“Qubadlının işğaldan azad edilməsi olduqca əhəmiyyətli idi” - DEPUTATIN FİKRİ

“Qubadlının işğaldan azad edilməsi olduqca əhəmiyyətli idi” - DEPUTATIN FİKRİ

“1993-cü ilin yayında Qubadlının işğal olunması ilə həmin dövrdə Ermənistan Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinə nəzarətini təmin etmişdi. 2020-ci il sentyabr ayında Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatlarının qarşısını almaqla yanaşı, Azərbaycan öz torpaqlarının işğaldan azad olunması əməliyyatlarına da başladı və bu 44 günlük Vətən müharibəsinin 29-cu günündə həm də Qubadlının işğaldan azad olunmasını şərtləndirdi. Yəni 2020-ci il oktyabrın 25-də Qubadlı işğaldan azad edildi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, Qubadlının işğaldan azad edilməsi olduqca əhəmiyyətli idi: “Çünki bununla da Qubadlıdan şimal istiqamətində Laçına aparan yol açılırdı. Bu həm də düşmənin dönməz şəkildə məğlubiyyətini şərtləndirirdi. Qubadlının işğaldan azad olunması Azərbaycan ordusu, cəmiyyətində çox böyük ruh yüksəkliyinə səbəb oldu. Növbəti günlər ərzində ordumuz daha sürətlə irəliləməyə başladı. Bununla da 44 günlük Vətən müharibəsi Azərbaycanın mütləq qələbəsi ilə başa çatdı, düşmən kapitulyasiya etdi. Qubadlının işğaldan azad olunması cənub istiqamətindən şimala doğru işğalçı ordunun sıxışdırılması baxımından və digər istiqamətlərdən də hücumlarımızın daha effektiv olmasına səbəbiyyət verdi.

Qeyd etmək lazımdır ki, Qubadlı gələcəkdə Azərbaycanın həm də gücünün işğalçı Ermənistan tərəfindən daha aydın dərk edilməsini təmin etdi. Qubadlının düşmən işğalından azad olunmasından sonra Ermənistan ordusu sırasından fərarilik halları daha geniş vüsət almağa başladı. Bir sözlə, 2020-ci il oktyabrın 25-i Qubadlının işğaldan azad olunması Azərbaycanın hərb tarixinin çox mühüm səhifələrindən birini yaratmış oldu”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə