"Prezidentin bu sərəncamları bəşəriyyətin gələcəyinə hesablanıb" - DEPUTAT ŞƏRH ETDİ
"Dünyada baş verən iqlim dəyişiklikləri, müharibələr insanları çətin problemlə qarşı-qarşıya qoyur. Buna görə də alternativ yollar axtarılması, ətraf-mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası, su ehtiyatlarından səmərəli istifadə olunması, alternativ enerji mənbələrinin axtarılması zərurətə çevrilib. Azərbaycan Respublikası bu sahədə özünün təşəbbüskarlığı və xeyirxah əməlləri ilə seçilir. Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması barədə dövlət başçısının Sərəncamı da məhz bu məqsədə xidmət edir. Çünki bu gün yaşıl enerji mənbələrinin axtarılması və bu sahədə səmərəli tədbirlərin keçirilməsi Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən birinə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.
Onun sözlərinə görə, ölkə ərazimiz bu baxımdan mühüm potensiala malikdir: "İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması buna bir nümunədir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmaların tətbiqi gələcək üçün yaxşı həyat vəd edir. Əlbəttə ki, bu sərəncam təqdir olunmalıdır. Bu gün Azərbaycanda həyata keçirilən tədbirlər, belə mühüm sərəncamların imzalanması bəşəriyyətin gələcəyinə, insanlığın sağlamlığına hesablanıb. Sərəncamda bu məsələlər xüsusi qeyd olunur və bildirilir ki, bu tədbirlərin həyata keçirilməsi beynəlxalq normalara, çox mühüm konvensiyalara bir töhfədir".
Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycanda COP29 kimi mötəbər tədbirə ev sahibliyi edilməsi də bu töhfənin ifadəsi olacaq: "Azərbaycan dövləti bu gün dünyada nəcib təşəbbüslərin həyata keçirilməsinin təşkilatçısıdır. COP29-un Azərbaycanda keçirilməsi dövlətimizin nəinki regionda, eləcə də beynəlxalq aləmdə qazandığı yüksək nüfuzu nümayiş etdirir. Məhz bu tədbirlərə görə Azərbaycan dünyanın silsilə dövlətləri tərəfindən qiymətləndirilir. Dövlət başçısının Sərəncamı bir daha göstərir ki, dövlətimiz xalqların səadəti, dünyanın tərəqqisi, dövlətlərin bir-birinə yaxınlaşması sayəsində öz düşünülmüş siyasətini ardıcıl olaraq yerinə yetirməkdədir. Buna görə də Azərbaycan dünyada sözünü deyən, yeri görünən bir dövlət kimi tanınır".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB