"ABŞ regionda əsas vasitəçi olmaq istəyir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"ABŞ regionda əsas vasitəçi olmaq istəyir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Respublikasının Prezidentinə zəng etməsi və Ermənistanla sülh müqaviləsinə maraqlı olması barədə fikirlər söyləməsi təbiidir. Çünki bu gün ABŞ Cənubi Qafqazda möhkəmlənmək niyyətindədir. Onun məqsədi bilavasitə Rusiyanı Qafqazdan sıxışdırıb çıxartmaq və burada öz mövqeyini möhkəmlətməkdir. Məhz buna görə də Amerika müəyyən məsələlərə, xüsusilə sülh müqaviləsinin bağlanılmasına və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına önəm verir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Onun sözlərinə görə, ABŞ strateji tərəfdaş kimi Azərbaycanı daha üstün mövqedə görür: “Çünki bugünkü gündə Azərbaycan Prezidentinin yürütdüyü siyasət dünyada demokratiyanın genişləndirilməsinə, sülh və əmin-amanlığın bərpa olunmasına, ölkələrin suverenliyinin təmin edilməsinə, eləcə də Qafqazda milli məsələlərin beynəlxalq normalar çərçivəsində həllinə yönəldilib”.

Deputat sözlərinə davam edərək bildirib ki, bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir: “Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. ABŞ da bunu görür və bu səbəbdən Azərbaycanın yürütdüyü siyasəti dəstəkləyir. Çünki bu siyasət beynəlxalq norma və prinsiplərə tam uyğundur. Azərbaycanın öz sərhədlərinin möhkəmləndirilməsi, sərhəd-keçid məntəqəsinin yaradılması, xalqın mənafeyi uğrunda həyata keçirdiyi tədbirlər ABŞ tərəfindən dəstəklənməyə bilməz. Ona görə də Blinkenin Prezident İlham Əliyevə zəng etməsi sülh prosesinə önəm vermək və bunu sürətləndirmək məqsədi daşıyır. Artıq Rusiya Qafqaza təsir etmək vasitələrini getdikcə itirir. Belə bir fürsətdən istifadə edərək ABŞ, o cümlədən, Avropa ölkələri Qafqaz dövlətləri ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Məhz Blinken və ölkə başçısı İlham Əliyev arasında gedən zəng danışığının əsasında da bu məsələlər dayanır. Çünki ABŞ regionda sülhün onun vasitəçiliyi ilə təmin olunmasında maraqlıdır. Bu, ABŞ-a yeni dividentlər gətirir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə