"Bu gün dünyanın hər dövlətinə öz ədaləti ilə nümunə olan Azərbaycan var" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bütün bədxah qüvvələr son ümid kimi BMT TŞ-nı görürdülər. Onlara elə gəlirdi ki, Azərbaycanla bağlı mümkün böhtanlarla hamını inandıracaqlar. Bu işin başında "demokratiyanın beşiyi" Fransa dururdu. Amma Fransa yenə özünü bihörmət dövlətlər sırasına saldı. BMT TŞ-nın dinləmələrində Xankəndi sözünü dilinə gətirməyən dövlətin bu sözdən istifadə etdiyinin şahidi olduq". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycandan uzaqda yaşayan dövlətlər belə mümkün olanı etdilər: "Onlar bütün dünyaya bəyan etdilər ki, Azərbaycan başqa bir dövlətin deyil, öz ərazisində konstitutsion hüquqlarını bərpa edib. Yəni, erməniəsilli Azərbaycan vətəndaşlarını əsirlikdə saxlayan Ermənistan hərbi birləşmələri zərərsizləşdirilib. Bütün dünya da bunun şahidi oldu. Doğrudur, Avropa İttifaqı və Parlamenti hər cür hədyanlardan istifadə edir. Amma hər ikisi də bir şeyi dərk etməlidir ki, Azərbaycan öz ərazisində separatçı mövqeyində olan qüvvələri darmadağın etdi. Azərbaycan bütövləşdi. Vaxtilə deyirdik ki, 1918-ci ilin sentyabrında Azərbaycanın milli ordusu Bakını azad etdi və tarixində ilk dəfə olaraq baş və bədən birləşdi. İndi də deyirik ki, Qarabağ məlikliklərindən bugünədək ilk dəfə müstəqil Azərbaycanın ərazisi bütövləşdi və dövlətimizin hər yerində üçrəngli bayrağımız dalğalanır. Ona görə də düşmən nə uydurursa uydursun, həyat Azərbaycanın güclü olduğunu göstərir". Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında, suverenliyimizin bərpa olunmasında əsgər və zabitlərimizin böyük hünəri bir daha özünü göstərdi: "Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə xan sağlığı arzu edirəm. Bu gün dünyanın hər bir dövlətinə öz ədaləti, cəsarəti ilə nümunə olan Azərbaycan dövləti var. Bu dövləti uğurla irəliyə aparan Ali Baş Komandanımız var".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə