Son hadisələr onu deməyə əsas verir ki, uzun müddət ərzində ilk dəfə olaraq, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasına ümid etməyə dəyər. Çox güman ki, Ermənistan cəmiyyətinin Azərbaycanla sülhə tədricən adaptasiya olunması üçün bir qədər vaxt tələb olunurmuş. Bəlkə də Nikol Paşinyan elə özü də bu zamana qədər hansısa qəti addımlar atmaqdan, sözün əsl mənasında qorxub, çəkinib, çünki erməni cəmiyyətində hansısa bir şəkildə “qəzəbə tuş gələcəyindən” ehtiyatlanıb.
Görünür, erməni xalqının köhnə fikirləri bir tərəfə ataraq, Azərbaycana qarşı düşmənçilik paradiqmasını dəyişməyə hazır olması qənaətinə gəlinib ki, rəsmi İrəvan sülh danışıqları barədə müzakirələri intensivləşdirmək qərarına gəlib. Yaradılan miflərin boş və mənasız olmasını, düşmənçilik fikirlərinin tamamilə yersiz və lazımsız olduğunu deyəsən, erməni cəmiyyətinin dərk etdiyini düşünənlərin sayı Ermənistanda çoxalıb. Əslində, erməni cəmiyyətinin qəflət yuxusundan ayılması, mifləri bir yana qoyub reallıqları görməsi üçün kifayət qədər vaxt, zaman da keçib. Bununla yanaşı, axı Azərbaycan Ordusu da onların qəflət yuxusundan ayılmalarını tezləşdirdi və reallıqların nədən ibarət olduğunu tam açıq şəkildə, özü də ən parlaq müstəvidə ortaya qoydu. Bir sözlə, erməni cəmiyyətinin həqiqətən də artıq reallıqları görməsinin, dərk etməsinin tam zamanıdır və ağlı başında olan erməni bundan sonra qəflət yuxusuna qətiyyən meyl etməz. Amma deyəsən, ağlını başına toplaya bilməyənlər də qalıb və prosesə mane olmaq fikrində olanlar nəyə isə nail olmaq niyyətindədirlər. Hər halda, zaman göstərər...
Ermənistan Milli Assambleyasının maliyyə, kredit və büdcə məsələləri üzrə daimi komissiyasının rəhbəri, hakim “Mülki Müqavilə” partiyasından olan deputat Gevorq Papoyan jurnalistlərlə söhbəti zamanı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını pozmaq üçün istənilən təxribatlara əl atmağa hazır olanların adlarını çəkib. O, xüsusilə vurğulayıb ki, Ermənistanın ikinci və üçüncü prezidentləri, keçmiş Qarabağ separatçıları Robert Köçəryan və Serj Sarkisyan Ermənistan dövlətçiliyi altına mina, partlayıcı qoymağa çalışırlar. “Ermənistanda qondarma “Qarabağ parlamenti”nin iclasını keçirmək istəyirlərmi? Bu, Ermənistana qarşı olan bombadır və sadəcə olaraq, qəbuledilməzdir”, deyən Papoyan qəzəbini gizlədə bilməyib və hətta bildirib ki, 29800 kvadrat kilometr ərazisi olan Ermənistan Respublikası onlar üçün hazırda ən önəmli olandır. Erməni deputat həmçinin sual da ünvanlayıb ki, onlar Qarabağda hər şeyi dağıtdıqları kimi, indi də Ermənistanda belə etmək istəyirlər? Deməli, Qarabağı dağıtdıqlarını məhz erməni cəmiyyətində başa düşənlər, etiraf edənlər də var, baxmayaraq ki, aralarında hələ də münaqişəni qızışdırmaq niyyətində olanlar da az deyil. Yəqin ki, indi həmin o münaqişəni qızışdırmaq istəyənlər barədə müvafiq planlar da var...
Doğrudur, Ermənistan hakimiyyətinin bu vaxta qədər sərgilədiyi mövqe, ələlxüsus da erməni baş nazir Nikol Paşinyanın, “Qarabağ Ermənistandır, nöqtə”, deməsi də yaddaşlardan silinən deyil. Amma məsələ burasındadır ki, 44 günlük müharibənin məntiqi nəticəsi olaraq, Ermənistanın rüsvayçl şəkildə məğlub olmasından sonra həmin ölkənin hakimiyyətinin də, baş nazir Nikol Paşinyanın da düşünməsi, reallığı dərk etməsi üçün kifayət qədər vaxtı olub. Hətta 23 saatdan bir qədər artıq müddət ərzində anti-terror tədbirləri ilə qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi, onların təslim olmaları, ağ bayraq qaldırmaları, ərazilərimizi tərk etmələri, Azərbaycanın öz ərazi bütövlüyünü tam şəkildə bərpa etməsi də rəsmi İrəvan üçün kifayət qədər təsirli dərs hesab olunur. Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olan Nikol Paşinyan və onun komandası görünür, indi reallığı nəinki görmək, hətta etiraf etməkdən başqa çarə tapmır və sülh danışıqlarını intensivləşdirmək niyyəti də bu baxımdan, heç də səbəbsiz deyil.
Hadisələrin düzgün istiqamətdə getdiyini müşahidə edirik və sülhün təminatı üçün bunun əsas şərt olduğu da bəllidir. O da bəllidir ki, müşahidə etdiyimiz proseslər bütövlükdə Cənubi Qafqaz üçün faydalıdır. Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan Baş Naziri Aparatının, ölkələr arasında böyük sülh sazişinin imzalanması üçün mühüm zəmin yaradan birgə bəyanatının sülh prosesi üçün nə dərəcədə əhəmiyyətli olduğu da məlumdur. Deməli, sülh danışıqları prosesi barədə nikbin düşünmək olar.
Sözsüz ki, istər Ermənistanın daxilində, istərsə də xaricində prosesə mane olmaq istəyən qüvvələr hələ də var. Onları nəzərə almamaq da mümkün deyil. Bu gün erməni cəmiyyətində Koçaryan və Sarkisyan kimi cinayətkar rejimin hələ də azadlıqda gəzən nümayəndələri var və onlar “son nəğmə”lərini oxuduqlarını özləri hamıdan yaxşı bilirlər. Yaxşı bilirlər ki, onlar da elə Arutyunyanın, Saakyanın, Qukasyanın yanında istənilən anda otura bilərlər və buna görə də kürklərinə birə düşdüyü elə uzaqdan da hiss olunur. Məhz belə bir qorxu altında olan həmin o cinayətkar rejimin hələlik azadlıqda olan ünsürləri aranı qarışdırmaq üçün əllərindən gələni əsirgəmirlər. İndi həmin o əvvəlcədən qeyd etdiyimiz erməni deputatın misalında hər bir hay başa düşməlidir ki, onlar Ermənistanın altına partlayıcı, mina qoymaq fikrindədirlər və məqsədləri də ancaq özlərini xilas etməkdir. Onlar üçün Ermənistan dövləti və erməni xalqı zərrə qədər də maraqlı deyil. Bax elə həmin ünsürlər bilirlər ki, sülh müqaviləsi bağlandıqdan sonra onlar öz cinayət əməllərinə görə qanun qarşısında cavab verməli olacaqlar. Məhz elə buna görə də bütün vasitələrlə prosesə maneçilik törətmək niyyətindədirlər və bunu da nəzərə almamaq mümkün deyil. Çünki ən azından, onları dəstəkləyən, həm də arxalarınca gedən hansısa qüvvələr də var. Bir sözlə, Ermənistanın öz daxilində belə sülh gündəliyinə mane olacaq qüvvələr var və onların da əksəriyyəti məhz xaricdən dəstək alırlar.
Sözsüz ki, sülh yolunda “tikan” kimi bitən xarici fakorlar da diqqətdən yayına bilməz. Məsələn, müşahidələr təsdiq edir ki, Fransanın timsalında bəzi Avropa ölkələri işğalçı Ermənistanı silahlandırmaqla, yaxud, hansısa dəstək variantı ilə ruhlandırmaqla, sülh danışıqlarına lap əvvəldən mənfi təsir göstərməkdədirlər. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin 30 ilə yaxın müddət ərzində münaqişənin həlli istiqamətində bircə dənə də olsun nailiyyət əldə etməməsi bir yana, onların məhz 44 hünlük müharibə dönəmində də, müharibədən sonra da münaqişənin həllində maraqlı olmamaları dəfələrlə öz təsdiqini tapıb. Hər halda, BMT kimi bir mötəbər beynəlxalq təşkilatın Azərbaycanın xeyrinə qəbul etdiyi məlum qətnamələri belə nəzərə almayan həmsədr ölkələr heç olmasa, müharibə bitdikdən, Azərbaycan bu qətnamələrin icrasını özü reallaşdırdıqdan sonra da olsa, sülh müqaviləsi, sülh danışıqları məsələsində maneə olmamalı idilər. Amma biz bunun əksini müşahidə etdiksə də Azərbaycan öz haqq yolundan zərrə qədər də geri addım atmadı. Hansısa bir qüvvə rəsmi Bakının iradəsinə təsir edə bilmədi. Təhdid dili ilə danışmağa çalışılsa belə, bunun doğru və təsirli yol olmadığını Azərbaycan öz əməli addımları ilə sübut etdi. Sübut etdi ki, dövlətçilik tarixlərinə, beynəlxalq təcrübələrinə və BMT Təhlükəsizlik Şurasına üzv olmalarına belə baxmayaraq, yanılıblar. Bununla belə, unutmaq lazım deyil ki, Azərbaycan bu yolda çox böyük maneələrlə qarşılaşmalı olub və hələ bundan sonra da hansısa maneə və çətinliklərin qarşıya çıxa biləcəyi də istisna edilə bilməz. Çünki sülh gündəliyinə, ümumiyyətlə, prosesə mane olmaq istəyən qüvvələr həmişə olduğu kimi, yenə də var.
Bəli, Azərbaycan sülh gündəliyinə, sülh prosesinə həmişə olduğu kimi, sadiqdir. Qalib ölkə olmasına rağmən sülh təklifi ilə çıxış edən Azərbaycan, bunun bütövlükdə Cənubi Qafqaz üçün nə dərəcədə əhəmiyyətli olduğunu nəzərə alaraq, öz təklifində israrlıdır. Amma ermənilər də başa düşməlidirlər ki, sülh artıq bütün qonşu ölkələrdən məhz elə Ermənistan tərəfi üçün daha çox lazımdır. Başa düşməlidirlər ki, sülh gündəliyinə mane olanlar onların siyasi mövcudluqlarına, dövlətçiliklərinə mane olmuş olurlar. Dərk etməlidirlər ki, istər öz ölkələri daxilində, istərsə də ölkə hüdudlarından kənarda onları qızışdıran, sülh prosesindən yayınmağa sövq edənlər bütövlükdə Ermənistanı, erməni cəmiyyətini məhvə sürükləyirlər. Çünki sühə mane olmaq istəyi Ermənistan üçün partlayış təhlükəsi vəd edir. Artıq erməni cəmiyyəti bu təhlükəni özü də hiss etməkdədir və hakim partiyanın deputatının həyacanlı çıxışı bunu təsdiq edir. İstənilən zaman hansısa kənar qüvvələrin yarada biləcəyi toqquşma, vətəndaş qarşıdurması heç bir ölkə üçün arzuolunan deyil, amma səfalət içərisində və xaotik durumda olan Ermənistan üçün bu hal ümumiyyətlə, fəlakət deməkdir. Yəqin ki, işğalçı ölkənin paytaxtında, İrəvanda silahlar işə düşməli olsa, qarşıdurmaların fonunda Ermənistanın siyasi mövcudluğu sual altında qalmalı olacaq. Çox güman ki, erməni cəmiyyəti belə bir təhlükənin fərqindədir və rəsmi İrəvanın sülh danışıqları barədə müzakirələri intensivləşdirməsinin, sülh prosesinə töhvə verə bilən doğru qərarlar qəbul edilməsinin tam zamanıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB