Sergey Markov: "Ermənilər Azərbaycanla döyüşə bilmirlər, həmçinin, kənarda onlar üçün döyüşmək istəyən tapa bilmirlər"
Məlum olduğu kimi, İrəvanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının Laçın yolu ətrafındakı vəziyyətlə bağlı iclası keçirilib. Məsələ ondadır ki, sözügedən iclasın, hətta sədrin bəyanatı olmadan başa çatması rəsmi İrəvanı təlaşlandırıb. Ancaq buna baxmayaraq, bir sıra erməni ekspertlər hələ də bir, hətta iki həftəyə qərarın çıxacağını utopik xəyallarına dalaraq gözləyirlər və bu da kənardan çox gülünc görünür. Çünki TŞ-dakı çıxışlardan da kifayət qədər aydın oldu ki, Azərbaycanın ərazi bütövlüyü heç kim tərəfindən mübahisələndirilmir, Laçın yoluna gəlincə isə, bir çox dövlətlər alternativ Ağdam-Xankəndi yolunu da qeyd ediblər. Bu barədə istər yerli, istərsə də xarici KİV-lərdə çoxsaylı məlumatlar ictimailəşdirildi.
Rusiyalı politoloq: "RSK Qarabağı tərk edəcək, Azərbaycan Ordusu bu əraziyə daxil olacaq və Ermənistan silahlı qüvvələrini darmadağın edəcək"
Bu arada, Rusiya politoloqu, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov baş verənlərlə bağlı bildirib ki, Ermənistanın mövqeyində böyük və təməli ziddiyyət var. Belə ki, İrəvanın indiyədək olan fəaliyyətləri kimi, bundan sonrakılar da bu ziddiyyət çərçivəsində davam edəcək.
“Ermənistan anlayır ki, Azərbaycan güclüdür. Ölkə rəhbərliyi də əhalinin əksəriyyəti kimi Qarabağın Azərbaycanın ərazisi kimi tanınmasına razıdır, çünki onlar özləri Azərbaycanla döyüşə bilmirlər, həmçinin, kənarda onlar üçün döyüşmək istəyən tapa bilmirlər”, - deyə qeyd edən Markovun sözlərinə görə, bu səbəbdən İrəvan yollar axtarır ki, Qarabağı hüquqi baxımdan Azərbaycanın ərazisi kimi tanısın, amma eyni zamanda, bura faktiki və siyasi cəhətdən Azərbaycanın olmasın:
“Bunun üçün isə Bakı hansısa yolla (İrəvanın dar düşüncəsinə görə bəzi qüvvələrin təzyiqi altında(?!)) Qarabağın erməni icmasının muxtariyyətini tanımalıdır, bu muxtariyyətin qarantı isə Azərbaycan hökuməti və Konstitusiyası deyil, Ermənistanın dostu olan hansısa beynəlxalq strukturlar olmalıdır.
Amma Azərbaycanın bu variantı həyata keçirməyə arzusu və ehtiyacı yoxdur. 2,5 ildən az müddətdə “Soçi razılaşmaları” başa çatacaq, Azərbaycan onları yeniləməyəcək. Bakı Rusiya sülhməramlı kontingentinə (RSK) görülən işlərə görə təşəkkür edəcək, ola bilsin ki, kimisə hansısa şücaətinə görə mükafatlandırsın, vəssalam. RSK Qarabağı tərk edəcək, daha sonra Azərbaycan Ordusu bu əraziyə daxil olacaq və Ermənistan silahlı qüvvələrini darmadağın edəcək. Amma bəlkə də, erməni qüvvələri bunun tamamilə əbəs olduğunu anlayaraq, hətta döyüşlərə qoşulmayacaqlar. Deməli, Bakının erməni muxtariyyətini tanımasına ehtiyac yoxdur”.
Markov: "Bəs Azərbaycan niyə öz dövlətçiliyinin altına bu minanı qoymalıdır ki?!”
Rusiyalı siyasi ekspert, həmçinin, Sovet Azərbaycanı çərçivəsində mövcud olmuş "DQMV"ni də xatırladıb və Ermənistanla Qarabağ separatçılarının ciddi səhvlərə yol verdiklərini deyib: “Hər şey çox pis bitdi. Erməni icması da Ermənistan kimi bu muxtariyyətdən sui-istifadə etdi. Onlar dəhşətli müharibəyə başladılar, nəticədə bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, minlərlə insan həlak oldu. Bəs Azərbaycan niyə öz dövlətçiliyinin altına bu minanı qoymalıdır ki?!”
Beləliklə, Markov açıq-aydın izah edib ki, revanşistlərin bütün ümidləri puç olub və bundan sonra olan-qalan vaxtlarda da göstərəcəkləri cəhdləri rəsmi Bakı tərəfindən yerlə-yeksan ediləcək. İstər siyasi masada, istərsə də hərb meydanında. Zaman isə sürətlə irəliləməkdədir - təbii ki, Azərbaycanın səmərəsinə doğru.
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB