Fransanın anti-Azərbaycan mövqeyi bu vaxta qədər bir çox istiqamətlərdə dəfələrlə özünü göstərib və rəsmi Parisin Bakıya qarşı əsassız, ədalətsiz, haqsız, ikili yanaşmalarının mütəmadi olaraq şahidi olmuşuq. Bir növ, ermənipərəst fransızların məhz Azərbaycana, azərbaycanlılara qarşı haqsızlığı, davamlı xarakter aldığına və onlar üçün sanki ənənəyə çevrildiyinə görə artıq təəccüb belə doğurmurdu. Lakin Azərbaycan jurnalistinə Fransada “casus” adı qoyulması heç bir halda təəccüb doğurmaya bilməzdi və bu, artıq həm ölkəmizə qarşı, azərbaycanlılara qarşı qərəzin hansı səviyyədə olduğunu, həm də Fransa adlı bir Avropa ölkəsinin azad sözə necə “qiymət” verdiyini, daha doğrusu, qətiyyən qiymət vermədiyini ortaya qoydu.
Bu ilin 3 dekabr tarixində redaksiya tapşırığını yerinə yetirmək üçün Yeni Kaledoniyaya ezam olunmuş AZƏRTAC-ın jurnalistinin “sənəd problemi” bəhanəsi ilə ölkəyə buraxılmaması, 24 saat polis nəzarətində saxlanıldıqdan sonra adalardan “qovulması” Fransanın əsl üzünü göstərdi. Söz azadlığından dəm vuran bir Avropa ölkəsi ümumiyyətlə, azad sözü yaxına belə buraxmadığını açıq şəkildə göstərdi. “Azərbaycanın sabitliyi pozma əməliyyatı”, başlıqlı və buna bənzər yazıların Fransa mətbuatında geniş şəkildə yer alması isə, artıq heç bir çərçivəyə sığışmadı desək, fikrimizi tam izah edə bilmərik. Çünki jurnalistlərimizin casusluq fəaliyyətində ittiham olunması Fransa tərəfindən edilən həyasızlığın ən son həddi hesab olunur. Heç şübhəsiz ki, bu həyasızlıq dünya ictimaiyyətinin də, dünya mediasının da diqqətindən yayınmamalıdır və yayına da bilməz. Ona görə ki, jurnalistin “casus” kimi ittiham olunması təkcə Azərbaycan jurnalistinə deyil, bütövlükdə dünya mediasına qarşı hörmətsizlik və hətta tərbiyəsizlikdir.
Ölkəmizə qarşı rəsmi Parisin qərəzli münasibət, haqsız, ədalətsiz, ikili yanaşma sərgiləməsinə bəraət qazandırmaq üçün, fransızlar çarəsiz bir şəkildə “casus” qalmaqalına əl atıblar. Amma bu çox uğursuz bir addımdır, çünki əvvəla, heç bir şəkildə qəbul olunan deyil və söz azadlığına qarşı təpki hesab olunur, digər tərəfdən də heç cür inandırıcı olmadığı səbəbindən çox çirkin kompaniya olaraq qiymətləndirilir. Hər bir halda, Fransa Azərbaycana qarşı öz qərəzini onsuz da istənilən istiqamətdə göstərmişdi və belə bir addıma Parisin nə səbəbə ehtiyac duyduğu çoxdan bəllidir. Heç şübhəsiz ki, bu il Bakıda keçirilən müxtəlif beynəlxalq sammitlər çərçivəsində Fransanın müstəmləkəçiliyi ilə bağlı gedən müzakirələr fransızlara əməlli-başlı təsir edib, baxmayaraq ki, özlərini görməməzliyə vururdular. Hətta elə bir səssizlik nümayiş etdirirdilər ki, guya həmin müzakirələr heç onlara təsir də edən olmayıb. Amma jurnalistimizə qarşı bu qədər tərbiyəsiz davranış göstərilməsi ilə indi təsdiq olundu ki, həmin müzakirələr Fransada yetərincə qıcıq yaradıb, lap elə kifayət qədər də təsirli olub. Lakin “Azərbaycanın sabitliyi pozma əməliyyatı”, başlıqlı və buna bənzər yazıların geniş şəkildə yer aldığı Fransa mediası, bu ilin iyul ayında Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər sammiti çərçivəsində Kaledoniya, Martinika və Polineziya müstəqillik tərəfdarlarının iştirakı ilə təşkil olunan dəyirmi masanı bir qədər gec xatırlamalı olub. Üstəlik, Fransanın müstəmləkəçilik siyasəti aparmaqda günahlandırılmasının qarşılığında “qisas” almaq üçün düzgün hədəf də seçə bilməyib və ölkəsində söz azadlığına qətiyyən yer olmadığını çox açıq-aşkar şəkildə ifşa edib.
Əlbəttə ki, ölkəmizin Yeni Kaledoniyaya ezam olunmuş jurnalistini Fransanın “casus” kimi qələmə verməsi cavabsız qala bilməzdi və Azərbaycan Mətbuat Şurası bununla bağlı bir bəyanat dərc edib. Qeyd olunub ki, Yeni Kaledoniyada baş verən yolverilməz hərəkətlərin dünya mediasında geniş işıqlandırılması Fransanın hakim dairələrini “arqument” axtarışına tələsməyə sövq edib. Sözsüz ki, jurnalistimizə qarşı aparılan qara piar kampaniyası və onların “casus” kimi qələmə verilməsi alqışlanacaq deyildi. Hətta yaxın gələcəkdə bununla bağlı dünya mediasının da öz mövqeyini göstərəcəyinin şahidi olacağımıza Fransa tam əmin ola bilər. Əmin ola bilər ki, Fransa rəhbərliyinin belə açıq-aşkar anti-Azərbaycan mövqeyi ən azından Fransanın, onsuz da koloniyal siyasəti fonunda yox dərəcəsində olan imicini yerlə yeksan etməkdədir və rəsmi Parisin diplomatiya ənənələrinin çürük olduğunu göstərməkdədir. Onsuz da bunu fransızlar çox aydın şəkildə görürlər, müşahidə edirlər, əks halda, belə bir aqressiv şəkildə reaksiya verməzdilər.
Azərbaycanlı jurnalistə qarşı edilən haqsızlığın, hörmətsizliyin ardınca Fransa mediasında dezinformasiya xarakterli məlumatların tirajlanması isə heç diqqətdən yayınan deyil və bu, bir çox məqmlardan xəbər verir. Əvvəla ondan xəbər verir ki, həmin dezinformasiyanın arxasında məhz Fransanın rəsmi qurumları dayanırlar. Çünki belə olmadığı təqdirdə, Fransada bu şəkildə, yəni “aqressiv” bir formada həmin dezinformasiya tirajlana bilməzdi və birinci növbədə də bunun qarşısını elə rəsmi Paris özü alardı. Yəni, həmin dezinformasiyanın arxasında Fransanın rəsmi qurumları dayanmasaydı, qətiyyən buna imkan verilməzdi. Digər tərəfdən də, həmin dezinformasiyanın tirajlanması Yeni Kaledoniyada jurnalistimizə qarşı edilən haqsızlığı, ümumiyyətlə, mediaya qarşı edilən hörmətsizliyi ört-basdır etmək cəhdi idi. Azərbaycan jurnalistinə qarşı fransızların etdikləri hörmətsizliyin bütün dünyada qınanılacağını əvvəlcədən başa düşdükləri üçün media vasitəsi ilə bunu ört-basdır etmək kimi çirkin əmələ də əl atmış oldular, hansıki bunun özü də çox utancverici məqamlardan hesab olunur. Məhz Fransa üçün ona görə çox utancverici məqamlardan hesab olunur ki, mediaya, söz azadlığına qarşı edilən hörmətsizliyi ört-basdır etmək üçün rəsmi Paris elə məhz ölkəsinin mediasını da alət etmiş oldu. Daha dəqiq desək, Fransa mediaya qarşı daha bir hörmətsizlik etdi və bununla da hətta öz mediasına belə hörmətsizlik etdiyini gizlədə bilmədi...
Yeni Kaledoniyada azadlıq tələbi ilə yürüşə çıxanların haqq səsini dünyaya çatdırmaq istəyən jurnalistlərə Fransa hökumətinin bu cür qeyri-rəsmi formada “casus” damğası vurmaq cəhdi heç şübhəsiz ki, ilk növbədə, həmin ölkədə demokratik dəyərlərin olmamasının göstəricisidir, baxmayaraq ki, bu Avropa ölkəsi özünü demokratik ölkə kimi bütün dünyaya sırımağa çalışır. Diqqətə çatdıraq ki, bununla yanaşı, jurnalistə “casus” damğası vurmaq, ümumiyyətlə, azad söz, media azadlığı kimi fundamental prinsiplərin tələblərinə qarşı çox böyük hörmətsizlik kimi qiymətləndirilir. Əlbəttə ki, məqalədə qeyd olunan absurd və cəfəng iddialar da təxribat xarakterli feyk informasiya hesab olunur. Həmin feyk informasiyanın tirajlanmasında Fransa hökumətinin məqsədi beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqdır. Məhz belə çaşqınlıq yaratmaqla da əsl həqiqətləri gizlətmək niyyəti güdülür, hansı ki, bu, elə məhz mediaya, azad sözə qarşı ən böyük hörmətsizlik deməkdir.
Diqqəti cəlb edən daha bir məqam isə, Yeni Kaledoniyada polisin məhz Azərbaycan jurnalistinin peşə fəaliyyətinə qarşı süni əngəl yaradan hallara etinasızlıq, sayqısızlıq etməsidir. Yeni Kaledoniyada qanunun aliliyini qorumalı olan, fundamental insan hüquq və azadlıqlarının qorunmasında mükəlləf olan polisin belə, söz azadlığının pozulmasına müşahidəçi mövqe sərgiləməsi də çox utancverici məqamdır. Bu, haqsızlığa qarşı göz yummaq, bunu qəbul etmək deməkdir və bir ölkə polisi üçün qətiyyən qəbulolunmazdır. Azərbaycan jurnalistinə qarşı haqsızlığın Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti Daniel Qoa tərəfindən pislənilməsi, media təmsilçimizə dəstək ifadə olunması heç də təsadüfi deyil, məhz həmin etinasızlığa, sayqısızlığa, ələlxüsus da mediaya, söz azadlığına olan hörmətsizliyə qarşı birbaşa etiraz səsinin ucaldılması deməkdir.
Jurnalistlərimizin məhz Fransaya məxsus mətbuat orqanlarında, mediada gözdən salınması cəhdləri onu deməyə əsas verir ki, rəsmi Paris öz despotik mahiyyətini ört-basdır etmək üçün hər vasitəyə əl atır və bu zaman mediaya hörmətsizlik etməkdən, söz azadlığını pozmaqdan da çəkinmir. Görünür, müstəmləkə boyunduruğu altında saxladığı xalqlar ilə, ələlxüsus da Yeni Kaledoniya xalqı ilə bağlı həqiqətlərin yayılmaması, gizlədilməsi üçün hər vasitə, hətta söz azadlığının boğulması da, mediaya olan hörmətsizlik də Fransa üçün qəbulolunandır. Mediaya, söz azadlığına hörmətsizlik edən rəsmi Paris bir şeyi unudur ki, onsuz da Fransanın kolonial siyasəti barədə bütün dünya kifayət qədər məlumata malikdir və bir ölkənin jurnalistinin həqiqətləri qeydə almasına mane olmaqla, dünya ictimaiyyətinin məlumatlandırılmasının qarşısı qətiyyən alına bilməz.
Əlbəttə ki, Azərbaycan jurnalistinə qarşı Fransada, bu ölkə mediasında aparılan qarayaxma kampaniyasına bütün dünya, ələlxüsus da dünya mediası biganə qalmamalıdır. Məhz jurnalistə qarşı təxribat xarakterli informasiyaların yayılması, tirajlanması, xüsusilə dünya mətbuatında pislənilməlidir. Bu gün özünü dünyanın demokratiya carçısı hesab edən Qərbin mediası, azad sözə münasibətdə dözümsüzlük nümayiş etdirən, bununla da anti-demokratik addım atan rəsmi Paris, Fransa mediası barədə öz kəskin mövqeyini bildirməlidir. Əgər həqiqətən də demokratik dəyərlər, söz azadlığı hələ də dünya miqyasında, qlobal müstəvidə nəzərə alınırsa, qorunursa, Fransanın Azərbaycan jurnalistinə qarşı etdiyi hörmətsizliyə dərhal sərt reaksiya verilməli, ən azından bunun demokratiya kimi ali dəyərlərə zidd olduğu xatırladılmalı, müvafiq xəbərdarlıq edilməli, hətta təsirli tədbirlər görülməlidir. Əks halda, yəni cəzasızlıq olduğu halda, Fransanın mediaya, söz azadlığına qarşı etdiyi hörmətsizlik ənənə halını ala bilər və bu, təkcə Azərbaycan jurnalistinə deyil, bütövlükdə, bütün dünya mediasına, azad sözə qarşı hörmətsizliyin adi hala çevrilməsinə gətirib çıxara bilər...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB