqlarımızın azad olunması, Azərbaycan - Türkiyə dostluğu və qardaşlığı "Üç dəniz əfsanəsi" əsərinin yenidən əsaslı surətdə işlənmiş mövzusunu təşkil edir. Əsər yenidən çapdan çıxır: "Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi".
Atası Xanlar Haqverdiyevin həmişə ona dediyi fikri vurğulamaq yerinə düşərdi: "Sənətə gəlirsənsə, yaxşıların yaxşısı olmalısan". Belə də oldu. Onun 85 illik ömür yolunun həyat hekayəsindən qısa da olsa söz açdıq. O, uğurlu həyatında yaxşıların yaxşısı oldu və özünəməxsus keyfiyyət və bacarığı ilə bir salnamə yaratdı: Barat Haqverdiyev… Bu ad və soyada teatr afişalarında nə vaxt rast gəliriksə, qeyri-ixtiyari olaraq həmin əsərlərin tamaşaçısı olmağa tələsirik.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB