“Son 15-20 il diplomatiyanın ən məsuldar və nəticəyönümlü dövrüdür” - SİYASİ EKSPERT FİKRİ
“Son 15-20 il Azərbaycan diplomatiyasının ən məsuldar və nəticəyönümlü dövrüdür. Proseslər 2004-cü ildə Azərbaycanın hücum diplomatiyası xəttini elan etməsindən sonra başladı. Həqiqətən bu başlanğıc bizim diplomatiyanın bütün istiqamətlərdə keyfiyyət və kəmiyyətinin artımına gətirib çıxardı. Xarici ölkələr və beynəlxalq təşkilatlardakı nümayəndəliklər şəbəkəsi genişləndirildi, həm də aparılan işin məzmunu yeniləşdirilərək, daha nəticəyönümlü istiqamətə salındı”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Ekspert bildirib ki, Azərbaycan diplomatiyasının 20 ildə məqsədyönlü fəaliyyətinin əsas hədəfi Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq miqyasda daha əlverişli mühütün yaradılmasından ibarət oldu: “Böyük və nail olunmuş hədəflərdən biri Qarabağ probleminin mahiyyəti ilə bağlı əsl həqiqətlərin dünya birliyinə çatdırılması yönündə aparılan diplomatik fəaliyyət oldu. Düzdür, dünya dövlətlərinin və beynəlxalq təşkilatların mütləq çoxluğu Azərbaycanı nə qədər məzmunlu və arqumentli diplomatiya aparmasına baxmayaraq, həqiqəti görməyə “kar” və “kor” oldu. Baxmayaraq ki, Qarabağ münaqişəsinin mahiyyəti də elə bəlli idi. Amma onlar bununla barışa bilmir, Azərbaycan isə bu problemin mahiyyəti ilə bağlı dünyada aydın bir diplomatik platforma yaratmaqla dünya ictimaiyyətinə xeyli materiallar verdi. Dünya ictiamiyyətinin bu məsələdə savadlanması Azərbaycan diplomatiyasının ciddi uğurlarından biri sayıla bilər".
A.Quliyev əlavə edib ki, diplomatiyamızın ciddi və mühüm uğurlardan biri də beynəlxalq təşkilatların Qarabağ məsələsinin həllində göstərdikləri vasitəçiliyin praktik mənasızlıq və nəticəsizliyinin ifşa olunmasından ibarət oldu: "Dəfələrlə Azərbaycan Prezidenti beynəlxalq vasitəçi missiyaları ilə görüşdə sülh danışıqlarının real nəticə vermədiyini və Azərbaycanın sonda məcbur olaraq hərbi yola əl atmaq zorunda qalacağını ifadə edirdi. Vasitəçilərin fəaliyyətinin səmərəsizliyinin ortaya çıxarılması da diplomatiyamızın mühüm uğurlarından biri idi.
Vətən müharibəsi və anti-terror tədbirlərindən sonra Azərbaycanın bütövlüyünün və suverenliyinin dünyada qəbul etdirilməsi yönümündə atılan addımlar da Azərbaycan diplomatiyasının ciddi uğurları sırasında yer alır. Eyni zamanda Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafı da uğurlu siyasətin nəticəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB