Strateji əhəmiyyət daşıyan Laçın sərhəd-buraxılış məntəqəsi ŞƏRH

Strateji əhəmiyyət daşıyan Laçın sərhəd-buraxılış məntəqəsi ŞƏRH

23 aprel 2023-cü ildə Laçın rayonunda, Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və Vətən müharibəsində əldə olunmuş böyük Qələbənin Azərbaycan-Ermənistan sərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin yaradılması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. 44 günlük Vətən müharibəsində və beynəlxalq arenada Azərbaycan dövlətinin və xalqının əldə olunmuş bu tarixi nailiyyətləri, qazanılmış böyük uğurlar Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı sosial-iqtisadi və hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir. Xalqımız hər zaman öz rəhbərinə güvənmiş, onun “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” kəlamının ətrafında böyük inam və cəsarətlə sıx, yumruq kimi birləşmişdir. Hər zaman olduğu kimi, bu gün də xalq-iqtidar birliyi qazanılmış böyük uğur və nailiyyətlərlə özünü sübuta yetirməkdədir. Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən mənfur qüvvələr, Azərbaycanı guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Onlar bu cür yanaşmaqla, əslində, ölkəmizin daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən təcavüzkar siyasətə fərqli don geyindirməyə çalışırlar. Azərbaycanı “Etnik təmizləmə” ilə təqsirləyənlər anlamalıdırlar ki, tarix boyu Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar, soyqırımlar törətmiş, işğalçılıq, deportasiya siyasəti həyata keçirmiş, məhz Ermənistan olmuşdur. Xalqımız bu qanlı tarixləri heç vaxt unutmur və unutmayacaqdır.

Ermənistanın "etnik təmizləmə siyasəti" barədə yaydığı məlumatlar yalan və böhtan xarakteri daşıyır. 30 ilə yaxın müddət ərzində məhz erməni ekstremistlərin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz əzəli dədə-baba torpaqlarını tərk etməyə məcbur qalaraq qaçqın və məcburi köçkün həyatını yaşadığını beynəlxalq ictimaiyyət unutmamalıdır. Azərbaycana qarşı Ermənistanın təcavüzü zamanı işğal olunmuş ərazilərimizdə məscidlər, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr dağıdılıb talan edilmiş, Qafqaz Albaniyasına məxsus xristian kilsələri və Rus Pravoslav kilsələri qriqorianlaşdırılmış, məscidlərdə İslam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün İslam dünyasına həqarət olunmuşdur. Müharibənin bitməsinə baxmayaraq hələ də yüzlərlə vətəndaşımız mina partlayışlarında həyatını itirməkdə və əlil olmaqdadır ki, həmin minalar Ermənistan tərəfindən bilavasitə Laçın yolu vasitəsilə Azərbaycan ərazilərinə daşınmışdır.

Laçın sərhəd-buraxılış məntəqəsinin böyük strateji əhəmiyyəti vardır. Sərhəd buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. Azərbaycanın fəaliyyəti bölgədə sülhün bərqərar olmasına şərait yaradır və separatçıların növbəti təxribatlarının qarşısını alır. Laçın sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər ölkənin ərazisinə daxil olan ermənilərin, istərsə də Azərbaycanda yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlayır, ölkə ərazisinə qanunsuz malların daşınmasının qarşısını alır və alacaqdır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə