Azərbaycan UNAOC-la əməkdaşlıq məsələlərini müzakirə edib

Sentyabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan və UNAOC arasında əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizlə UNAOC arasında mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində faydalı əməkdaşlıq gündəliyinin mövcudluğundan məmnunluqla bəhs edərək, bu xüsusda həyata keçirilmiş birgə layihələrin, o cümlədən Bakı prosesi çərçivəsində təşkil olunan Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edib. Müxtəlif beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən bu layihənin növbəti ildə də uğurla reallaşdırılacağına dair inam ifadə olunub.

UNAOC-un Dostlar Qrupunun fəal üzvlərindən biri olan ölkəmizin bu platforma çərçivəsində əməkdaşlığa, xüsusilə tolerantlıq, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində maarifləndirici tədbirlərin həyata keçirilməsinə dəstək göstərilməsinə hazır olduğu bildirilib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, o cümlədən Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin cəmiyyətimizə reinteqrasiyası istiqamətində atılan addımlardan geniş bəhs olunub. Xüsusilə, erməni sakinlərin reinteqrasiya prosesinin qarşısında duran ən böyük maneələrdən biri olan qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna tərəfimizdən aparılan antiterror tədbirləri nəticəsində son qoyulduğu, erməni sakinlərlə dialoqun bərpa edildiyi diqqətə çatdırılıb.

Ali nümayəndə Migel Angel Moratinos UNAOC-un öz multikulturalizm modeli ilə mədəniyyətlərarası dialoq üzrə nümunəvi ölkələrdən hesab olunan Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlər ilə reinteqrasiya prosesinin irəlilədilməsinin məmnunluq doğurduğu qeyd olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə