"Onlar taktikalarını imtina və inkarçılıq üzərində qurublar" - MÜNASİBƏT BİLDİRİLDİ
"Bu kimi fikirləri söyləyən insanlar adətən həm gözüqıpıq, həm də demokratiya və azadlıq məfkurəsindən uzaq olanlardır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov AXCP sədrinin müavini Ayaz Məhərrəmlinin "Biz, bizim olan torpaqları azad edirik deyib, imperialist Rusiyanın cənginə, ermənilər isə onların olmayan torpaqları təhvil verib, azadlığa, mütərəqqi dünyaya doğru irəliləyirlər. Hər iki xalq yol ayrıcına gəlib. Birimiz işıq gələn tərəfə, o birimiz it hürən tərəfə gedirik. İt hürən tərəfə gedən erməniləri işıqlı gələcək, işıq yanan tərəfə gedən azərbaycanlıları isə orada Rusiya adlı təpəgöz div gözləyir" fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bunların təfəkkürü və dünyagörüşü ağ-qaradır: "Onlar vaxtilə, qısa müddət ərzində Azərbaycanda hakimiyyətə gələrək öz dırnaqarası məharətlərini göstərdilər. Xatırlayıram ki, o dövrlərdə bunlar qaragüruh timsalında meydanlarda insanları çaşdırır və yanlış yollara sövq edirlər. Bir il ərzində hakimiyyətdə olduqları zaman ümumiyyətlə konstruktiv təkliflər paketi, antiböhran proqamı və ya buna bənzər işlək müxanizmlər qura bilmədilər.
Əvvəla onlar göstərdilər ki, ancaq dil və danışıq qəhrəmanlarıdır. İlk növbədə onların bacarıqları öz yerində qalsın ki, bu sıfıra bərabərdir. Fikirləri də qırıq-qırıq ordan-burdan götürülmüş fikirlərdir. Onlar yenə də Azərbaycan dövlətinin gördüyü işlərə kölgə salmağa çalışır, faktiki olaraq ciddi məsələlərlə bağlı bayağı fikirlər söyləyirlər. Çalışırlar ki, insanları yenə çaşdırsınlar".
Tofiq Abbasov sözlərinə belə davam edib: "Birincisi, əgər bu adamlar həqiqətən də intellekt sahibləridirlərsə, küçə leksikonuna son qoysun, hansı ideologiyanın tərəfdarı olduqlarını və alternativi nədə gördüklərini bildirsinlər. Müxalif olmaq o demək deyil ki, mən nəyin bahasına olursa olsun satqınlıq və ya riyakarlıq yolu ilə hakimiyyətə gəlmək istəyirəm. Müxalif olmaq o deməkdir ki, hakimiyyət, onun dövlət proqramı və inkişaf konsepsiyası varsa, müxalifətin özünün bu kimi sənədləri, hazırlığı və bazası olsun. Bunlar yalnız və yalnız öz taktikalarını imtina və inkarçılıq üzərində qurublar. Burada strategiyadan söhbət gedə bilməz.
Əgər onlar işıq gələn tərəfi Qərbin timsalında görürlərsə, Qərb dünyasının o qədər özünəməxsus problemləri var ki... Orada anti-islam, anti-türk meyilləri son dərəcə güclənib. Müxalifət bunu görmək istəmir və Qərbdə müsəlman birliyinə böyük nifrətin olduğunu ört-basdır edir. Bizim özlərini siyasətçi adlandıran cılız adamlarına özlərini sırıyırlar ki, onların həm saqqızını oğurlasınlar, həm də onları öz tərəflərinə çəksinlər. Çünki bu yolla onlar da Azərbaycanın daxilində lazım olduqda vəziyyəti gərginləşdirsinlər və inqilabi proseslərə yol açsınlar. Bu proseslərin hamısı müasir nəslin gözündə o qədər də qeyri-müəyyən deyil.
Onların bu çağırışları yersizdir. Əgər bu adamlar bu dünyanı, yaxud Azərbaycanı dəyişmək istəyirlərsə, gərək birinci özlərindən başlasınlar".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB