ABŞ-ın Qafqazda yürütdüyü MƏSULİYYƏTSİZ İMPERİALİST SİYASƏT - TƏHLİL
USAID rəhbəri Samanta Pauerin sosial şəbəkə hesabında etdiyi qeyd Cənubi Qafqazda sülh prosesinə xələl gətirən təxribat xarakterli ehyamdan başqa bir şey deyil. Paytaxt Bakıda qalmaqalların mərkəzində olan USAİD maliyyələşmə sayəsində aranı qızışdırmaq istəsə də dəfələrlə bunun qarşısı alınıb. Amma görünən odur ki, Pauer hələ də məsuliyyətsiz davranışlarından əl çəkmək niyyətində deyil və çirkin niyyətlərin reallaşdırılması üçün Ermənistandan istifadə edir və mövcud vəziyyət onun üçün münbir şərait hesab olunur.
Amerika hökumətinin guya humanitar təşkilat kimi tanıtmaq və sırımaq istədiyi USAİD-in rəhbəri Samanta Pauerin sərt xarici siyasət xəttinin ilk baxışda qəribə görünməsində təəccüblü heç nə yoxdur. Çünki Pauer yardım adı ilə təkcə humanitar məsələlərə deyil, təhlükəsizlik məsələlərinə də, hərbi məsələlərə də burnunu soxmaqdadır. O, yalnız Dövlət Departamenti ilə deyil, ABŞ Təhlükəsizlik Şurası ilə də koordinasiyalı fəaliyyət göstərdiyini belə gizlətmir. Ələlxüsus da Pauerin son tvitindən bəlli olur ki, onun məqsədi Qafqazda sülh prosesini pozmaqdır. Onun fəaliyyətinə nəzər saldıqda da bunu aydın şəkildə görmək mümkündür və hər halda ermənipərəst mövqeyi ilə tanınan bu adamın ədalətli yanaşma, haqqın tərəfində olmasını da heç kim ağlına belə gətirə bilməz. Çünki bəyanatlarında haqsız olmasına baxmayaraq ancaq erməni maraqlarının müdafiəsi ön planda durur və onun üçün hansısa ali dəyərlər zərrə qədər əhəmiyyət kəsb etmir. Belə çıxır ki, ABŞ məhz Qafqazda tamamilə məsuliyyətsiz siyasət yürütməkdən çəkinmir və buna görə də Pauer məsuliyyətsiz davranışlarına sərhəd qoymaq niyyətində görünmür.
“İki ay əvvəl Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatı nəticəsində 100 mindən çox insan evlərini tərk edərək qonşu Ermənistana köçmək məcburiyyətində qalıb”, deyən Samanta Pauerin fikirləri əlbəttə ki, həqiqətə uyğun deyil və bunu ermənilər özləri də yaxşı bilirlər, elə onun özü də yaxşı bilir. Amma bilə-bilə bu fikirləri ortaya atması onu deməyə əsas verir ki, USAİD rəhbəri sadəcə olaraq, problem yaratmaq və onu süni şəkildə şişirtmək niyyətindədir. Samanta Pauer çox yaxşı bilir ki, Azərbaycan tərəfinin antiterror tədbirləri erməniləri köç etməyə məcbur etməyib, belə bir məqsəd də olmayıb və köç etmələri bilavasitə erməni millətçilərinin qırnaqarası “humanitar fəlakət” görüntüsü, şousu yaratmaq niyyəti ilə, özü də öz istəkləri ilə olub. Azərbaycan Ordusunun, yaxud da hansısa əsgərimizin belə, erməni əsilli bircə dənə dinc sakini qovduğu barədə kimsədə bir dənə də olsun sübut, fakt yoxdur. Yaxşı bilir ki, Azərbaycan öz ərazisini terrorçulardan, təxribatçılardan, qonşu ölkənin qanunsuz silahlı dəstələrindən təmizləyib və erməni əsilli dinc sakinlərlə heç kimin işi olmayıb. Onu da bilir ki, rəsmi Bakının belə bir qərar verməsi, öz ərazilərində belə tədbir görməsi beynəlxalq hüququn norma və prinsiplərinə də zidd deyil. Elə isə Paueri qane etməyən, ədalətsiz, haqsız, faktları təhrif edərək danışmağa vadar edən nədir və bəhanəsi nədən ibarətdir? Ən çox düşündürücü sual isə ondan ibarətdir ki, USAİD-in bu xanım rəhbərinin niyyəti, məqsədi nədir? Məgər bilmirmi ki, belə qıcıq doğuran, separatçıları qızışdıran fikirləri təhlükəsizliyə mənfi təsir edir? Çox yaxşı bilir və bunu bilərəkdən edirsə, deməli, regionda təhlükəsizliyə xələl gətirə biləcəyini heç vecinə də almır. Bütün bunlar onun özünün də, ABŞ kimi bir ölkənin məsuliyyətsizliyini, məsuliyyətsiz siyasət yürütdüyünü bir daha təsdiq edir.
“ABŞ Dağlıq Qarabağdan olan etnik erməniləri dəstəkləməkdə davam edir”, deyə öz tvitində fikir bildirən Samanta Pauer separatçıların baş qaldırması üçün çalışırmı? Məqsədi təxribatçıları, terrorçuları ruhlandıraraq, münaqişəni yenidən qızışdırmaqdırmı? Əgər o həqiqətən də köç etməyə məcbur qalmış insanların taleyi ilə maraqlanan olsaydı, ötən əsrin 90-cı illərinin əvvəllərində ermənilərin etnik təmizləmə, soyqırım siyasətinin nəticəsi olaraq, ölüm və işgəncə təhdidləri ilə üz-üzə qalaraq, öz doğma yurd-yuvalarını tərk edən və əsrin üçdə birinə yaxın müddət ərzində köçkünlük həyatı yaşamağa məcbur olan bir milyondan artıq azərbaycanlının taleyi ilə bircə dəfə də olsa maraqlanardı. Amma nəinki həmin o bir milyon insanı dəstəkləmək barədə öz tvitində fikir paylaşıb, heç onlar barədə maraqlanmayıb da. Sual oluna bilər ki, bir milyon insanın taleyinə laqeyid olan birinin yüz min insanın taleyi ilə maraqlanması inandırıcı ola bilərmi? Əlbəttə ki, olmaz. Deməli, o sadəcə aranı qızışdırmaq üçün belə fikirləri ortaya atır və bunun nə ilə nəticələnəcəyini nəzərə belə almır. Hər halda, ermənilərin hər dəfə qızışdırıldıqdan sonra başlarına nələrin gəldiyini bilən biri, yenə də onların fəlakətlərlə qarşılaşacaqlarını nəzərə almalı idi, əgər həqiqətən də ermənilər onu maraqlandırırdısa. Məsələ burasındadır ki, bu yaxınlarda İrəvana uçaraq, erməni baş nazir Nikol Paşinyana hərbi yardım vəd edən, regionda sülh prosesini sabotaj etmək üçün öz tvitində lazımsız və məsuliyyətsiz ifadələrə yol verən bir adam heç də bu məsələdə maraqlı görünmür. Əgər belə görünmürsə, deməli, nə USAİD rəhbəri, nə də ABŞ hökuməti baş verə biləcək hadisələri hesaba belə almaq niyyətində deyil. Bu da o deməkdir ki, tamamilə məsuliyyətsizlik edilir və məsuliyyətsiz siyasət yürüdülür.
Liviya, Suriya və Yəmənə Amerikanın müdaxilələrinin də humanitar zəmində olduğunu Samanta Pauer utanmadan və həyasızcasına təbliğ edib. Məsələ burasındadır ki, sadalanan həmin ölkələrin mənzərəsi bunların humanitar zəmində olduğunu deməyə qətiyyən əsas vermir. Çünki edilən müdaxilələr çox böyük fəlakətlərə səbəb olub və bu barədə bütün dünya ictimaiyyəti çox yaxşı bilir. Təsadüfi deyil ki, dünya miqyasında tanınmış siyasətçilər, hətta amerikalı politoloqların özləri də etiraf edirlər ki, həmin müdaxilələrin “humanitar” deyil, qalan bütün zəmində olduğunu demək mümkündür. Ona görə ki, həmin müdaxilələr insan itkilərinin kəskin artmasına gətirib çıxarıb, qaçqın böhranını daha da kəskinləşdirib, ekstremist qruplar üçün imkanlar yaradıb. Elə indi də Qafqazda proseslərə eyni şəkildə məsuliyyətsizcəsinə müdaxilə edilir, ekstremist qruplar üçün imkanlar yaradılır və məhz məsuliyyətsiz siyasət yürüdülməsinin nələrə səbəb olacağı barədə qətiyyən düşünülmür.
Qərbin məsuliyyətsiz siyasət yürütməsinin dəfələrlə şahidi olmuşuq və qonşu ölkələrdə baş verən hadisələr qətiyyən unudulacaq deyil. Gürcüstanda aranı qarışdıran ABŞ indi nə bu ölkəni vecinə almır, nə də zindanda xəstəlikdən əziyyət çəkən Saakaşvili ilə maraqlanmır. Ukraynanı Rusiyaya qarşı qızışdıran amerikalılar bir müddət maddi və hərbi yardımlar etdikdən sonra artıq orada şəhərlərin dağılmasını, viran qalmasını sadəcə olaraq kənardan izləyirlər. Çünki dağılan ABŞ şəhərləri deyil, Ukraynanın şəhərləridir və hətta müharibə bu gün bitsə belə, onların bərpası məsələsinin özü də amerikalıları maraqlandırmayacaq. Əfqanıstanda da bir müddət özünün varlığını göstərən ABŞ-ın “bərk ayaqda” həmin ölkəni Talibana “bağışlayıb” aradan çıxdığı da yaddan çıxan deyil. Bütün bunların fonunda görürük ki, ABŞ tamamilə məsuliyyətsiz siyasət yürüdür və sonda ölkələrin taleyi ilə bağlı rəsmi Vaşinqton zərrə qədər də narahatlıq keçirmir. Sadalanan halların sayını artırmaq da olar, çünki faktlar, arqumentlər yetərincədir, amma qeyd olunanlar özü də Qərbin məsuliyyətsizliyi, ABŞ tərəfindən yürüdülən məsuliyyətsiz siyasəti təsdiq etmək, isbatlamaq üçün kifayət edir. İndi belə bir məsuliyyətsiz siyasət yürüdən ölkə Azərbaycanın nə edəcəyini gözləyir, amerikalılar onlara etibar ediləcəyi qənaətində ola bilərmi? Ermənistan kimi marionet ölkədən fərqli olaraq, Azərbaycanın heç zaman ABŞ-ın mövqeyindən çıxış etməməsi həmin ölkə üçün görünür “xoş” gəlmir. Məhz Vaşinqtonun “xoşuna gəlsin deyə” rəsmi Bakının Rusiya əleyhinə olması ölkəmiz üçün qəbuledilməzdir və ölkəmiz öz milli maraqları cərçivəsində siyasət yürüdür, xüsusən də, qonşu dövlətlərlə münasibətlərinə həssas yanaşır. ABŞ “bəyənsin” deyə, qonşu dövlətə, Rusiyaya qarşı ölkəmiz öz mövqeyini dəyişərək, Vaşinqtonun mövqeyindən niyə çıxış etməlidir? Axı bizə qonşu olan ölkələrdən biri də Rusiyadır və ABŞ niyə çalışır ki, ölkəmiz həmin o qonşu ölkə olan Rusiya ilə münasibətlərimizi pozsun? Əslində, bu qədər oyunlarında ABŞ-ın məqsədi elə budur, amma belə məsuliyyətsiz yanaşması, Ermənistanın timsalında digər ölkələrdən fərqli olaraq, Azərbaycan üçün qəbul oluna bilməz.
Amerika administrasiyasının Cənubi Qafqazda yürütdüyü siyasət, daha doğrusu, etdiyi manipulyasiyalar region xalqlarının maraqlarına ziddir və ancaq zərər vəd edir. Diqqətə çatdıraq ki, Samanta Pauerin uyğunsuz tvitindən də əvvəl, daha dəqiq desək, 15 noyabr tarixində Konqresdə Cənubi Qafqazda sülh prosesi ilə bağlı Amerika siyasətinin absurd və məntiqsiz olan imperializmini parlaq şəkildə nümayiş etdirən dinləmələr keçirilib. Həmin dinləmələrdə ABŞ dövlət katibinin köməkçisi “yardımın dayandırılması” ilə Azərbaycanı təhdid etməyə cəsarət edib və Zəngəzur dəhlizinin yaradılmasından, eləcə də tranzit məsələlərində İranla təmaslardan imtina edilməsi “tələbi” ilə çıxış etmək kimi bir axmaq fikir səsləndirilməsini özünə rəva bilib. Maraqlıdır, Vaşinqtonun indi Bakıdan istədiyi odur ki, həm Naxçıvanla ölkənin qalan hissəsi arasında etibarlı əlaqə planlarından, həm də Cənubi Qafqazın inkişafı ilə bağlı bütün ümidlərdən əl çəksinmi? Yaxud, amerikalılar bu istəklərinin müqabilindəmi “kömək” göndəriləcəyi şərtini qoymaq niyyətindədirlərmi? Yəqin ki, Amerikanın sülh müqaviləsi üzrə danışıqların növbəti raundundan Bakının imtina etməsinin səbəbini amerikalılar başa düşmüş oldular. Təsadüfi deyil ki, Samanta Pauer də təkrarən dərhal meydana çıxmalı oldu və absurd fikirlər səsləndirərək suyu bulandırmağa çalışdı. Amma Azərbaycan heç nəyə məhəl qoymadan sülhün ikitərəfli əsasda bağlanmasını israr etməkdədir. Çünki bəlli oldu ki, Qafqazda sülhün möhkəm, dayanıqlı və sabit olması üçün müqavilə bağlanılması ikitərəfli əsasda olmalı və region ölkələrinin maraqlarını əks etdirməlidir. Hansısa vasitəçinin iştirakı ilə bağlanılan müqavilə isə, tərəflərin, eləcə də region ölkələrinin deyil, vasitəçinin, ələlxüsus da Qafqazda məsuliyyətsiz imperialist siyasət yürüdənlərin maraqlarını əks etdirə bilər və bütün bunlar ölkəmiz tərəfindən ciddi şəkildə nəzərə alınmaqdadır. Təkcə Azərbaycan xalqı deyil, ümumilikdə, Cənubi Qafqaz xalqlarının hamısı özləri üçün yeganə etibarlı gələcəyi Qərbin və ya Şərqin fövqəlgüclərinin təminatlarına bağlamadan, yalnız birlikdə qura biləçəklərini başa düşməli, qəbul etməlidirlər. Başa düşməli və qəbul etməlidirlər ki, ABŞ-ın timsalında hansısa fövqəl dövlətin iyanə, yardım bəhanəsi ilə məsuliyyətsiz imperialist siyasət yürüdərək, regionu təhlükələrə sürükləməsinə deyil, qonşu dövlətlərin öz aralarında mehriban qonşuluq siyasəti yürütməsinə yol açmaq gərəkir və təhlükəsizliyin də, inkişafın da yolu budur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB