Saxta demokratiya, yaxud Paşinyanın nümayiş etdirdiyi SAXTAKARLIQ – TƏHLİL
Avropa Parlamentində, Strasburqda bu ilin 17 oktyabr tarixində çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan “demokratiya” və ya “demokratik” sözündən düz 21 dəfə istifadə edib. Baş nazirin nitqini dinləyərkən görürük ki, əvvəla o bu sözdən sadəcə hiyləgərliklə istifadə edir və niyyəti də demokratiya oyunları ilə Cənubi Qafqaza nüfuz etmək istəyən Qərbin simpatiyasını qazanmaqdır. Digər tərəfdən də görünən odur ki, onun demokratiya dediyi qətiyyən öz ölkəsində yoxdur və öz hakimiyyəti barədə danışarkən saxta demokratiyanı sırımaq cəhdi məhz elə onun özünə məxsus saxtakarlıqdır.
Erməni baş nazirin demokratiya ilə bağlı dediklərinin heç biri Ermənistanda yoxdur
Nikol Paşinyan bu dəfə də Avropa Parlamentində çıxışı zamanı demokratiyanın “təhlükəsizliyi, sülhü, birliyi, firavanlığı və xoşbəxtliyi” təmin etdiyini vurğulayıb. O, hansı təhlükəsizlikdən, hansı birlikdək, yaxud hansı firavanlıqdan, xoşbəxtlikdən danışır heç özü də sanki bilmir, çünki Ermənistanda onun dediklərindən heç biri yoxdur axı. Hal-hazırda daxili çaxnaşma, qarşıdurma, hətta istənilən anda baş tuta biləcək vətəndaş müharibəsi fonunda Ermənistan vətəndaşlarının təhlükəsizliyindən qətiyyən söhbət belə gedə bilməz. Sülh sözü də göründüyü kimi, ermənilər üçün tamamilə yad bir ifadədir və haylarla sülh arasında böyük bir uçurum olduğu göz önündədir, əks halda, bu üç illik fasilədə onların belə bir meylinin olduğunu görmək olardı. Bu qədər etiraz aksiyaları və orada səsləndirilən fikirlər də haylar arasında birliyin yox dərəcəsindən xəbər verir. Qaldı firavanlıq və xoşbəxtlik məsələsinə, Ermənistan vətəndaşları arasında bu sadalananları axtarmaq belə düzgün olmaz. Çünki səfalət içərisində olan, qonşu dövlətlərlə çəkişmə edən bir ölkənin vətəndaşlarının firavanlığından danışmaq belə mümkün deyil. Hər halda, bu qədər qeyd olunanların fonunda xoşbəxtlikdən heç danışıla bilməz. O zaman, Paşinyan hansı demokratiyadan danışır? Axı, onun dediyi ilə razılaşsaq, demokratiya təhlükəsizliyi, sülhü, birliyi, firavanlığı və xoşbəxtliyi təmin etməli idi və əgər bunlar yoxdursa, Vovayev demokratiya dedikdə nəyi nəzərdə tutur və nədən dəm vurur?
İflic vəziyyətində olan ölkədə demokratiyanın fundamental prinsipləri pozulur
Paşinyan hakimiyyətə də demokratik dəyərləri təbliğ etmək bəhanəsi ilə gəldi, amma bütün dünya bu illər ərzində həmin ölkədə demokratiyanın fundamental prinsiplərinin pozulduğunu müşahidə etdi. Reallıq budur ki, Ermənistanda təkhakimiyyətlilik var və bu ölkədə bircə nəfər qərar verir və heç kim buna qarşı gələ bilmir. İstər nazir olsun, istər müşavir, istərsə də öz partiyasının üzvü, Paşinyan onların heç birini eşitmir. Hətta parlament çoxluğunu belə, yaxud prezidentin özünü belə Paşinyan heç dinləmir də. Bütün qərarları da Vovayeviç özü tək qəbul edir. Amma demokratiyadan danışanda ağız dolusu elə danışır ki, onun sözlərinə az qala adamın inanmağı gəlir. “Ermənistan demokratik olmasaydı, sadəcə olaraq iflic vəziyyətinə düşərdi”, deyə bəyan edən Nikol Paşinyanın əslində, demokratiyanın onun ölkəsinə də, hakimiyyətinə də qətiyyən aidiyyəri olmadığını öz ifadələri ilə təsdiq edir, çünki həqiqətən də Ermənistan iflic vəziyyətindədir və onun dediyi ilə razılaşsaq, bu vəziyyət demokratiyanın həmin ölkədə olmadığının təsdiqidir.
Hər dəfə hazırki Ermənistan hökuməti barədə danışanda, “demokratiyanın heç bir prinsipi pozulmayıb”, deyən Nikol gözlərinin içinə qədər yalan söyləyir. Çünki, fakt ondan ibarətdir ki, Paşinyan Ermənistanı polis dövlətinə çevirib. Hakimiyyətə yenicə gəldiyi dönəmdə öz iqamətgahına velosipedlə gedən və bunu nümayişkəranə şəkildə edən erməni baş nazir indi qapıdan çıxarkən az qala yüzlərlə polisin arxasında gizlənir. Polisi özünün müdafiəçisi, mühafizəçisi kimi istifadə edən Paşinyan bunun müqabilində onları “razı” sala bilir. Yüksək maaşla və mükafatlarla “ələ alınan” erməni polisi “aldıqlarının” müqabilində Nikolun daim “qulluğundadır” və heç əmr belə gözləmən onlar etirazçıları vəhşicəsinə döyürlər, dəyənəkləri altında əzirlər və həbs edirlər. Bu mənzərə Ermənistan üçün, onun paytaxtı İrəvanın küçələri üçün artıq adi görüntüyə çevrilib. Bir neçə il bundan əvvəl meydanlarda peyda olan beli çantalı küçə nümayişçisi başına dəyən polis dəyənəyini indi də küçə və meydanlara yığışaraq etiraz edən nümayişçilərin başlarına endirir. Görünənlərdən, müşahidə olunanlardan belə məlum olur ki, işğalçı ölkədə heç zaman demokratiya olmayıb və elə indi də yoxdur, baxmayaraq ki, Nikol bu olmayan demokratiya barədə utanmadan harada gəldi, ələlxüsus da Avropa Parlamentində ağız dolusu danışır.
Repressiyaların olduğu ölkədə demokratiya yox, diktatura rejimi müşahidə edilir
Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən onun siyasi rəqibləri repressiyalara məruz qalıb və hələ də bu qorxu ilə yaşayırlar, hansıki belə bir qorxu heç də təsadüfi deyil. Özündən əvvəlki hakimiyyəti “gözü götürməyən” Nikol onları özünə rəqib belə görməmək üçün ən radikal yollarla da olsa, hər birini zərərsizləşdirməyin vacib olduğunu öz aləmində düşünüb və bunun da acısını çəkən siyasi rəqibləri azlıq təşkil etmir. Məhkəmədə qondarma ittihamlarla ittiham olun siyasi rəqiblərinə qarşı Vovayeviç qətiyyən acımadı və onların həbsi adi hal kimi qəbul olundu. Ölkəsinin ikinci prezidentini gözünü qırpmadan həbs etdirən Paşinyan üçün buna səbəb yalnız onu özünə siyasi rəqib görməsi olub. Bunlar azmış kimi, erməni baş nazir 2021-ci ilin iyununda parlament seçkiləri kampaniyası zamanı daxili rəqiblərini, başlarını sındırmaqla hədələyərək havada çəkic yelləyirdi və bu görüntü foto və video materiallarda də öz əksini tapır. Sadalananları demokratiya “nümunəsi” adlandırmaq olarmı? Ümumiyyətlə, budurmu erməni baş nazirin dəm vurduğu demokratiya? Küçə nümayişlərindən istifadə edib hakimiyyəti zəbt edən beli çantalı, əli sarıqlı etirazçı Nikol bütün bunların fonunda yenə də demokratiyadan danışır.

Kimsənin onu tənqid etməsini belə həzm edə bilməyən Paşinyan üçün tənqidçinin kimliyi qətiyyən heç bir əhəmiyyət kəsb etmir. O, ölkə daxilindəki tənqidçilərə qarşı amansızlığını ölkədən xaricdəkilərə qarşı da nümayiş etdirməkdən çəkinmir. Beləki, Nikolun demokratiya kimi sırımaq istədiyi, əslində isə diktatura olan rejiminin məngənəsindən heç diaspora erməniləri də xilas ola bilmir. Ermənistandan kənarda onu tənqid edənlər də İrəvanın hava limanına çatar-çatmaz bunun acısını yaşamalı olurlar. Nikolun qəzəbinə tuş gələn həmin o tənqidçi diaspora ermənilərinə hava limanına çatdıqları zaman bildirilir ki, onların öz vətənlərinə daxil olmaları artıq qadağan edilib. Maraqlıdır, demokratiya, söz azadlığı prinsipi harada qaldı? Hakimiyyəti küçə nümayişlərində pafoslu tənqidləri və vədləri ilə ələ keçirən beli çantalı etirazçı indi nəyə görə tənqidə dözmur, söz azadlığına qətiyyən imkan vermir və bütün bunların fonunda hələ bir hay həyasızlığı ilə demokratiyadan da danışır və bunu öz ölkəsinə, öz hakimiyyətinə şamil edir. Onun öz ölkəsinə və öz hakimiyyətinə şamil etdiyi saxta demokratiyadır ki, bunu adi müşahidələrlə belə görmək, müəyyən etmək çətin deyil. Saxta demokratiyadan isə bu qədər ağız dolusu danışmaq, mədəni şəkildə ifadə etsək, saxtakarlıqdır.
Ermənistana və bu ölkə liderinə məxsus olan saxtakarlıq nümunəsi
Doğrudur, Ermənistan üçün saxtakarlıq demək olar ki, ənənə hesab olunur, amma Nikol Paşinyanın saxtakarlığı müqaisəyə gəlməyəcək dərəcədə əndazəni aşır. O, Avropa Parlamentindəki son çıxışında öyünüb ki, Azərbaycanın Qarabağ iqtisadi rayonundan olan 100 min qaçqını Ermənistan qəbul edə, onların öhdəsindən gələ bilib, halbuki, statistik rəqəmləri saxtakarlıqla şişirdərək yenə yalan danışıb. “Biz bu işi demokratiya sayəsində şərəflə başa vurduq”, deyən erməni baş nazir uyğun gəldi-gəlmədi yenə də demokratiya sözündən istifadə edib və bu da bir saxtakarlıq nümunəsidir. Əvvəla ona görə ki, qaçqın adlandırdığı insanlar heç yerdən qaçmayıb və ölkəmizin reinteqrasiya, vətəndaşlıq, təhlükəsizliklərinin belə təminatı təklifləri fonunda onların qaçması üçün heç bir səbəb olmayıb, hansıki onlara uzaq başı köçkün demək olar. Digər tərəfdən də günlərini öz maşınlarında keçirən həmin o insanları qarşılamaq, məskunlaşdırmaq üçün rəsmi İrəvan qəpik-quruş paylamaqdan savayı heç bir iş, heç bir hazırlıq belə görməyib, hansıki elə bu səbəbdən də köç edənlərin bir hissəsi artıq Ermənistanı tərk edərək başqa ölkəyə üz tutub. Halbuki, köçkün məsələsi adı ilə bağlı hay-küy salan hayların bu hayasızlığından istifadə edən İrəvan xaricdən kifayət qədər böyük həcmdə vəsaitlər, külli miqdarda pullar dilənib. Eyni zamanda, bu sadalananların fonunda köçkün məsələsinin demokratiyaya aidiyyəti olduğunu Paşinyan özü də izah edə bilməz, baxmayaraq ki, bu sözdən yenə də istifadə etməkdədir.
Özünün Avropa Parlamentindəki 45 dəqiqəlik çıxışını Nikol Paşinyan, demokratiya sözünü iki dəfə mənasız yerə təkrarlamaqla bitirib. “Mən əminəm ki, demokratiya sülh, təhlükəsizlik, birlik, firavanlıq və xoşbəxtlik gətirə bilər. Gəlin bunu birlikdə sübut edək. Yaşasın demokratiya”, deyən erməni baş nazir, onun bu sözləri söyləməsindən kimlərinsə razı qaldığına görə heç də xam xəyallara düşməsin və elə zənn etməsin ki, saxtakarlığı yüksək qiymətə layiqdir. Əslində, Qərbin oynadığı demokratiya oyunlarını saxtakarlıq olsa belə, Nikolun da oynaması onlara xoş gələ bilər, başqa nəyə isə ümid etməsi axmaqlıq olar. Elə Avropa Parlamentinin üzvləri belə, saxta da olsa, demokratiya barəsində ağız dolusu danışmaqdan başqa Ermənistandan, bu ölkənin baş nazirindən konkret heç nə gözləmirlər də, istəmirlər də. Görünür, elə onları da saxtakarlıq qane edir, əks halda, Ermənistanın saxta demokratiyası, eləcə də Nikol Paşinyanın saxtakarlığı barədə irad da olsa bildirərdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB