PREZİDENT İLHAM ƏLİYEVİN “Euronews”a müsahibəsi “sülh danışıqları prosesi” üzərində qurulan oyunların mahiyyətini açdı
Milli dövlət quruculuğu və idarəçiliyinin şərəfli mərhələsini, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan həm də Cənubi Qafqazın ən fəal siyasi-iqtisadi aktoru kimi nüfuzunu gündən-günə yüksəldir. Bunu şərtləndirən yeganə amil isə təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin son 20 il ərzində yürütdüyü tam müstəqil siyasətdir.
Hansısa böyük dövlətin və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu ölkənin milli maraqlarından irəli gələn siyasətin müəllifi olan İlham Əliyevin həyata keçirdiyi diplomatiya Azərbaycanı beynəlxalq birliyin etibarlı və nümunəvi dövlətinə çevirib. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də 44 günlük Vətən müharibəsində tarix yazan qüdrətli ordusunda təsdiqini tapır.
Və hər zaman verdiyi vədlərə, səsləndirdiyi fikirlərə sadiqliyi ilə seçilən Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsindəki zəfərdən sonra regionda yaranmış reallıqlar fonunda yeni missiyasını reallaşdırır - Cənubi Qafqazda sülhün, sabitliyin təmini, müasir əməkdaşlıq platformalarının yaranması. Bütün bunlar İlham Əliyevin son dövrlərdə keçirdiyi bütün görüşlərdə, tədbirlərdə, konfranslarda səsləndirdiyi fikirlərdə də təsdiqini tapır.
SÜLH SAZİŞİ YALNIZ AZƏRBAYCANIN İSTƏYİNƏ UYĞUN REALLAŞMALI, MƏĞLUB ÖLKƏ QALİBLƏ HESABLAŞMALIDIR
Bəli, Prezident İlham Əliyevin “Euronews”a müsahibəsində bütün bu reallıqlar barədə dünya birliyində, beynəlxalq ictimaiyyətdə düzgün təsəvvür yaratması bir daha ölkəmizin mövqeyini nümayiş etdirdi. Belə ki, Prezident İlham Əliyev müsahibəsində Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı əvvəlki müsahibələrində olduğu kimi, "Euronews”a növbəti müsahibəsində də bir daha bildirib: “Əgər Ermənistan ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysa, onda biz tezliklə sülh variantını tapa bilərik”.
Dövlət başçımız onu da bildirib ki, hazırda sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Dövlət rəhbərlərinin görüşləri isə yaxşı mühit yaradır. Vurğulanıb ki, əgər Ermənistan tərəfindən konstruktiv yanaşma olsa, onlar Azərbaycanın ərazi bütövlüyünü mübahisələndirən bütün iddialarını kənara qoysalar bu ilin sonunadək sülh variantı tapıla bilinər.
Cənab Prezident müsahibəsində bildirib ki, ölkəmizin Ermənistana qarşı hər hansı bir ərazi iddiaları yoxdur. Dövlət başçısı bildirib ki, Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq: “Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik”.
Həssas məsələlər arasında sərhədlərin gələcək parametrləri, kommunikasiyalarla bağlı vəziyyəti qeyd edən Prezident İlham Əliyev bildirib: "İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız olsun. Lakin bu, hələ də baş vermir. Beləliklə, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə sülh variantını tapa bilərik. Bəlkə ilin sonunadək".
AZƏRBAYCAN PREZİDENTİ ERMƏNİSTANDAKI ERMƏNİLƏRƏ NÖVBƏTİ MESAJ ÜNVANLAYIB: ONLAR QONDARMA LİDERLƏRİNİN ARXASINCA GETMƏMƏLİDİRLƏR
Göründüyü kimi, “Euronews” telekanalına müsahbəsində Prezident İlham Əliyev həm də Ermənistandakı ermənilərə mesaj ünvanlayaraq bildirib: «Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik. Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm".
Ölkə başçısı öz müsahibəsində 44 günlük Vətən müharibəsindəki Şanlı Qələbəyə xüsusi olaraq toxunaraq bildirdi ki, müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi və o uğurla başa çatdı: "Biz müharibədə qalib gəldik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər".
Bir sözlə, Ermənistana təklif olunan prinsiplər sülh sazişi üçün təməl olmalıdır. Ümumiyyətlə, Prezident İlham Əliyevin “Euronews” telekanalına müsahbəsi və verilən bütün sualları ətraflı cavablandırması bir daha onu göstərdi ki, Azərbaycan Cənubi Qafqaz dövləti olaraq sülhü, əmin-amanlığı, inkişafı dəstəkləyir və nəinki öz qonşuları ilə, Cənubi Qafqazla əməkdaşlıq etmək istəyən digər dövlətlərlə dostluq münasibətlərini və əlaqələrini qurmağa hazırdır. Ümumiyyətlə, Prezident İlham Əliyev müsahibəsində bir daha yeni reallıqlara aydınlıq gətirərək həqiqətləri və Azərbaycanın ümumi istəyini bəyan etdi və Ermənistandakı ermənilərə və onların havadarlarına mühüm mesajlar ünvanladı. Və bir daha bildirdi ki, Azərbaycanın Qafqazda yeni sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir.
Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün xarici siyasət Cənubi Qafqaza sülh gətirmək nöqteyi-nəzərindən uğurlu bir siyasətdir. Bundan sonrakı münasibətlərdə də Azərbaycan bu mövqeyini qoruyub, saxlayacaq. Digər bir baxışdan isə Azərbaycan qalib dövlətdir və Azərbaycan Prezidenti danışıqlarda Ali Baş Komandan kimi iştirak edir. Bu da görüşlərin sonrakı mərhələsində əldə olunacaq naliyyətlər, tarixi qələbəmiz kimi qiymətləndirilməlidir. Və İrəvan Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqları üçün irəli sürdüyü 5 təməl prinsipi qəbul edib və bu şərtlər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir. Çünki Azərbaycan Prezidentinin apardığı siyasət regionumuza sülh və firəvanlıq gətirəcək.
Beləliklə, bütün bunlar onu göstərir ki, regionda vəziyyətə diktə edən tərəf Azərbaycandır və ölkəmizin atdığı addımlar beynəlxalq hüquqa əsaslanır. Və Azərbaycan öz sülh təşəbbüslərinə adekvat cavab tələb edir və bizim buna tam haqqımız çatır. Çünki haqq-ədalət də, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Biz heç kimin ərazisinə göz dikmirik və öz halal torpaqlarımızın bir qarışını da heç kəsə verməyəcəyik. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplomatik siyasətinin reallığıdır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB