Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri
“Siyasi partiyalar haqqında” yeni Qanun bir sıra destruktiv qüvvələri sanki yenidən silkələdi. İllərlə öz tərəfdaşlarına yalan söyləyənlər həqiqət qarşısında aciz duruma düşdülər. Məlum oldu ki, siyasi təfəkkürü ötən əsrin 80-ci illərindən bəri “pas atmış” siyasi qüvvələr 5 min nəfərlik siyahını təhvil verməyə belə “tənbəllik edirlər”. Daim başqalarını saxtakarlıqda ittiham edənlər bu dəfə öz saxtakarlıqlarının gün işığına çıxmasından əndişəyə düşərək yenidən çığır-bağır salmağa, iqtidarı demokratik dəyərlərdən uzaqlaşmaqda ittiham etməyə başlayıblar.
“Siyasi partiyalar haqqında” Qanunu sağına, soluna tənqid edənlər nəyin onlara xoş gəlmədiyini belə, söyləməkdə çətinlik çəkirlər. Lider olmaq iddiasında olanlar 5 min nəfərin siyahısını toplaya bilmirlər. “Çay gəlməmiş çırmanan” bəzi siyasi partiya liderləri nəticəni gözləmədən, hay-küy salıb təqdim etdikləri siyahılara görə əndişənməyə başladılar. Çünki çox gözəl bilirdilər ki, bu prosesdə çox məsələlərin üstü açıla və siyasi alverçilər ifşa oluna bilərlər.
Radikalların mənasız demaqogiyasına rəğmən, yenə də Azərbaycan iqtidarı öz işini qanuni şəkildə, müasir tələblər baxımından yerinə yetirdi. Bu da onu göstərdi ki, radikal, söyüş ritorikasından başqa əlindən bir şey gəlməyən bəzi qüvvələrin dünyagörüşündə 30 il ərzində bir addım da irəliləyiş olmayıb. Siyasi münasibətlərdə demokratik dəyərlərin qorunması prinsipinə sədaqət nümayiş etdirən iqtidar sənədləri düzgün tərtib edilmiş ən irrasional partiyaları belə dövlət reyestrinə daxil etdi. Bu, artıq qanunun aliliyi prinsipinə kimin, hansı dərəcədə sadiqliyini bir daha nümayiş etdirmiş oldu.
Beləliklə də, “ölkədə təkpartiyalı sistem qurulacaq” kimi mənasız və cəfəng iddialar təsdiqini tapmadı.
Təəssüf ki, aylarla iqtidarın ünvanına olan-olmazı səsləndirən siyasi partiya “liderlər”i, mədəniyyətdən dəm vuranlar, bir sıra xarici dövlətlərdə siyasi mədəniyyətin yüksək səviyyədə olduğunu qeyd edənlər özləri bu mədəniyyətdən kasad olduqlarını göstərdilər. İndiyə qədər söylədiklərinə görə adi bir peşimançılıq hissi keçirməyənlər ağızlarına su alıb susmağa üstünlük verərək “susmaq qızıldır” deyiminə üstünlük verdilər. Amma bilmədilər ki, hər susmaq qızıl deyildir. Əslində bu qüvvələr xalqın gözündə öz imiclərinin bərpası üçün yaranmış bu imkandan istifadə edə bilmədilər və daha bir şansı qaçırmış oldular.
Radikal müxalifət partiyalarının üzvlərinin reyestrinin təsdiq edilməsi bir daha göstərdi ki, iqtidar siyasi dialoqa həmişə olduğu kimi yenə də üstünlük verir, siyasi həyatın çoxpartiyalı olmasının əhəmiyyətini dərk edir. Lakin təəssüflər olsun ki, qarşı tərəf bunun az da olsa kiçik nümunəsini nümayiş etdirməkdən çox uzaqdır. Ölkə başçısının siyasi dialoqda qarşı tərəfə ehtiyacın olduğunu dönə-dönə vurğulaması, sözdə yox, əməldə siyasi dialoqa üstünlük verməsi belə bu adamların “yadına düşmədi”.
Acınacaqlı duruma düşən radikal qüvvələr indi də bir-birini ittiham edirlər. Özlərinə müxtəlif adlar qoyanlar bu dəfə də “reyestr müxalifəti” adlı yeni termin kəşf ediblər. Olsun! Zatən müxalifətin başqa işi-gücü yoxdur. Nə siyasi mədəniyyəti, nə də siyasi mövqeyi olmayanların rəngarəng adlarının olması da indi cəmiyyətə təəccüblü gəlmir. Çünki neçə illərdir müxtəlif adlar eşitmək insanlarda vərdiş halına gəlib. Hər halda, radikal müxalifət bu prosesdən sonra bəzi məsələləri etiraf imkanı da qazanıb. Əgər cəsarətləri çatarsa.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB