Ermənilərin sayıqlamalarında ABSURD MƏQAMLAR – TƏHLİL

Ermənilərin sayıqlamalarında ABSURD MƏQAMLAR – TƏHLİL

Deyəsən, ermənilərin gözləntilərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın nitqi Azərbaycan əleyhinə olmalı imiş, amma bunun əksi ilə qarşılaşdıqda başlarını itirməli olublar. Elə itirdikləri başları ilə də Rusiya XİN rəhbərinə hücuma keçiblər və bununla özlərini daha tragikomedik bir vəziyyətə salıblar, çünki səsləndirdikləri, iddaları düşdükləri acınacaqlı durum fonunda həm də çox gülüncdür.

“Laçın dəhlizindəki hazırkı vəziyyət Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasının nəticəsidir”, deyə bəyan edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyri-adi nə deyib ki, onu ermənilər hədəf seçiblər? “Bu, 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının himayəsi altında iki ölkə liderlərinin iştirakı ilə keçirilən sammitin sonunda qeydə alınıb. Bu, Rusiya Xarici İşlər Nazirliyinin Qarabağ ətrafındakı vəziyyətlə bağlı iyulun 15-də yaydığı bəyanatda da açıq şəkildə qeyd olunub. Bu kontekstdə məsuliyyətin Rusiya sülhməramlı kontingentinin üzərinə qoyulmasını yersiz, yanlış, əsassız hesab edirəm”, deyən Mariya Zaxarova bir növ elə ermənilərə tərs sillə vurmuş olub.

Başqalarını bəyənməyən, hamını tənqid atəşinə tutan haylar öz absurd yanaşmalarından, buna görə də gülünc hala düşmələrindən heçmi utanmaq fikrində deyillər? Axı onların fikirləri ilə, iddiaları ilə reallıqlar arasında hər zaman böyük uçurumlar olur. Bunu, özünü bütün insan cəmiyyətindən guya üstün yaradılmış hesab edən ən sadə erməni ilə bağlı da demək olar, Ermənistanın baş naziri ilə bağlı da. Diplomatik görüşlər zamanı, dünya ictimaiyyətinin gözü qarşısında çox absurd fikirlər səsləndirən erməni baş nazirinin necə gülünc vəziyyətlərə qaldığı yəqin ki, unudulan deyil. Hətta bunu ermənilər özləri də etiraf edirlər və Ermənistana məxsus mətbuat səhifələrində də bu barədə yazılara rast gəlirik. Deməli, özləri də bilirlər ki, sayıqlamaları, uydurmaları, həqiqətdən uzaq olan absurd fikirləri, iddiaları var və buna görə hər zaman gülüş hədəfinə çevrilə bilərlər, özü də ölkə rəhbəri səviyyəsində.

Məsələ burasındadır ki, ermənilər özlərinin absurd fikirlər səsləndirmələrinə görə axmaq və gülünc duruma düşdüklərindən qətiyyən dərs almaq fikrində deyillər. Bu dəfə də işğalçı ölkənin, Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bu ənənələrinə sadiqlik nümayiş etdirib və çox axmaq, absurd fikirlər səsləndirib. “Dağlıq Qarabağ münaqişəsi heç vaxt Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsi olmayıb və öz mahiyyətinə görə, bu, həmişə Dağlıq Qarabağ xalqının hüquqları və təhlükəsizliyi məsələsi olub və elə də qalır”, deyən Ermənistan XİN-in mətbuat katibi son dərəcə həyasızlıqla və utanmazcasına absurd fikirlər səsləndirib. Maraqlıdır, görəsən Badalyan demək istəyir ki, əsrin az qala üçdə birinə yaxın müddət ərzində işğal altında saxlanılan Azərbaycan ərazilərindən Ermənistanın heç xəbəri də olmayıb?

Azərbaycan öz ərazilərinin işğalı faktı ilə 30 ilə yaxın müddət ərzində barışmadı, həmin ərazilərin geri qaytarılması üçün həmin müddətdə diplomatik mübarizə də apardı və sonda 44 günlük müharibə ilə torpaqlarını geri qaytardı. Bəlkə Ani Badalyan adlı Ermənistan XİN-in bu mətbuat katibi bunlardan da xəbərsizdir? Yaxud, döyüşlər gedən zaman ermənilərin döyüş meydanından qaçmaları, Ermənistanın itgiləri, faciəsi barədə də xəbərsiz ola bilərmi? Ani Badalyan üçtərəfli bəyanatı imzalayan tərəflərdən birinin, özü də məğlub tərəfin Ermənistan olduğunu da bəlkə bilmir? Bütün bu suallara Badalyanın özü, yaxud hansısa bir erməni necə cavab verəcəyini bilmirik, amma bir şeyi bilirik ki, dediklərinə onun özü belə heç inana bilməz və yalan olduğunu da, absurd olduğunu da hamıdan yaxşı özü bilir.

Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyandan soruşmaq lazım gəlir ki, bəs yaxşı, əgər Dağlıq Qarabağ münaqişəsi heç vaxt Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsi olmayıbsa, o zaman torpaqlarımızı işğal edənlər kimlər olub? Bəlkə özlərini “arminoid” adlandıranlar bizim ərazilərimizi də hansısa yadplanetlilərin işğal etdiyini iddia etmək fikrindədirlər? Axı Azərbaycan Ordusu 44 günlük müharibədə başqa planetin nümayəndələri ilə döyüşməyib. Doğrudur, həmin döyüş ermənilər üçün “Ulduz Müharibələri” kimi görünə bilər, çünki görmədikləri, təsəvvür belə etmədikləri üstün hərbi döyüş texnikaları və üstün hərbi taktikalarla qarşılaşmalı olublar və bunu yaddan çıxara da bilmirlər. Amma bu o demək deyil ki, Ani Badalyan sayıqlayaraq, Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsi olmadığını deyə bilər.

Təkcə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibinə deyil, bütövlükdə erməni cəmiyyətinə xatırlatmaq yerinə düşərdi ki, BMT-nin məlum dörd qətnaməsində Azərbaycanın işğal olunmuş ərazilərindən məhz erməni qeyri-qanuni silahlı birləşmələrinin tezliklə çıxarılmasının zəruriliyindən, vacibliyindən bəhs edilirdi. Soruşmaq ayıb olmasın, Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsi olmayıbsa, həmin o işğalçı ölkənin qeyri-qanuni silahlı birləşmələri bizim ərazilərimizdə nə gəzirdilər? Hələ də həmin silahlı birləşmələri ərazilərimizdən çıxaracağı vədinə əməl etməyən Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi belə bir absurd fikir səsləndirəndə görəsən, tamamilə utanmaq hissindən məhrum olmuşdu, yoxsa belə bir hiss erməni xislətinə tamamilə yaddır?

Səhv etmiriksə, Yerablurda qəbirlərin sayı məhz elə 44 günlük müharibənin nəticəsində artmış oldu. Xeyir, səhv etmirik. Elə belədir ki, var. Məhz elə erməni baş naziri Nikol Paşinyanı da 44 günlük müharibədə ölmüş erməni əsgərlərinin valideynləri övladlarının ölümünə baiskar hesab edərək, Yerablura buraxmırdılar. Yaxşı, əgər Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsi olmayıbsa, bəs Ani Badalyanın fikrincə, Yerablur qəbristanlığı niyə Ermənistan vətəndaşı olan əsgərlərlə dolmuş oldu? Əgər münaqişə, eyni ilə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin dediyi kimi, qondarma Dağlıq Qarabağ xalqının münaqişəsi olubsa, niyə həmin qəbristanlıq məhz Ermənistandadır? Qondarma Qarabağ xalqı dedikləri həmin o Azərbaycan ərazilərində yaşayan erməni əsillilər məgər aparılıb Ermənistandakı qəbristanlıqda basdırılırdılar? Bu qədər ağ yalan və utanmazlıq, həyasızlıq olmazdı ki, Ani Badalyan özünə də, təmsil etdiyi quruma da, ölkəsinə də rəva bilib.

Nikol Paşinyanın da sərxoş olub rəqs etdiyini heç unutmaq mümkün deyil və bunun ona baha başa gəldiyi da yaddaşlardan silinməyəcək. Görəsən, əgər münaqişə Badalyanın dediyi kimi, qondarma Dağlıq Qarabağ xalqının münaqişəsi olubsa, niyə Ermənistanın baş naziri sərxoş olaraq, həmin ərazilərdə qol qaldırıb təlxəkcəsinə oynayırdı? Bir halda ki, münaqişə Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsi olmayıbsa, işğalçı ölkənin baş naziri oynamaq üçün nə düşmüşdü ortalığa? Yaxşı bəs, “Qarabağ Ermənistandır və nöqtə”, deyən həmin o təlxəkcəsinə oynayan Ermənistanın baş naziri Nikol Paşinyan deyildimi? Bir ölkənin baş nazirinin, həmin ölkənin hakimiyyət komandasının ən birinci adamının bu sözləri deməsindən, bu fikri səsləndirməsindən sonra Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan daha kimdən və nə eşitməli idi ki, münaqişənin məhz Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsi olduğunu etiraf etsin?

Bir neçə ildir ki, Nikol Paşinyana, Ermənistanın baş nazirinə məhz erməni cəmiyyəti kapitulyator deyir və bu heç də səbəbsiz deyil, bu, məhz həmin ölkənin liderinin təslimiyyət sənədinə imza atması ilə əlaqədardır. Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi bundan da xəbərsizdirmi və nə səbəbə ona belə deyildiyini düşünmürmü? Axı bir ölkənin Xarici İşlər Nazirliyinin mətbiat katibi bilməlidir ki, 44 günlük müharibənin məntiqi nəticəsi olaraq Ermənistan tərəfindən kapitulyasiya sənədinə məhz ölkəsinin rəhbəri öz imzasını atıb. Bilməlidir ki, 10 noyabr 2020-ci il gecəsi Ermənistan tərəfinin məğlubiyyəti fonunda Üçtərəfli Bəyanatın altına öz imzasını qoymağa məcbur olan məhz Ermənistanın baş naziri olub, Qarabağın hansısa qondarma qurum rəhbəri yox. Məğlubiyyət sənədinə, kapitulyasiya aktına imza atan bir ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi bunu bilərək, “Dağlıq Qarabağ münaqişəsi heç vaxt Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsi olmayıb”, deməsi çox absurd səslənir.

Ümumiyyətlə, Ermənistan tərəfindən absurd bəyanatlar, fikirlər eşitməyə sanki dünya ictimaiyyəti alışqandır və bu ölkənin gülünc vəziyyətə, hətta tragikomik duruma düşməsi də bu baxımdan səbəbsiz deyil. Bu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibinin, Ani Badalyanın diqqətinə çatdırmaq yerinə düşərdi ki, erməni cəmiyyəti məğlubiyyətin səbəbi olaraq, Rusiyanı günahkar hesab etməsi də əbəs yerə deyildi və münaqişənin birbaşa Ermənistan və Azərbaycan arasında olduğunu məhz ermənilərin özlərinin təsdiq etmələridir. Bütün bu sadalanan faktları məhz Ani Badalyanın timsalında hərhansı erməni nəzərə alsa, absurd bəyənatlar, fikirlər səsləndirməkdənsə, güzgüdə özünə baxar, müvafiq nəticə çıxarar, özünü də təmsil etdiyi cəmiyyəti də gülünc vəziyyətdə qoymaz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə