Azərbaycan-Özbəkistan arasında strateji tərəfdaşlıq TƏHLİL

Azərbaycan-Özbəkistan arasında strateji tərəfdaşlıq TƏHLİL

İqtisadi, siyasi, sosial və s. sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Azərbaycan ilə Özbəkistan arasında əlaqələr də möhkəm təməllər üzərində qurulub. Reallaşdırılan qarşılıqlı səfərlər, bu səfərlər çərçivəsində imzalanan sənədlər, müzakirə edilən məsələlər, vahid mövqenin nümayiş etdirilməsi özlüyündə əlaqələrin inkişafına böyük stimul verir. "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə" müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlər ehtiva edərək, böyük əhəmiyyət kəsb edir. Xatırladaq ki, ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni etnik kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Daşkənd və Bakı şəhərlərində dahi şairlərimizin Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin açılması, Azərbaycan paytaxtının küçələrindən birinə dünyaşöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələridir. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra- 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb.

Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan, 1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Ölkələrin Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. 1997-ci il iyunun 18-19-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistana rəsmi səfərini isə münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirilir. Həmin səfər zamanı Daşkənddə ölkələrimiz arasında 19 sənəd imzalanıb. Bu sənədlər içərisində "Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə" böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün möhkəm fundamental hüquq-müqavilə bazası yaradıb. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il martın 23-24-də Özbəkistanda dövlət səfərində olması, əlaqələrin davamlığına söykənir. Səfər zamanı "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə" imzalanıb. Strateji münasibətlərin əsasını qoyan həmin sənəddə bildirilir ki, tərəflər keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiklərini ifadə edirlər. Təsadüfi deyil ki, Özbəkistan BMT Baş Assambleyasında 2008-ci il martın 14-də səsverməyə çıxarılmış "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub.

ÖLKƏLƏR ARASINDA DOSTLUĞUN VƏ QARDAŞLIĞIN NÜMUNƏSİ

Bu gün Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 19-da Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu qəbul etməsi əlaqələrin davamlığından qaynaqlanır. Görüş çərçivəsində ikitərəfli münasibətlərin ildən-ilə daha da inkişaf etdiyini vurğulayan Azərbaycan Prezidenti gələcəkdə də əməkdaşlığın genişləndirilməsi ilə bağlı yeni uğurlu layihələrin icra olunacağına əminliyini bildirib. Özbəkistanda keçirilmiş seçkilərdən sonra Şavkat Mirziyoyevi təbrik edən ilk dövlət başçısının məhz Prezident İlham Əliyev olması dövlət başçıları və ölkələr arasında dostluğun və qardaşlığın nümunəsidir. Görüşdə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri və bu səfər çərçivəsində əməkdaşlığımızın hərtərəfli inkişafı ilə əlaqədar müəyyən edilmiş prioritet sahələr, bu istiqamətdə görülmüş işlərin nəticələrinin çox müsbət olduğu qeyd edilib, iqtisadi-ticarət, investisiyalar, energetika, kənd təsərrüfatı, nəqliyyat-logistika, sənaye sahələrində yeni layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb. Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti vurğulanıb, Azərbaycanda yaradılmış azad iqtisadi zonada Özbəkistan şirkətlərinin iştirakı perspektivləri, hökumətlərarası komissiyanın fəaliyyəti və iyulun 18-də Şuşada keçirilən Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclasının önəmi qeyd edilib.
Göründüyü kimi, dövlətləri birləşdirən çoxtərəfli əlaqələr, eləcə də çoxəsrlik dostluq, qardaşlıq münasibətləri möhkəm təməl üzərindədir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə