Əli Kərimli təsir altında olduğunu nümayiş etdirir ANALİZ

Xalqın birliyi, vəhdəti hesabına işğal altında olan torpaqlarımız azadlığına qovuşdu. Artıq niskilli ərazilərimiz rahat nəfəs alır. Hər yerdə tikinti, bərpa, quruculuq işləri həyata keçirilir. İnsanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Hər kəsin üzü gülür, haqlı olaraq qürurlanır. Lakin yenə də müxalifət ənənəvi ampluasındadır. Yenə də uğurlarımıza, qazanılan qələbəyə kölgə salmağa çalışır. Bu da onu bir daha təsdiqləyir ki, hələ də dağıdıcı müxalif partiya funksionerləri meydan təfəkküründən, küçə davranışından xilas ola bilməyiblər. 30 ildir ki, dağıdıcı müxalifət başbilənləri məqsədlərinin və istiqamətlərinin nədən ibarət olduğunu dərk etmirlər. Yəni, dağıdıcı ünsürlər köhnə düşüncədə və meydan təfəkküründə qalmaqdadırlar. Sadəcə, xaricdən aldıqları maliyyə yardımları hesabına əyin-başlarını və yaşayış durumlarını dəyişiblər, ancaq düşüncə və davranışları 1988-1990-cı illərdə olduğu kimi qalmaqdadır. Misal üçün, milli maraqlara qarşı qərəzli mövqe sərgiləyir, dövlətçiliyə qarşı əsassız ittihamlar irəli sürür, xarici maraqlı dairələrin sifarişləri əsasında Bakının mərkəzində icazəsiz aksiyalar keçirməyə cəhdlər göstərirlər.

Deyəsən, dağıdıcı müxalifət Sorosdan yeni təlimatlar alıb

Azərbaycanın hər bir uğuru dağıdıcı müxalifəti ciddi narahat edir. Bu baxımdan, sosial şəbəkələr vasitəsi ilə qərəzli, şər və böhtan xarakterli məlumatlar yayırlar. Hətta o dərəcədə qara niyyətə, bəd əməllərə sahibdirlər ki, torpaqlarımız üzərində suverenliyimizin bərpa olunmasına paxıllıq hissi ilə yanaşırlar. Çox vaxtı dəxli olmayan, mövzudan uzaq olan fikirlər səsləndirib mövqe ifadə edirlər. Əli Kərimli, Fuad Qəhrəmanlı, Cəmil Həsənli, Tofiq Yaqublu, Gültəkin Hacıbəyli və digərləri indi də deyirlər ki, "Zəngəzur dəhlizi nə zaman açılacaq", "Rus sülhməramlılara nə zaman Qarabağdan çıxacaq", "Güney Azərbaycana nə vaxt sahib olacağıq" və bu kimi hazırkı mərhələdə müzakirəsinə zərurət olmayan fikirlər səsləndirirlər. AXCP sədri Əli Kərimli sosial şəbəkədə paylaşımında yazır: "Bəs Rusiya "sülhməramlılarının" taleyi necə olacaq? 2025-ci ili gözləməyin heç bir mənası yoxdur. Müzakirə ediləcək məsələ də yoxdur. Qarabağda indi üz-üzə duran silahlı tərəflər, təmas xətti yoxdur ki, "sülhməramlının" iştirakı üçün də bəhanə olsun. Rusiya ordusunun Qarabağda qalması üçün nəinki səbəb, heç bəhanə də qalmadı. Rusiya ordusu ləngimədən Qarabağdan çıxarılmalıdır. Bəs Zəngəzur dəhlizi necə olacaq? Rusiyanın bizi Ermənistanla müharibəyə qoşmaq şansı hələ də qalırmı? Türkiyə nə deyir bu barədə? Bu məsələdə ən həlledici faktorlar nələrdir? Biz xalq olaraq nələrə imkan verməməliyik?". Qısası cəfəng, mənasız, yersiz fikirlərlə Ə.Kərimli, əslində, idarəolunan məxluq olduğunu göstərir. Həm də el məsəlində deyildiyi kimi, aşığın sözü bitəndə daley-daley edən kimi Ə.Kərimli kimilərin də danışmağa sözləri bitdiyindən dəxli olmayan ifadələrlə çıxış edirlər.

R.Nurullayev: "Müxalifət olmaq olar, amma birinci dövlətçi olmaq lazımdır"

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev parlamentdə çıxışı zamanı Ə.Kərimlini və trollarını haqlı mövqeyi ilə ifşa edir: "44 günlük İkinci Qarabağ savaşından sonra radikal siyasi və qeyri-siyasi qüvvələrdən ən çox eşitdiyimiz sözlər niyə Laçını azad etmədik idi. Laçın şəhəri, Zabux və Sus kəndləri nəzərdə tutulduğundan daha tez azad edildi. Prezident İlham Əliyev həqiqətən də qətiyyət və barışmazlıq nümunəsi, o cümlədən diplomatiya bacarığı göstərdi. Bəs niyə Əli Kərimli və digərləri İlham Əliyevi təbrik etmədi, xoş söz söyləmədi, üstəlik, zəfərə kölgə salmağa çalışır. Axı İlham Əliyev Şah İsmayıl Xətai, Nadir şah Əfşardan sonra ilk rəhbərdir ki, torpaq itirmir, torpaq qazanır, dünyaya səs salır və az qala dünya ilə savaşıb qalib gəlir. Bu, bizim hamımız üçün fəxr və başucalığı deyilmi? Dünyada bir ölkə göstərin ki, münaqişəni yüz faiz öz xeyrinə həll edə bilsin? Bu nümunəni də Prezident İlham Əliyev yaratdı. Laçın alındı, başladınız Xankəndi niyə separatçıların əlindədir, "niyə antiterror əməliyyatı keçirilmir" dediniz. Tədbirlər keçirildi, Xankəndi azad edildi, bütün Qarabağda suverenliyimiz bərpa edildi, separatçılar silahlarını təhvil verdilər, qaçıb dağılışdılar və bütün planları yerlə-yeksan oldu. Bunu yaratdığı ordu ilə, inandığı və etibar etdiyi qəhrəman Azərbaycan əsgərinin gücü ilə etdi. Ağılın belə dərk etmədiyi, yuxumuzda belə görmədiyimiz gerçəkliyi yaratdı. Bəs İlham Əliyev haqq etmir ki, onu təbrik edib xoş sözlər deyəsiniz? Axı o həyatını bu xalqa həsr etdiyini əməli və dünyanın haqsız tələbləri qarşısında mətanətli duruşu ilə sübut edib. Niyə qəlbinizdəki nifrəti silib ata bilmirsiniz? Məgər içinizdə qaynayan nifrətin ölkəmizə zərər verdiyini görmürsünüz?"

R.Nurullayev onu da bildirir ki, müxalifət olmaq olar, amma birinci dövlətçi olmaq lazımdır: "Barmağınızı qatlayın görək İsraildən başqa hansı ölkə cinayətkarları, xüsusən də cibində milyardlarla dollar daşıyan və dünyada söz sahibi olan birini tutub başına torba keçirsin? Ruben Vardanyan kimi bir avnatüristi və terroru dəstəkləyən cinayətkarı tutub damlamaq bilirsiniz nə deməkdir? O, İlon Maskın Mars planetini fəth etmək planından daha üstündür. Bu, ağılların kəsmədiyi bir qəhramanlıqdır. Nə qədər gec deyil, birlik olun, düşmən dəyirmanına su tökməyin, xalqla, dövlətlə bir olun ki, gələcək nəsillər siyasi tarix kitablarını oxuyanda sizi nifrətlə anmasın! Sonda, təklif edirəm ki, Prezident İlham Əliyev üçün bir orden, ad düşünək. O, təvazökardır deyə bir çox səsləndirilən təklifləri qəbul etməyəcək. Bu sahədə təkliflərim çoxdur və onu Parlament rəhbərliyi ilə bölüşə bilərəm. Yaxşı olar ki, təkliflər də Parlament rəhbərliyi tərəfindən səsləndirilsin və məmuniyyətlə dəstəkləyəcəm".

Araşdırmalarla təsdiq olunur ki, xaricə satılanların bir prinsipi var: onlar kimi düşünüb, fəaliyyət göstərməyənlər, hakimiyyətə işləyənlərdir. Dəfələrlə müxalif partiya sıralarında elələri olub ki, dövlətçilik maraqlarından çıxış edib, xarici məkrli dairələrlə əlaqələrin dayandırılması tələbini irəli sürüblər. Bu zaman partiya sədrləri tərəfindən ittiham olunub, hakimiyyətə işləməkdə günahlandırılıblar. Daha sonra isə müxtəlif qondarma ittihamlarla partiyadan uzaqlaşdırılıblar.

Dağıdıcı müxalifət "əyləc mexanizmi" qismində çıxış edir

Müxalifət partiya sədrləri öz şəxsi maraqlarını hər bir partiya üzvünün mənafeyindən üstün tutur və Azərbaycanın milli maraqlarını zərbə altında qoymaqla "əyləc mexanizmi" qismində çıxış edirlər. Təbii ki, bu cür fəaliyyətlə cəmiyyətdə uğur qazanmaq və siyasi dəstək əldə etmək mümkün deyil. Necə ki, bunun acı nəticəsini müxalif partiyalar yaşamaqdadırlar. Ölkəmizdə keçirilən bütün seçkilərdə müxalifətin rüsvayçı məğlubiyyətlə üzləşməsi cəmiyyətin onlara vurduğu sərt şillədir, ən böyük cəzadır. Buna baxmayaq, onlar seçkilərdə uğur qazana bilməmələrinin səbəblərini elmi-siyasi təhlilini aparmırlar. Ən azı papaqlarını qarşılarına qoyub seçki məğlubiyyətinin səbəblərini müzakirə etmirlər. Bu da növbəti seçkilərdə onların yenidən acınacaqlı məğlubiyyət yaşamalarına gətirib çıxarır. Fikir verilsə bir daha aydın olar ki, AXCP, Müsavat, Real və digər dağıdıcı müxalif partiyaları daim destruktiv fəaliyyətə üstünlük veriblər. Hər zaman milli maraqlarımız, dövlət və dövlətçiliyimizə qarşı əks-kampaniya aparıblar. Bu gün bütün dünya azərbaycanlıları, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışır, Qarabağ iqtisadi ərazilərində separatçıların və onların himayədarlarının ifşası istiqamətində müvafiq işlər görülür, dağıdıcı müxalifət isə xarici qaranlıq dairələrlə birləşib milli maraqlarımıza ziyan vurmağa cəhdlər edirlər. Bu cəhdlərin isə uğursuzluğa düçar olcağı şübhəsizdir. Çünki hər kəs Əli Kərimlinin, C.Həsənlinin, T.Yaqublunun, G.Hacıbəylinin və digərlərinin özlərinin müstəqil mövqelərinin olmadığını, daim xarici ağalarının sifarişləri ilə hərəkət etdiklərini bilirlər.

Bir sözlə, Ə.Kərimlini və onun ətrafında olanları ictimaiyyətlə yanaşı, müxalifətin konstruktiv üzvləri də tənqid edirlər. Yəni haqqın, ədalətin yanında olmaqla qərəzli mövqe sərgiləyən, şər və böhtanlarla çıxış edən dağıdıcı müxalifət partiya sədrlərini ifşa edirlər. Bir daha cəmiyyətə çatdırırlar ki, müxalifətdə olmaq, dövlətçiliyə qarşı çıxmaq demək deyil. Ə.Kərimli, C.Həsənli, T.Yaqublu və digərləri dövlətçiyə qarşı qərəzli mövqe sərgiləyirlər. Bu isə onların təsir altında olduqlarını göstərir. Belələri uzunmüddətli siyasətdə qala bilməz. Yəqin ki, yaxın vaxtlarda qazdıqları quyuya düşməklə, siyasətə vida deyəcəklər.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə