Deputat Gültəkin Hacıbəyliyə özünəməxsus şəkildə cavab verdi - MÜNASİBƏT

Deputat Gültəkin Hacıbəyliyə özünəməxsus şəkildə cavab verdi - MÜNASİBƏT

“Zəngəzur dəhlizinin açılması 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli bəyanatın tərkib hissəsidir. Azərbaycan özünün suverən ərazisində Üçtərəfli bəyanatın bütün maddələrini icra etdi və etdirdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin fikirlərinə münasibət bildirərkən deyib.

Deputat sözlərinə belə davam edib: “Ermənistan isə bu bəyanatın bəndlərini icra etmədi və Zəngəzur dəhlizi ilə bağlı məsələni yol statusu ilə həll etmək fikrində olduğunu bildirdi.

Azərbaycana Qərbi Zəngəzurdan dəhliz yox, yol statusu ilə kommunikasiyaların açılması o qədər də maraqlı deyil. Çünki, yol statusu ilə artıq İran ərazisindən kommunikasiyaların çəkilməsinə başlanılıb və bu daha təhlükəsizdir. Ona görə də Ermənistanın suverən ərazilərindən güc yolu ilə hər hansı bir dəhlizin açılmasına istəyimiz yoxdur. Amma Ermənistan özü Zəngəzur dəhlizini təklif edərsə Azərbaycan dəhlizin açılmasına hər zaman hazırdır. Dəhliz açılmazsa, Ermənistan yenə də təcrid olunmuş vəziyyətdə qalacaqdır. Ona görə də zaman gələcək və Ermənistan özü Zəngəzur dəhlizin açılması üçün yalvaracaq.

Gültəkin Hacıbəylinin bu məsələ ilə bağlı açıqlamasında yeni bir fikrin olmadığını hesab edirəm. Qonşu dövlətlərlə əməkdaşlıq və sülh şəraitində münasibətlərinin qurulması beynəlxalq siyasətimizin prioroitetidir. Çünki, sülh inkişaf və rifah gətirir. Amma Ermənistanla sülh müqaviləsi olmadığından əməkdaşlığın təşkili mümkünsüzdür. Bununla yanaşı hesab edirəm ki, regionun problemləri kənar qüvvələrin iştirakı olmadan regionda öz həllini tapacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə