"Çinin Cənubi Qafqazdakı yeni proseslərə yanaşması təqdirəlayiqdir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Çinin Cənubi Qafqazdakı yeni proseslərə yanaşması təqdirəlayiqdir" - POLİTOLOQ ŞƏRH ETDİ

“Çin beynəlxalq münasibətlər sistemində vacib yer tutan, BMT TŞ-nın beş üzvündən biridir. Çinin səsvermələr zamanı oynadığı rol hər kəsə məlumdur. Eyni zamanda, qlobal kommunikasiya xətlərinin dəyişdiyi bir dövrdə pekin və Bakı bir-birinə lazımdır. Azərbaycan hazırda Çinin şaxələndirdiyi ticarət yolunun üzərində yerləşir. Son hadisələr onu göstərdi ki, kifayət qədər şaxələndirmə siyasətinə ehtiyac var”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Mərkəzi Asiya-Xəzər-Cənubi Qafqaz xətti Qərb və Şərq arasında ticarət məsələlərində çox vacib rol oynaya bilər: “Son bir neçə ildə bu istiqamətdə çox böyük işlər aparılıb. Böyük İpək Yolu ilə bağlı razılıqlar var. Azərbaycan artıq Bakı-Tbilisi-Qars dəmiryolunu istismara verib. Bu dəmiryolun geosiyasi və geoiqtisadi dəyişikliklərə qədər artıq Prezident İlham Əliyev tərəfindən inşası nəzərdə tutulmuşdu. Azərbaycan bir çox dəniz limanlarının təmir-bərpa və yenidənqurma işləri ilə məşğul olub. Azərbaycan vasitəsilə çox ciddi şəkildə irihəcmli yüklərin ticarətdə rol oynamasından söhbət gedir ki, Pekin bütün bunları nəzərə alaraq dövlətimizlə əlaqələrə böyük əhəmiyyət verir”.

Politoloq sözlərinə davam edərək bildirib ki, 44 günlük müharibə və ondan sonrakı dövrlərdə də Çinin Cənubi Qafqazdakı yeni proseslərə yanaşması təqdirəlayiqdir: “Bu, kifayət qədər təmkinli və soyuqqanlı bir davranışdır. Azərbaycan Prezidentinin “China Media Group” media korporasiyasına müsahibəsində toxunduğu bir çox məqamlar ondan xəbər verir ki, hazırda Çinlə münasibətlər inkişaf edən xətt üzrə davam etməkdədir. Eyni zamanda, digər dövlətlərdən fərqli olaraq Çin və Azərbaycan arasında münasibətlər sabit xarakter daşıyır”.

Bütün xəbərlər Facebook səhifəmizdə