Erməni hərbi cinayətkarları üçün CİDDİ MESAJ – TƏHLİL

Erməni hərbi cinayətkarları üçün CİDDİ MESAJ – TƏHLİL

Vəhşiliklərə imsa atanlar, Azərbaycan xalqına qarşı cinayət törədənlər, dinc sakinlərə qarşı qətliama imza atanlar, soyqırım siyasəti yürüdənlər, cinayətkarlar bunun cəzasını çəkməyəcəklərini düşünürdülərsə, böyük səhv edirdilər. Ona görə ki, heç bir qanunsuzluq, heç bir cinayət cəzasız qala bilməz. Cinayətkarlar bilməlidirlər ki, cinayət əməllərinə görə qanunla mühakimə olunmalıdırlar və həmin cinayətkarlar unudulmayıblar, onlar qanun qarşısında cavab verməli olacaqlar, necə ki, Vaqif Çerkezoviç Xaçaturyan indi qanun qarşısında cavab verir.

Birinci Qarabağ müharibəsi, Azərbaycan ərazilərinin uzunmüddətli işğalı zamanı erməni əsilli cinayətkarların törətdikləri əməllər, dinc əhalini qətlə yetimələri, soyqırımlara imza atmaları, yerli sakinlərə olmazın işgəncələr vermələri, onları yurd-yuvalarından didərgin salmaları insanlıq dramı sayılır, cinayət xarakterli əməllərdir və bəşəriyyət üçün böyük faciə hesab olunur. Belə faciələri törədənlərin isə cəzasız qalması mümkün deyil və qanun qarşısında həmin o cinayətkarlar hesab verməli, cəzalarını almalıdırlar. Xaçaturyanın saxlanılması, qanun qarşısında cavab verməsi təsdiq edir ki, onun kimi digər erməni əsilli cinayətkarlar, xalqımıza qarşı cinayət əməlləri törədənlər da yaxalarını qurtara bilməyəcəklər.

Ötən əsrin sonlarında, daha dəqiq desək, Azərbaycan əraziləri uzunmüddətli işğal edildiyi zaman Xaçaturyanın timsalında cinayətlər törətmiş, azərbaycanlıları qətlə yetirmiş, bir çoxlarını şikəst etmiş erməni əsilli cinayətkarların cinayət əməlləri barədə, onların məhkəməsi üçün əsaslı sübut bazası Bakıda toplanılıb. Bunları təkzib etmək mümkün deyil. Yaxud da hansısa cinayətkar erməni bunun əskini söyləyə bilməz. Azərbaycan ərazilərində yaşamış Xaçaturyanın həmkəndlilərinə və qonşu kəndlərin sakinlərinə qarşı vəhşilikləri, qanunsuz əməlləri, cinayət hərəkətləri haqqında da kifayət qədər sübutlar var. İstintaqa məlumdur ki, 1991-ci il dekabrın 21-də Vaqif Xaçaturyan özü kimi vandallarla birlikdə azərbaycanlılara qarşı vəhşiliklər törətmiş, odlu silahlardan atəş açmaqla, eləcə də, piyadaların döyüş maşınları ilə Meşəli kəndinin sakinlərinə qarşı vəhşiliklər etmiş, 25 azərbaycanlını qətlə yetirmiş, 14 nəfəri şikəst etmiş, 358 kənd sakinini zorla öz yurd-yuvalarından didərgin salmışdır. Onun bütün bu əməlləri sözsüz ki, cinayət tərkibli olmaqla, insanlığa da sığışmayan vəhşilikdir və bunun da cəzasını cəkməlidir.

Bir zamanlar bu vəhşilikləri törədən Xaçaturyan və onun kimi vandallar, cinayətkarlar artıq buna görə məsuliyyətə çəlb olunacaqlarını dərk etməlidirlər. Ən azında Vaqif Xaçaturyanın saxlanılması, onun məhkəməyə cəlb olunması digərləri üçün də bir mesajdır. Bu mesaj ondan ibarətdir ki, heç bir cinayətkar yaxasını qurtara bilməyəcək və azərbaycanlılara qarşı törətdikləri cinayətlər cəzasız qalmayacaq. Bəli, artıq vaxt yetişib və qətlə yetirilən, işgəncələrə məruz qalan azərbaycanlıların 44 günlük müharibədə alınan qısasından sonra, indi də növbə həmin cinayətkarlarındır, hansıki onlar qanun qarşısında cavab verməlidirlər. Azərbaycan sərhədçiləri tərəfindən Xaçaturyanın saxlanılması bunu deməyə əsas verir. İndi erməni əsilli həmin o cinayətkarlar görürlər ki, Xaçaturyan cinayət əməllərinə görə necə mühakimə olunur. Görürlər ki, Azərbaycan dövlətinin onları cinayət əməllərinə görə mühakimə etmək, cəzalandırmaq iradəsi var və kimlərsə, hansısa qüvvələr, ermənipərəstlər bunun qarşısını ala bilmirlər.

Diqqətə çatdıraq ki, Meşəlidən və başqa kəndlərdən möcüzəvi şəkildə sağ qalmış hadisə şahidi olan insanlar, Xaçaturyanın əleyhinə olan ifadələr verirlər. Onun işi üzrə istintaq hələ də davam edir. Məlum olub ki, həmin o Xaçaturyan müharibə zamanı həm də Qarabağ separatçı dəstələrinin “komandiri” Samvel Babayanın sürücüsü imiş. Deməli, o, həm Babayanın özü, həm də əli dinc əhalinin qanına bulaşmış digər Qarabağ separatçıları haqqında çoxlu məlumatlara sahibdir və hələ onlar haqqında çox şeylər deyəcək. Çox güman ki, o özü kimi vəhşiliklərə imza atan digərləri haqqında da kifayət qədər dəlilləri istintaqa təqdim etməli olacaq. Yəni, hələ çox cinayət əməlləri barədə təfərrüatlar ortaya çıxacaq. Bu isə o deməkdir ki, digər cinayətkarlar barədə də istintaq məlumatları toplanılacaq.

Xaçaturyanın həbsindən sonra heç şübhəsiz ki, onunla əlbir olanların da yuxusu ərşə çəkilib. Azərbaycan xalqını məhv etməyi planlaşdıran, soyqırıma imza atanlar üçün də belə narahatlıq hissləri anlaşılandır. Məhz elə Samvel Babayanın özünün də təlaşı, həyəcanı, hətta qorxusu səbəbsiz deyil. O, qorxuya düşdüyü barədə artıq öz etiraflarını da edib. Erməni blogerlərindən birinə verdiyi müsahibəsində Babayan bunu açıq şəkildə ifadə edib. “Mən də o siyahıdayam”, deyən Samvel Babayan görünür ki, eyni ilə Vaqif Xaçaturyan kimi saxlanılacağını və mühakimə olunacağını, qanun qarşısında cavab verməli olacağını gözü önünə alıb.

Heç bir ali təhsili olmayan, yalnız Xankəndidə orta məktəbi bitirən Babayan o zaman ciddi cəhdlə hakimiyyətə can atıb və özü kimi cinayətkarlara, cinayətkar rejimə özünü göstərmək üçün Ermənistan-Azərbaycan münaqişəsində öz vəhşiliyini belə demək mümkünsə, göstərmək imkanı qazanıb və cinayət əməllərinə əl atmaqla, azərbaycanlıları qətlə yetirməklə nəyə isə nail olmağa çalışıb. Nəticədə Samvel Babayan Qarabağda quldur dəstəsinin başçılarından birinə çevrilib. Babayan Şuşanın işğalında da iştirak edib. Bir sözlə, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən onun saxlanılması üçün heç bir xüsusi əsas tələb olunmur və arqumentlər yetərincədir.

Məsələ burasındadır ki, Babayan özü də bilir ki, cinayət cəzasız qala bilməz. Xüsusən də, Xaçaturyanın saxlanılmasından və məhkəmə qarşısında cinayət əməllərinə görə cavab vermək məcburiyyətində qalmasından sonra buna tamamilə əmin olub. Bununla yanaşı, Babayan bağışlanmaq arzusu və niyyəti ilə son vaxtlar mediada “fırtınalı” fəaliyyətə başlayıb. O, Azərbaycan hökumətinin Ağdam yolu ilə ərzaq mallarının çatdırılması təklifini qəbul etmək çağırışı edib və hətta guya onları buna inandırmaq üçün tərəfdarları və ali separatçıların nümayəndələri ilə görüşüb də. Bu barədə Ermənistana məxsus “Hraparak” nəşri də yazıb. “İkitərəfli ticarətə həm Ağdamdan, həm də Qorusdən başlamaq lazımdır, bu, istəsək də, istəməsək də baş verəcək”, deyə Babayan bildirib. O, kifayət qədər obyektiv şəkildə qeyd edib ki, dünya ictimaiyyəti üçün erməni tərəfinin bütün qondarma “etiraz aksiyaları” heç bir əhəmiyyət kəsb etmir və Azərbaycan istənilən halda qalib ölkədir və irəli də gedəcək. “Niyə də insanlara həqiqət söylənilməsin? Müharibəni uduzduqda, oyunun qaydalarını qəbul edib dirçəlməyə çalışmaq lazımdır”, deyən Babayan deyəsən reallıqları görmək və qəbul etmək məcburiyyəti ilə üzləşdiyinin fərqindədir.

Dünya təcrübəsinə istinad edərək, diqqətə çatdıraq ki, hərbi əməliyyatlar davam edərkən törədilmiş cinayətlərdə təqsirli olan şəxslərin müharibələr başa çatdıqdan sonra müəyyən edilərək məsuliyyətə cəlb edilməsi prosesi başlayır. Bu baxımdan, elə Babayan da başa düşür ki, onun üçün ədalətli məhkəmədən yayınmaq mümkün olmayacaq. Məhkəmə qarşısında cavab verməli olan belə cinayətkarlar arasında Serj Sarkisyan, Robert Köçəryan, Arayik Arutyunyan, Arkadi Qukasyan, Seyran Ohanyan, Bako Saakyan kimiləri də var. Hətta siyahı bununla da birmir və onların sayı daha çoxdur. Heç də onlar Vaqif Xaçaturyandan, yaxud da Samvel Babayandan az günahkar deyillər və onların da əlləri silahsız insanların, dinc sakinlərin, azərbaycanlıların qanına bulaşıb. Onların da qanun qarşısında cavab verəcəkləri gün uzaqda deyil. Özləri də yaxşı bilirlər ki, ədalət məhkəməsi onlar üçün də qurulacaq. Bilirlər ki, onların da adları Azərbaycana, Azərbaycan xalqına qarşı dəhşətli cinayətlər törətmiş şəxslərin siyahısına salınıb. Bilirlər ki, opnları da Xaçaturyanın taleyi gözləyir. Məhz Xaçaturyanın saxlanılması, barəsində məhkəmə işinin başlanılması ilə cinayətkarlara ciddi bir mesaj verildi. Bu, erməni hərbi cinayətkarları üçün, onların cəzadan yaxa qurtarmayacaqları barədə mesajdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə