Qırğız Respublikasında çox önəmli siyasi hadisələr baş verməkdədir. Hadisələrin bu cür inkişafı MDB-nin, hətta KTMT-nin sonunu da gətirə bilər, yaxud bu ittifaqlarda dərin islahatları tezləşdirər. SSRİ-nin varlığında əsas rol oynayan 15 respublikanın hələlik yarıdan çoxu yeni birlikdə - MDB-də təmsil olunurlar. Baltikyanı ölkələr Sovetlərə gec birləşdikləri kimi, tez də bu qurumu tərk etdilər. Gürcüstan separatçı “respublikalar” səbəbindən Rusiya ilə əlaqələrini kəsmək qərarına gəldi və 2008-ci ildən başlayaraq qurumdan uzaqlaşma yolunu tutdu. Ukrayna da son hadisələrdən bir az əvvəl – 2014-cü ildən başlayaraq vidalaşma yolunu tutub və Qərbdə özünə dost axtarır. Moldova da oxşar taleni yaşayır. Sonuncu “təxribatçı” ölkə olmağa namizəd hələlik Ermənistandır. Azərbaycanla 44 günlük müharibədə məğlub olmasının ən başlıca səbəb kimi KTMT-yə üzv ölkələrin İrəvana birbaşa yardım etmədiyini səbəb kimi gətirən Ermənistan da Qərbə tərəf boylanmaqdadır.

Qırğızıstanın baş kəndi Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası keçirilir. Ermənistan hələ də qurumun üzvü olsa da tədbirə qatılmayıb. Səbəb Rusiya ilə aralarındakı problemlər göstərilir. Amma uzun müddət Rusiya ərazisini tərk etməyən, beynəlxalq tədbirlərə qatılmayan Rusiya prezidenti Vladimir Putin Bişkek gtoplantısında iştirak edir. Putin Azərbaycan Prezidenti ilə görüşlər keçirib, fikir mübadiləsi aparıb. Hətta Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Ermənistan və Azərbaycanı üçtərəfli sammitə dəvət etmək niyyətindədirlər. Bildirib ki, yaxın vaxtlarda onun keçirilməsi tarixlərinin razılaşdırılması planlaşdırılır.
“Biz növbəti sammitin üçtərəfli formatda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilməsini təklif edəcəyik və ümid edirik ki, yaxın gələcəkdə onun keçirilmə tarixlərini razılaşdıra biləcəyik”, - deyə cənab Uşakov bildirib. O, həmçinin Birləşmiş Ştatlar və Avropa İttifaqını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinə soxulmağa çalışmaqda və “ən yaxşı təcrübələrimizdən” istifadə etməkdə ittiham edib.
Rusiya prezidenti Vladimir Putin isə bildirib ki, Moskva Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına, o cümlədən Moskvada danışıqların təşkilinə yardım etməyə hazırdır. “Xüsusən, biz lazım gələrsə, istənilən formatda Moskvada danışıqların təşkili ilə razıyıq. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və ekspertləri arasında danışıqlara başlanmalıdır”, – prezident deyib.
Putinin sözlərinə görə, “uzun müddətdir davam edən münaqişəyə nəhayət son qoymaq” üçün sazişlərin hazırlanması gündəmdədir. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Bişkekdə baş tutan görüşdə digər məsələlərlə yanaşı, Qarabağ münaqişəsinin həlli məsələlərini də müzakirə ediblər. Vladimir Putinin əlavə edib ki, Qarabağdakı rus sülhməramlıları, öz öhdəliklərini “vicdanla yerinə yetiriblər”. Onlar Ermənistan və Azərbaycan ilə 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli sazişlərə əsasən Qarabağ ərazisində yerləşirlər. Sülhməramlıların regionda qalma müddəti 5 ildir və onların vəzifəsi atəşkəsə nəzarət etməkdir. Oktyabrın 6-da Rusiya Müdafiə Nazirliyi üç sülhməramlı postun bağlandığını elan edib. Eyni zamanda, əvvəllər də bildirildiyi kimi, hələlik onların regiondan çıxarılması nəzərdə tutulmayıb.

Sentyabrın 19-da Azərbaycan “antiterror tədbirləri”nə başlayıb və nəticədə 2024-cü il yanvarın 1-dən Dağlıq Qarabağın mövcudluğu dayandırılıb.
Qeyd etdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin oktyabrın 12-də Qırğızıstanda keçirilən MDB dövlət başçılarının iclasına gəlib. Rusiya Federasiyasının rəhbərinin xaricə bu səfəri 2023-cü ilin martından, Beynəlxalq Haaqa Məhkəməsinin onun həbsinə order verdiyi vaxtdan bəri ilk dəfə baş verib. Putin Bişkekdə Rusiya Federasiyasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) çoxdankı müttəfiqlərindən biri, MDB sammitinə məhəl qoymayan və əvvəllər Roma Nizamnaməsinin ratifikasiyasını təşviq edən Ermənistanın baş naziri Nikol Paşinyanın nümayəndəsi ilə görüşməyib. Ermənistan parlamentinin bu addımı Rusiya Federasiyasında qeyri-dost addım kimi qəbul edilib.
Vladimir Putin cümə axşamı Birlik ölkələrindən olan həmkarları ilə ikitərəfli danışıqlar aparıb. O, təkcə Qırğızıstan rəhbəri Sadır Japarovla deyil, Azərbaycan prezidenti İlham Əliyevlə də görüşüb. Rusiya Federasiyası və Azərbaycan başçıları arasında ünsiyyət üçün mühüm mövzu Azərbaycan qüvvələrinin Qarabağda Rusiya sülhməramlıları ilə qarşılıqlı əlaqəsidir.

Rusiya hərbçiləri hazırda Qırğızıstanda KTMT ölkələrinin sülhməramlı kontingentlərinin “Sarsılmaz Qardaşlıq - 2023” birgə təlimlərində iştirak edir, fəal mərhələsi bu həftə Qırğızıstanın “Edelveys” poliqonunda başlayıb. Cümə axşamı səhər Bişkekə gələn Putin Rusiyanın Kantdakı hərbi bazasının 20-ci ildönümünün qeyd edilməsində iştirak edib, həmçinin təlimlərin gedişi ilə bağlı hesabatı dinləyib. Cümə günü o, Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri ilə birlikdə MDB dövlət başçılarının sammitində iştirak edib.
2003-cü ildə Sovet qarnizonundan çıxan Rusiyanın Kant aviabazası KTMT-nin Mərkəzi Asiya regionunun Kollektiv Çevik Yerləşdirmə Qüvvələrinin (CRDF) aviasiya komponentidir. “Bu hərbi forpost respublikanın müdafiə qabiliyyətinin gücləndirilməsinə, bütün Mərkəzi Asiya regionunda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə, terrorizm, ekstremizm, narkotik ticarəti və mütəşəkkil cinayətkarlıq kimi kəskin çağırış və təhdidlərə qarşı mübarizəyə mühüm töhfə verir”, deyə məlumatda deyilir.
KTMT-nin qərargahından verilən rəsmi məlumatlara görə, oktyabrın 12-də CRRF təlimlərində iştirak edən Kant aerodromundan Su-25, Su-30 döyüş təyyarələri və Mi-8, Mi-17 və Mi-24 helikopterləri havaya qalxıb. Cümə axşamı onların “regionda sülhməramlı əməliyyatlar zamanı KTMT bölmələrinin praktiki bacarıqlarının təkmilləşdirilməsi” ilə bağlı yekun mərhələsi olub. Manevrlərdə Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan sülhməramlı qüvvələrinin milli kontingentindən 1500-ə yaxın hərbi qulluqçu və 200-dən çox zirehli texnika iştirak edib. “Sarsılmaz Qardaşlıq - 2023” manevrlərinin birgə mətbuat mərkəzindən verilən məlumata görə, İssık-Kul gölünün sularında ilk dəfə döyüş qayıqlarından istifadə edilib və əməliyyatlar həyata keçirilib. Təlimin planına əsasən, gölün sahil sularında patrul xidmətinə akvatoriya mühafizə gəmiləri qrupundan 6 kater, o cümlədən RVK-1328 “Vitse-Admiral Temirov” dalğıc kateri cəlb edilib”.
2023-cü ilin sentyabrında “Döyüş Qardaşlığı - 2023” təlimlərinə ermənilər razılıq vermədilər, üstəlik ABŞ nümayəndələri ilə oxşar sülhməramlı təlimlər keçirdilər. Paşinyan MDB dövlət başçılarının cümə günü keçiriləcək sammitində də iştirak etmədi. Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov Paşinyanın Bişkekdə olmamasının səbəbini onların nə olduğunu açıqlamadan “müəyyən hallar”la izah edib.
Azərbaycan Prezidenti İlham Əliyev də buna özünəməxsus şəkildə reaksiya verib. Oktyabrın 11-də Birlik ölkələrinin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Şurasının iştirakçıları qarşısında çıxış edərək xatırladıb ki, “Ermənistanın baş naziri Qranadaya 6 saat uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə olunduğu anlaşılmaz görüşdə iştirak edir və Bişkekə iki-üç saat uça bilmir”.
Uşakovun sözlərinə görə, Rusiya-Azərbaycan sammitində digər əsas mövzularla (iqtisadi, humanitar və s.) bərabər Rusiya sülhməramlılarının gələcək fəaliyyəti müzakirə olunub. “Sülhməramlı kontingentimizin mandatı 2025-ci ilin dekabrında başa çatır və kontingentimizdən gələcəkdə mümkün istifadənin müxtəlif variantları nəzərdən keçiriləcək”, - deyə Uşakov bildirib.

Rusiya Müdafiə Nazirliyinin oktyabrın 12-də verdiyi məlumata görə, Qarabağdakı qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi və ləğvi ilə əlaqədar Əsgəran, Şuşa, Xocavənd və Ağdərədən Rusiya sülhməramlılarının 6 müşahidə məntəqəsi və 15 müvəqqəti müşahidə məntəqəsi 2023-cü il sentyabrın 19-dan bağlanıb. Bununla belə, Rusiyanın “mavi dəbilqəlilər”inin Qarabağdakı əsas hissəsi fəaliyyətini davam etdirir. Moskva nümayiş etdirir ki, sülhməramlı kontingentini geri çəkmək niyyətində deyil. Oktyabrın 5-də Soçidə “Valday” klubunun iclasında Putin deyib: “Rusiya Qarabağ ermənilərinə kömək etməyə davam edəcək, çünki onlar öz evlərinə qayıda bilərlər. Paşinyan bu yaxınlarda demişdi ki, “Qarabağdakı rus sülhməramlıları bölgəni tərk edərlərsə, o zaman onlar Rusiya Federasiyasına qayıtmalıdırlar, Ermənistana yerləşdirilməməlidirlər”.
Hərbi ekspertlər də hesab edirlər ki, Paşinyan nəhayət, Moskva ilə əlaqəni kəsmək istəyir və indi Qarabağda və Ermənistanda baş verən bütün bəla və münaqişələrdə Rusiyanı günahlandırır. Bu, ABŞ-ın dəstəyi ilə həyata keçirilir. Qərb Paşinyanın köməyi ilə Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir. Popovun sözlərinə görə, İrəvan KTMT-nin potensialından məqsədli şəkildə Cənubi Qafqazda Qərbin mövcudluğuna yol vermək üçün istifadə etmir. Bu, artıq İrəvanın KTMT missiyasının münaqişə zonasında və Ermənistanda yerləşdirilməsinə razılıq verməkdən imtinasında özünü göstərib və səmərəsiz Aİ missiyasının xeyrinə seçimini edib. Onun üçün NATO ölkələri, o cümlədən Fransa hazırda onun ən yaxşı dostudur.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB