Siyasi məğlub, yaxud da “TOPAL ÖRDƏK” – TƏHLİL

Siyasi məğlub, yaxud da “TOPAL ÖRDƏK” – TƏHLİL

Hər ilin sonunda ölkələrin iqtisadi nəticələri ilə yanaşı, eləcə də siyasi nəticələrini də nəzərdən keçirmək, müvafiq nəticələr çıxarmaq olduqca əhəmiyyətlidir. Qlobal miqyasda qaliblər və məğlublar barədə onsuz da hər kəs məlumatlıdır və dünya ictimaiyyəti dövlət başçılarının öz ölkələrini hansı uğura doğru apardığını, qələbələr qazandırdığını, yaxud da hansılarınsa öz ölkələri üçün məğlubiyyət acısı yaşatdığını, bundan sonra da məğlub duruma sürüklədiyini çox yaxşı bilir. Çünki vətən torpaqlarını işğaldan azad edən, ərazi bütövlüyünü, suverenliyini tam olaraq bərpa edən, ölkəyə qələbə bəxş edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü şəkildə əldə etdiyi uğurlar da, qazandırdığı Zəfər də göz önündədir, Ermənistan və Fransa kimi ölkələrin işğalçılıq niyyətli yanlış siyasət yürüdən dövlət başçılarının uğursuzluqları və məğlubiyyətləri də diqqətdən yayınan deyil.

Dünya ölkələrinin hansı vəziyyətdə, hansı durumda olması, ələlxüsus da ilin sonuna doğru yaxınlaşdıqca, onsuz da təhlil edilməkdədir. Bu təhlillər zamanı Azərbaycan bayrağının bu gün ölkə ərazisinin artıq hər yerində dalğalandığı mütləq şəkildə nəzərə alınır. Nəzərə alınır ki, Ermənistanın işğalçılıq siyasətinə dünyanın əksər ölkələrinin göz yummasına, onların müşahidəçi mövqeyinə, işğalçılığa qarşı müqavimət belə göstərməməsinə, təsir belə edilməməsinə baxmayaraq, Azərbaycan bayrağı artıq işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır və bu, məhz ölkəmizin öz gücü, öz potensialı, öz qüdrəti sayəsində reallaşdırılıb. Deməli, ölkəmizin qalib ölkə, Azərbaycan Prezidentinin də qalib lider, qələbə bəxş edən dövlət başçısı olduğu artıq öz təsdiqini tapıb və qeyd edildiyi kimi, təhlillər zamanı bütün bunlar qətiyyən diqqətdən yayına bilməz, heç yayınmır da.

Əlbəttə ki, dünya ölkələrinin liderləri arasında uğursuz fəaliyyəti ilə diqqəti cəlb edənlər də var və onlar haqqında da, onların uğursuzluqları, məğlubiyyətləri barədə də kifayət qədər qeydlər aparılır, nəzərdən də kənarda qalmır. Sözsüz ki, həmin qeydlərdə dünyanın ən qabaqcıl ölkələri və onların dövlət başçılarının adları öz əksini tapmaqdadır. Məsələn, ATƏT-in Minsk Qrupu kimi bir vaxtlar tanınan və artıq “yox” hesab edilən bir qurumun həmsədr ölkələri olan Fransa və ABŞ kimi ölkələrin dövlət başçılarının uğursuzluqları ilk növbədə diqqət mərkəzində olur. Nümunə üçün diqqətə çatdıraq ki, Amerikanın “Fox News” telekanalının tərtib etdiyi ən çox siyasi məğlublar siyahısına elə ABŞ prezidenti Baydenin adını da qeyd edib. Telekanal bunu tam məntiqi şəkildə də əsaslandırıb. Belə ki, ABŞ dövlət başçısının siyasi məğlublar siyahısında olmasını Baydenin aşağı reytinqi və Konqresdə ona qarşı başlanmış impiçment prosesi ilə izah edib. “Fox News” qeyd edib ki, ümumiyyətlə, o, demək olar, hər yerdə - Yaxın Şərqdə və Rusiya-Ukrayna müharibəsi məsələsində uğursuzluğa düçar olmaqdadır.

“Fox News” deyil, Fransaya məxsus hansısa bir telekanal da analoji sorğu keçirsə, siyasi məğlublar siyahısını tərtib etsə, Emmanuel Makronun ən başqa qərarlaşdırılacağını əminliklə söyləmək olar. Çünki bunun üçün kifayət qədər əsas var və məntiqi nəticələr onu deməyə imkan verir ki, Fransa prezindenti ən məğlub lider kimi qəbul olunmaqdadır. Məhz bu baxımdan da, elə qabaqcadan belə bir proqnoz vermək də tamamilə məntiqidir. Fransadakı son sorğu məlumatlarından da görünür ki, belə bir məntiqlə çıxış etməkdə hər kəs haqlıdır. Hər halda, sorğunun nəticələrinə əsasən, Emmanuel Makronun administrasiyasından bezmiş 18-24 yaşlı gənclərin 54%-inin ölkəni tərk etmək istəyi də Fransa prezidentinin siyasi məğlub olduğunu təsdiqləyən məqamdır. Fransanın “Le Journal du Dimanche” nəşrinin rəy sorğularının son nəticələrindən belə məlum olur ki, iqtisadi və siyasi depressiyadan əziyyət çəkən vətəndaşlar Fransanın gələcəyinə ümidsizliklə baxırlar. Bütün yaş qruplarından olan əhalinin 69%-inin Fransanı tərk etmək istəyi səbəbsiz deyil. Yəqin ki, Fransa kimi bir Avropa ölkəsini tərk etmək niyyətinin səbəbi vətəndaşların özləri ilə deyil, məhz həmin ölkənin prezidentinin uğursuz, uyğunsuz, yanlış siyasət aparması və siyasi məğlub olması ilə bağlı olduğu hər kəs tərəfindən qəbul edilməkdədir.

Sual oluna bilər ki, axı niyə məhz Emmanuel Makron siyasi məğlub olaraq qəbul olunmaqdadır? Onun belə siyasi məğlub sayılması üçün axı kifayət faktlar var və hər halda həmin faktlar barədə məlumatlı insanlar yetərincədir. Ələlxüsus da fransızlar bu barədə ümumiyyətlə, hamıdan yaxşı bilirlər, çünki uğursuzluğunun zərbəsi daha çox onlara dəyir. Mütəmadi olaraq müxtəlif qalmaqallara burun soxan Fransa prezidenti elə ölkəsində belə tənqiq atəşinə tutulur. Makronun sələfi Fransua Olland özü belə onu tənqid edib. Məşhur “Elle” jurnalında da Fransa prezidenti barədə tənqidi köşə yazısının olması diqqəti cəlb edir. Həmin yazıda Emmanuel Makronun əsl siması barədə qeyd olunur. Ələlxüsus da, yırtıcıların tərəfini tutan adam kimi göstərilir. Hər halda, bunun da səbəbsiz olmadığı bəllidir. Çünki Makronun həqiqətən də işğalçıların, vandalların, vəhşilərin, elə məhz yırtıcıların yanında olması, onları dəstəkləməsi dəfələrlə öz təsdiqini tapıb.

Afrikada törədilən vəhşiliklərin, yerli xalqlara qarşı vandallıq əməllərinin dəstəklənməsi, buna haqq qazandırılması üçün gərək elə Makronun özü olmaq lazım imiş, əks halda, yəni humanizmi müdafiə edən biri qətiyyən belə etməzdi. Yaxud da, erməni separatçılarının hələ ötən əsrin sonlarında törətdiyi əməllərə, işğalçılıq siyasətinə, qonşu ölkə ərazisini zəbt etməsinə, etnik təmizləmə üçün bütün vasitələrə əl atmasına, soyqırımlar törətməsinə, bütün bunların fonunda insanların kütləvi şəkildə qırğınlarını törətmələrinə, əsrin üçdə birinə yaxın müddət ərzində Azərbaycan ərazilərini işğal altında saxlamalarına qətiyyən göz yummaz, haqqın, ədalətin, yəni işğala məruz qalan xalqımızın tərəfində olardı. Amma bunu qətiyyən görən, müşahidə edən olmadı, çünki ona haqq, ədalət yox, şəxsi maraqları vacib görünürdü və bu maraqlar da onu yırtıcıları, vəhşiləri dəstəkləməyə sövq edirdi ki, nəticədə məğlubiyyətlə qarşılaşmalı, siyasi məğlub sayılmalı oldu.

Fransa prezindentinin bircə dəfə də olsa, ermənilərin törətdikləri kütləvi insan tələfatına görə Ermənistanı, separatçıları qınamaması bir yana, hətta bu qanunsuz əməllərə, cinayət əməllərinə müxtəlif formada dəstək də verdi. Münaqişənin həllində mükəlləf olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransa, həmin ölkə prezidenti Makron separatçıların qanunsuz silahlı dəstələrinin, Ermənistan qoşunlarının işğal etdiləri əraziləri qeyd-şərtsiz tərk etmələrini tələb edən BMT-nin məlum dörd qətmanəsini də onullər boyunca qətiyyən dəstəkləmədisə, deməli, barəsində müvafiq söz deyənlər haqlıdırlar. Üstəlik, həmin o sözügedən qətnamələrin icrasını Azərbaycan reallaşdırdığı zaman Fransa hakimiyyətinin, ələlxüsus da Makronun bundan, yumşaq desək, “narahat olması” onun əsl simasını ortaya qoydu. Xüsusən də, kapitulyasiya sənədini imzalayaraq, təslimçilik aktına qol çəkən Ermənistan hakimiyyəti sülh təşəbbüsünə qoşulmağa hazırlaşdığı bir məqamda revanşist əhval-ruhiyyənin qızışdırılması üçün işğalçı ölkəyə Fransanın silah-sursat, hərbi texnika göndərməsi təsdiq edir ki, həqiqətən də Makron məhz işğalçıların, vandalların, yırtıcıların yanındadır. Amma ona xatırlatmaq indi yerinə düşərdi ki, məhz həmin o işğalçılar, vandallar, yırtıcılar nə qədər qurdalansalar da, atılıb-düşsələr də yenə məğlubdurlar və onlarla bir yerdə, onların yanında olan da elə məğlub sayılır. Yəni, Emmanuel Makronun elə bu səbəbdən də siyasi məğlub hesab olunması tamamilə doğrudur.

Diqqətə çatdıraq ki, Fransanın “Le Figaro” qəzeti Makronun xoruz ölkəsində klassik “topal ördəyə” çevrildiyini açıq şəkildə qeyd edib. Əlbəttə ki, onun axsaq, topal olması qənaətinə gəlinməsi üçün kifayət qədər əsas da gətirilir. Statistik göstəricilər bir tərəfə, fransızların 67%-i respublikanın qarşısında duran problemlərin həlli üçün hazırkı prezidentə inanmadığı açıq şəkildə bildirirlər. Emmanuel Makron fransızların etimadını qətiyyən qazana bilmir və onun nəinki bundan sonra seçilməsinə, heç seçkiyə qədər belə mövcud olmasına kimsə artıq inana bilmir. “Fransızların 67%-i respublikanın qarşısında duran problemlərin həllinə ona inanmır! Parlamentdə onu dəstəkləyənlərdən başqa Makron heç kimə arxalana bilməz”, - deyə “Le Figaro” nəşri yazır yazır. Deməli, artıq həmin ölkə mediası belə onun siyasi məğlub olduğunu açıq şəkildə qeyd edirsə, artıq buna zərrə qədər də şübhə ola bilməz.

Bəli, Makron sözün əsl mənasında, demək olar ki, hər istiqamətdə uğursuzluğa düçar oldu. İstər Fransanın öz daxilində və istərsə də ölkə xaricində özünü siyasi ölü kimi göstərdi. Ələlxüsus da Cənubi Qafqazda özünü tamamilə rüsvay edən Fransa prezidenti siyasi məğlubiyyətini daha da sürətləndirdi. İşğalçılıq siyasətini, işğalçını dəstəkləyən, işğala məruz qalanı, qanuni haqqını tələb edən tərəfi hədəfə alan Makron sonda özünü siyasi məğlub kimi tanıtdı. Çünki Azərbaycanın qələbəsinə qətiyyən nə mane ola bilmədi, nə də zərrə qədər xələl gətirmək mümkün olmadı. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi və Cənubi Qafqazın təhlükəsizliyinin təminatına da öz töhfələrini vermiş oldu. Makron isə həmin təhlükəsizliyə mane olmaq üçün sonda hətta cəsus şəbəkəsini də işə saldı və bu zaman diplomatiyanı belə qarışdırmaqla, Vyana Konvensiyasına hörmətsizlik etdi, beynəlxalq hüququn norma və prinsplərini ciddi şəkildə pozdu. Bununla da olmayan nüfuzunu yerlə-yeksan etdi və rəsmi Parisi belə zərbə altında qoydu. Deməli, siyasi məğlub kimi elə bütün dünyada qəbul olundu. Həqiqətən də, indi Emmanuel Makron elə məhz Fransanın “Le Figaro” nəşrinin yazdığı kimi, “topal ördək” olaraq tanınmaqdadır. Çünki, istər Fransada, istərsə də bütün dünyada 2023-cü ilin əsas uduzan, siyasi məğlub “titulunu” fəxrlə daşımaqdan başqa onun çarəsi qalmayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə