Zərərçəkmiş: “Şüşələrimizi sındırıb evimizi gülləbaran etdilər”
“Meşəlidə evimizdə olarkən qəflətən ermənilərin hücumuna məruz qaldıq. Onlar şüşələrimizi sındırıb evimizi gülləbaran etdilər”. SİA xəbər verir ki, bu sözləri Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə baxışında zərərçəkmiş Firuzə Mehralıyeva deyib.
O, sözlərinə belə davam edib: “Ailə üzvlərimizlə birlikdə döşəmənin altında gizlənmişdik. Həmin vaxt ərim Mürsəl ayağından güllə yarası almışdı. Ermənilər evimizin qapısını açıb gülləni mənim üzümə dirəmişdi. Səs-küy salıb kənara çəkildim. Alçaq boylu orta bədənli, zireh dəmir forma geyinmiş maskalı erməni təpiklə mənim sağ böyrümə arxadan bir neçə dəfə vurdu.
Təxminən 3 saat ermənilər evimizi güllə yağışına tutdular. Həmin vaxt evimizdə olan iki polis yaralandı. Onların birinin adı Elçindir, o birini xatırlamıram.
Həmin gün saat 9 radələrində Tofiq Hüseynovun dəstələri gəlib bizi ermənilərin əlindən qurtardı. Həmin gün erməni quldurları kənddə olan dayım oğlu Allahverdi Novruzov, anası Adilə və qızlarını öldürdülər. Allahverdinin oğlunu isə girov götürmüşdülər. O oradan qaçıb qurtuldu və hazırda Bakıda polis işləyir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB