Azərbaycan kinematoqrafçılarının çəkdiyi “Yuxu” filminə yəqin ki, baxmısınız. Orada bir epizod var, polis rəisi İraqda neft sahəsində çalışan gələcək kürəkəni ilə telefon söhbəti zamanı qızının guya qaçırıldığı barədə xəbəri eşidəndən sonra “mən elə bilirdim ki, dedi-qodu təkcə bizdədir, sən demə oralar lap “mejdunarodu” (yəni beynılxalq – müəllif) imiş ki” deyə gileylənir. O kişinin sözü olmasın, mən dedi-qodu eşitmişdim, amma beləsini yox. Ermənilər bu yola da əl atdılar, yalanı, dedi-qodunu lap beynəlxalq səviyyəyə qaldırdılar.
Əvvəlcə, gələn il ABŞ-də keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürən Vivek Ramasvaminin səriştəsizliyindən istifadə edən ermənilər onun dili ilə Azərbaycana qarşı qərəzli ittihamlar irəli sürdülər. Hind əsilli siyasətçi təşviqat xarakterli müsahibəsində ermənilər tərəfindən Gəncə və Bərdə şəhərlərinə raket hücumunun kadrlarını nümayiş etdirərək izləyicilərə yalan məlumat verdi. Kadrlarda raket hücumuna məruz qalanların ermənilər olduğunu bildirdi. Vivek Azərbaycanı ittiham edərkən fonda gedən kadrlar Ermənistanın törətdiyi Gəncə və Bərdə terrorundan olub. Bu görüntülərlə bağlı Azərbaycan Prezidenti İlham Əliyev də danışdı və videosüjeti sərt tənqid etdi. Bildirdi ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi uzaqmənzilli artilleriyadan, o cümlədən ballistik raketlərdən atəşə tutdu. Bunun nəticəsində bizim uşaqlar da daxil olmaqla, yüzdən artıq mülki vətəndaşımız həyatını itirdi. Məhz sözügedən həmin namizəd, Azərbaycanı ittiham edərək, ermənilərin Gəncəyə və Bərdəyə hücumlarının kadrlarını nümayiş etdirir. İndi bu insanlarla necə danışmaq olar, onlara nəyi izah etmək olar? Onlar heç nə eşitmək istəmirlər. Onlar mərkəzdən verilən təlimata uyğun hərəkət edirlər.
Kələklərinin üstünün açıldığını hiss edincə Amerika Erməniləri Milli Komitəsi (ANCA) həmin kadrları öz səhifələrindən dərhal yığışdırdılar. Bəli, ermənilər belədir, yalanları ifşa olunana qədər gedirlər, dişləri daşa, başlarına yumruq dəyəndə qəflət yuxusundan oyanırlar, ya da fikirlərini dəyişirlər. İndiyə qədər Qarabağ həqiqətlərinin niyə dünya birliyi tərəfindən qəbul edilməməsinin sirrini də burada axtarmaq lazımdır. Dünyanın bəzi mərkəzlərinə erməni təbliğatını aparmaq, müsəlman Azərbaycana qarşı dişini qıcamaq sərf edir. Çünki ermənilər rüşvəti dollarla, virtual valyutalarla etməyin yollarını çox yaxşı bilirlər. Onların tətbiqini izləmək də çətinlik törədir. Sonra da, “Qərb dünyası rüşvətin nə olduğunu bilmir” yalanları ilə özümüzü ovuduruq. Əksinə, onları korrupsiya və rüşvəti “mejdunarodnu”dur.

Ermənilərin növbəti beynəlxalq yalanı bir az danışdığımız dedi-qodu ilə daban-dabana gəldi. Məsələ burasındadır ki, Ermənistanda ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Zəngəzur dəhlizi adlanan ərazidən hərbi yolla Naxçıvana keçmək planlarından daim danışılır. “Politico” nəşri isə yazıb ki, ötən həftə ABŞ-ın Dövlət Katibi Antoni Blinken kiçik konqresmenlər qrupuna Bakının yaxın həftələrdə Ermənistana hücum planları barədə xəbərdarlıq edib. Nəşr onu da xatırladıb ki, bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev İrəvanı öz eksklavına yolu açmağa çağırıb və bundan imtina etsə, problemi “zorla” həll edəcəyi ilə hədələyib. Bundan əlavə, onlar bildiriblər ki, Vaşinqton Azərbaycana 2002-ci ildən verilən hərbi dəstəyi uzatmağı planlaşdırmır. Eyni zamanda, Politico-nun məlumatına görə, Blinken Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli cəhdlərinin uğur qazanacağına inanmaqda davam edir.
Antoni Blinkenin”fikrinə” rəsmi dairələrdə tam fərqli reaksiya verdilər. Dünya mətbuatı, eyni zamanda yerli media bu xəbərin ABŞ tərəfindən ortaya atılmış bəhanə kimi qəbul etdi. Hətta, bunun Azərbaycana qarşı sanksiyaların tətbiqinə gətirib çıxaracağını, o cümlədən növbəti gərginliyin baş verəcəyini deyənlər də az olmadı. Məsələnin dövlətlərarası qalmaqala səbəb olacağı təhlükəsi rəsmi Vaşinqtonu hərəkətə gətirdi. Ağ Ev administrasiyası “Politico” nəşrini yalnız ikinci cəhddə təkzib etdi. Erməni mediası ABŞ Dövlət Departamenti ilə ən azı iki dəfə nəşrin doğruluğunu aydınlaşdırmağa çalışıb. Departament ilk dəfə cavab verib ki, Vaşinqton münaqişənin bütün tərəfləri ilə ən yüksək səviyyədə əməkdaşlıq edir, “ləyaqətli və davamlı sülhə” çalışır. Eyni zamanda, güc tətbiqinin qəbuledilməz olduğunu vurğulayıblar. İkinci dəfə Dövlət Departamenti daha aydın cavab verib: “ABŞ Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir. Biz vurğuladıq ki, bu suverenliyin və ərazi bütövlüyünün istənilən pozulması ciddi nəticələrə gətirib çıxaracaq. “Politico” nəşrinin məqaləsindəki məlumat yanlışdır və dövlət katibi Blinkenin qanunvericilərə dediklərini heç bir şəkildə əks etdirmir”.
Buna baxmayaraq, oktyabrın 9-da Ermənistanın Aİ-dəki səfiri Tiqran Balayan “Brussels Signal”-a müsahibəsində bildirib ki, İrəvan “bir neçə həftə ərzində” Azərbaycandan hücum gözləyir. Onun fikrincə, ölkə “birbaşa işğal təhlükəsi altındadır”.
Erməni politoloq Arşaluys Mqdesyan da əmindir ki, iki ölkə arasında hərbi toqquşma ehtimalı jurnalistlərin uydurması deyil, real təhlükədir. “Ermənilərin Qarabağı tərk etməsi Bakı ilə İrəvan arasında münaqişənin sona çatması demək deyil. Xüsusilə kommunikasiyaların blokdan çıxarılması ilə bağlı digər problemli məsələlər də var. Eyni zamanda, Azərbaycan Türkiyə ilə tandemdə fəaliyyət göstərir. Xüsusən də Zəngəzur dəhlizi mövzusunu növbə ilə qaldırırlar”, - erməni ekspert qeyd edib.
Onun fikrincə, danışıqlar prosesinin indiki mərhələsində Əliyev qərara gələ bilər ki, o, artıq Avropa İttifaqından və ABŞ-dan lazım olan hər şeyi alıb. Xüsusilə, ermənilərin köçürülməsi Qərbdə kəskin tənqidlərə səbəb olmadı və Azərbaycana qarşı sanksiyalara səbəb olmadı. “Bu baxımdan Əliyev danışıqları onun kimi Zəngəzur dəhlizinin, yəni xüsusi statuslu yolun açılmasında maraqlı olan Rusiyaya ötürməyə cəhd edə bilər, məsələn, təhlükəsizliyi təmin edəcək rus ordusu. Danışıqlar uğur qazanmasa, münaqişənin eskalasiyasını gözləmək olar”, - deyə Mqdesyan yekunlaşdırıb.
Öz növbəsində azərbaycanlı politoloq İlqar Vəlizadə ermənilərin narahatlığını onların Qarabağ münaqişəsini düzgün anlamamasının əksi hesab edir. “Azərbaycan Qarabağı azad edəndə öz ərazisi daxilində hərəkət etdi. Heç kim başqasının torpağına hücum etmək fikrində deyil. Bunu bu günlərdə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov da deyib. Eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Zəngəzur dəhlizi olmasa, yol İrandan keçəcək, yəni nə Ankara, nə də Bakı Ermənistanda hərbi əməliyyat planlaşdırmır”, - Vəlizadə əmin edib.

O, “Politico” nəşrini İrəvanın Qərb ölkələri ilə flört etmək cəhdləri ilə əlaqələndirir. “Əgər Zəngəzur bölgəsində hərbi əməliyyatlar başlasa, bu, Azərbaycanla İrəvanın üzvü olduğu KTMT, eyni zamanda həmin ərazidə sərhədçiləri olan Rusiya və Zəngəzur dəhlizinin sərhədi boyunca keçməli olan İran arasında toqquşmaya səbəb olacaq. Bakının belə risklərə ehtiyacı yoxdur”, - Vəlizadə izah edib.
Digər tərəfdən, İrəvan qonşusu ilə mövcud problemləri həll etməyə deyil, münaqişədən ABŞ və Avropa İttifaqı ilə danışıqlarda istifadə etməyə çalışır. Görünür, o, Rusiyanın zəif olduğunu və ona heç bir şəkildə kömək edə bilməyəcəyini açıq şəkildə bildirir.
Bu arada Rusiya prezidenti Vladimir Putin MDB-nin Bişkek sammitində çıxışı zamanı bildirib ki, Moskva Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yardım etməyə hazırdır. Xüsusilə, Kreml danışıqlar üçün platforma verə bilər. Postsovet Araşdırmaları Mərkəzinin Qafqaz sektorunun baş elmi işçisi Aleksandr Krılov xəbərdarlıq edir ki, tərəflərin barışması yeganə mümkün ssenari deyil. Regionda vəziyyət son dərəcə qeyri-sabitdir. 44 günlük müharibədən 3 il keçib və kommunikasiyalar hələ də açılmayıb. Krılov hesab edir ki, əgər hər şey 2020-ci il üçtərəfli atəşkəs razılaşmasına uyğun getsəydi, hər şey artıq razılaşdırılardı. Amma Qərb Rusiyanın regionda təhlükəsizliyin təminatçısı kimi çıxış etməməsi üçün hər şeyi edir, ona görə də problemlər həll olunmamış qalır. Eyni zamanda Qərbin özü də heç nə vermir. Bölgə daha böyük Yaxın Şərqin bir hissəsinə çevrilərək, onun mövcudluğunu təhlükə altına ala bilər.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB