COP 29-un Azərbaycanda keçirilməsi böyük etimaddır – DEPUTATIN ŞƏRHİ

COP 29-un Azərbaycanda keçirilməsi böyük etimaddır – DEPUTATIN ŞƏRHİ

“Azərbaycan müxtəlif istiqamətlər üzrə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər ölkəmizin tanınması, onun mədəniyyəti, tarixi haqqında məlumatların əldə olunması, iqtisadi imkanlar, gələcək layihələrin və əməkdaşlıq perspektivlərin dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ölkəmizin alternativ enerjiyə keçiddə öz imkanlarını nümayiş etdirmək üçün mühüm platformadır. Əlbəttə ki, bu, səbəbsiz deyil. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, onun prinsipial mövqeyi sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artır. Ölkə başçısının apardığı müstəqil siyasət, bütün qərar və addımların beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsi, əməkdaşlıq münasibətlərində dürüstlük, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası və digər amillər bütövlükdə Azərbaycana olan münasibəti müsbət mənada dəyişib”. Bunu SİA-ya aşıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, COP dünyanın ən irimiqyaslı beynəlxalq tədbirlərindən biridir: “Belə bir tədbirə Bakının ev sahibliyi etməsi ilk növbədə Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun təsdiqidir. COP 29-un ölkəmizdə keçirilməsi dünya dövlətlərinin səs yekdilliyi ilə qəbul olunmuş bir qərarıdır. Maraqlıdır ki, Ermənistanın özü Azərbaycanın xeyrinə COP29 sessiyasına ev sahibliyi etmək üçün öz namizədliyini geri götürüb. Ermənistan rəhbərliyi Azərbaycanla birbaşa danışıqlar aparmağın adekvatlığını və məlumatlılığını nümayiş etdirdiyi halda, Fransa erməniləri açıq şəkildə bu prosesi pozmağa çalışdılar. Sonda isə bu və ya digər şəkildə növbəti uğursuzluqları ilə barışmalı oldular. Əslində, COP29-un Bakıda keçirilməsində gözlənilməz heç nə yoxdur. Azərbaycan dünya gündəmindəki qlobal problemlərin qarşısını almaq və həll yollarının müəyyən edilməsi üçün mühüm təşəbbüslər göstərən, çağırışlar edən, həmin məsələləri beynəlxalq səviyyədə aktuallaşdıran dövlət kimi kifayət qədər hörmət qazanıb. Pandemiya dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin həyata keçirdiyi nəhəng diplomatik və humanitar fəaliyyəti, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi bu qurumun institusional mexanizmlərin yaradılması səyləri konkret nümunədir. Xüsusilə, son zamanlar bölgəmizdə baş verən hadisələrin fonunda belə bir qərarın qəbul olunması dolayısı ilə bu hadisələrdə Azərbaycanın mövqeyinin dəstəkləndiyini göstərir. COP 29-un Azərbaycanda keçirilməsi böyük etimaddır".

Bütün xəbərlər Facebook səhifəmizdə