"Ermənistan qeyri-adekvat mövqe nümayiş etdirir" - HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Ermənistan qeyri-adekvat mövqe nümayiş etdirir" - HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Ermənistan münaqişənin həlli ilə bağlı qeyri-adekvat mövqe nümayiş etdirir. Əslində, müharibədən dərhal sonra sülh müqaviləsi imzalanmalı və Qarabağın tamamilə Azərbaycanın nəzarətinə keçməsi üçün tədbirlər həyata keçirilməli idi. Lakin Ermənistanı qoruyan qüvvələr, xüsusilə də Qərb bu məsələdə çox sərt mövqe nümayiş etdirdi”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamənin dördüncü bəndi hələ də icra olunmamış qalır: “Bu baxımdan təxribatların baş verməsi təbiidir. Əgər ermənilərdə silah-texnika varsa, istər-istəməz onlar öz mövqelərini gücləndirmək üçün zəruri addımlar atmağa çalışacaqlar”.

R.Məmmədli sözlərinə davam edərək bildirib ki, artıq yalnız Qarabağda deyil, həmçinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində də atəşkəs pozulur: “Bu o deməkdir ki, Ermənistan qoşunların üz-üzə dayandığı bütün ərazilər boyu mövqelərini gücləndirməyə çalışır. Hesab edirəm ki, Brüssel danışıqlarından sonra gözlənilən ehtimallar özünü doğrultmadı. Brüssel görüşünün ertəsi günü atəşkəsin pozulması da onu göstərir ki, Ermənistan heç bir halda münaqişənin həlli ilə bağlı səmimi münasibət nümayiş etdirməyəcək. Çox təəssüf ki, növbəti qarşıdurmanın olması ehtimalı yüksəkdir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə