Tariximizin şərəfli Heydər Əliyev epoxası - TƏHLİL

Tariximizin şərəfli Heydər Əliyev epoxası - TƏHLİL

Yaşar Əhmədov

Fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin

“Humanitar fənlər” kafedrasının dosenti

Bu gün Ümummulli lider Heydər Əliyev şəxsiyyəti xalqın tarixində, onun milli siyasi təfəkküründə, dövlətçilik şüurunda əsaslı məna yükü daşıyan qeyri-adi fenomenə çevrilmişdir-bu fenomeni bu böyük insanın öz millətinə, Vətəninə həsr olunan şərəfli ömür yolu, bir qərinədən artıq Azərbaycana rəhbərlik fəaliyyəti, xalqın öz həqiqi liderinə olan böyük sevgisi və inamı yaratmışdır və bu gün də Ümummilli liderin xatirəsi onu həmişə əziz tutan milyonları bir daha öz işığına toplaya, öz nuruna bürüyə bilir.

Böyük xalqlar kimi bizim xalqımızın da tarixdə özümüzəməxsus imzası var, onun yaratdığı dövlətlər Yaxın və Orta Şərqdə çox ciddi tarixi izlər qoymuşdur. Dövlətçilik yaşadığımız tarixi dövrün reallıqları ilə tarixi keçmişimiz arasındakı əlaqələrin bərpa olunması və bunun hər bir formada insanlara çatdırılmasıdır. Dövlətçilik dedikdə, ilk növbədə tarixdən bizə ötürülən, nəsillərlə əxz etdiyimiz, qazandığımız həmin dövlət prinsiplərinin saxlanılması, qorunması yada düşür. Hər bir xalq üçün birinci onun dövlətidir-əgər dövlət yoxdursa, heç bir ideologiya və prinsipdən danışmaq olmaz. Dövlətin qorunmasını, onun müstəqilliyin möhkəmləndirilməsini başlıca amil hesab edən Ulu Öndər deyirdi: “Milli ideologiya, ilk növbədə dövlətçilikdən ibarətdir. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır və bizim partiyamız, bütün dövlət orqanları, bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hisslərini yaratmalıdır. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından – hər şeydən üstün tutsun”.

Ümummilli lider böyük siyasət ustadı olaraq hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipinin, demokratik - hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarının, insan hüquq və azadlıqlarının qeyd - şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Demokratik tələblərə tamamilə cavab verən bu ali sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixilik qazanmışdır.

Ulu öndər qeyd edirdi ki, Azərbaycanın demokratik dövlət olmasını şərtləndirən əsas meyarlardan biri də xalqın hakimiyyətin əsas mənbəyini təşkil etməsi və idarəçilik mandatının yalnız xalqa malik olmasıdır. Öz fəaliyyətində hüququ rəhbər tutmayan, əsas insan hüquq və azadlıqlarını təmin etməyən, qanunun aliliyinə söykənməyən, ictimai həyatın bütün sahələrini qanunlar əsasında idarə etməyən sistem hüquqi ola bilməz. Bu mənada, Azərbaycanda hakimiyyətin əsas mənbəyi kimi xalqı və əsas məqsədi kimi onun maraqlarının təmin edilməsini qəbul etməsi, eyni zamanda hüquqi dövlətin mövcudluğunu şərtləndirir. Respublikamızda dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır .

Müstəqil Azərbaycanı böyük dünya siyasətinə qovuşduran siyasi liderin həyatı və irsi barədə düşünərkən gözlərimiz önündə onun heyrətamiz intellekti, işıqlı ideyaları, xüsusilə dəyərli əxlaqi və siyasi siması canlanır. Hər kəs bu dahi şəxsiyyətlə bağlı hər hansı bir fikir söyləyərkən böyük şərəf və məsuliyyət hissi keçirir-belə ki, fərdi-subyektiv ölçülərə sığmayan
Ulu öndər şəxsiyyətıni dəyərləndirməyə cəhd etmək tarixə, zamana, gələcəyə qiymət vermək qədər çətindir. Etiraf etmək lazımdır ki, özünün böyük həyatı və zəngin fəaliyyəti boyu Ümummilli liderin xalqımız və dövlətimiz üçün etdiklərini ondan əvvəlki dövlət adamlarımız, ictimai - siyasi xadimlərimiz edə bilməmişlər. Ona görə də Heydər Əliyev siyasi tariximizə qurucu və xilaskar kimi daxil olmuş görkəmli dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan dahi bir şəxsiyyətdir. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında onun qədər misilsiz xidmətlər göstərən başqa dövlət adamı tapmaq çətindir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz olmaqla yanaşı, həm də bütün dünyanın etiraf etdiyi görkəmli liderdir. Tanrı bu dahi şəxsiyyətə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, dəmir iradə, coşqun enerji, zəngin təcrübə vermişdir. O, böyük ictimai - siyasi fəaliyyət təcrübəsinə malik beynəlxalq miqyaslı, nüfuzlu bir dövlət xadimi idi. Onun nüfuzu, şöhrəti, ilk növbədə bu böyük şəxsiyyətin fitri istedadı, zəkası və fədakar əməyindən qidalanırdı. Onun böyük gücü isə dərin və universal biliyində idi. Ulu öndər qətiyyəti, uzaqgörənliyi, səbirliliyi, müdrikliyi, əzmkarlığı, idarəçiliyi ilə onu tanıyanları heyrətləndirirdi.

Siyasi yüksəliş illərində Ümummilli liderin başlıca keyfiyyəti – parlaq dövlətçilik bacarığı özünü qabarıq göstərdi-o siyasi planlarını çılpaq, volyuntarist əmrlər şəklində deyil, gündəlik və yorulmaz təşkilatçılıq yolu ilə həyata keçirirdi. Ətrafdakı insanlar, cəmiyyət bunu çox vaxt hadisələrin təbii axarı kimi qəbul edirdilər. Əslində isə böyük öndərin hər bir kadr dəyişikliyinin uzaqgörən məqsədləri var idi. Həmişə milli dövlətçilik planları ilə bağlı idi. Ulu öndərin digər rəhbərlik xüsusiyyəti uzaqgörənliyində, siyasi və iradi ardıcıllığında özünü göstərirdi. Böyük planlar qurmaq ümummilli liderin siyasi rəhbərliyinin mühüm cizgisi idi, amma kənardan onun bu xüsusiyyəti də demək olar ki, sezilmirdi. Səbəb isə o idi ki, Ulu öndərin siyasi qərarları və gedişləri neçə illər sonraya yönəlirdi-onun qəbul etdiyi qərarların mənası müəyyən vaxt keçdikdən sonra görünürdü.

Müasir Azərbaycanın mənəvi dəyərlərinin inkişaf istiqamətləri Ümummilli lider tərəfindən müəyyənləşdirilmiş, bütün konsepsiyalar dövlətçilik və milli maraqların təmini üçün uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əxz etmişdir. Tarixin gedişinə təsir göstərən böyük siyasi liderlər irəli sürdükləri mütərəqqi ideyalarla xalqı öz ətrafında birləşdirməyə, hər bir addımda ictimai inam qazanmağa çalışmış, məhz bunun da sayəsində böyük uğurlara imza atmışlar. Fəaliyyətində daim ictimai mənafeni əsas götürən, xalqın dəstəyinə arxalanan siyasi lider konkret siyasi mərhələdə xalqın sabit inkişaf yolunu düzgün müəyyənləşdirmək, milli maraqları qorumaq əzmi ilə seçilir. Siyasətdə ictimai inam qazanmaq məramı demokratik dəyərlərin ön plana çıxdığı hazırkı “sürət əsri”ndə də qətiyyən aktuallığım itirmir. Hakimiyyəti millətə layiqli xidmət vasitəsi sayan və bunu əməli fəaliyyəti ilə sübuta yetirən liderlər milyonlarla insanın iradəsi əsasında dövlətə rəhbərlik şansını qazanırlar. Tarixin sərt sınaqlarından üzüağ çıxan Azərbaycan xalqı da taleyini hər zaman qəlbən inandığı, etimad göstərdiyi siyasi liderlə bağlamışdır.

Parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhv olma təhlükəsindən qoruyub saxlayan, onu yaşadan və bu dövlətin bütün atributlarını qurub-yaradan Ümummilli liderin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir. O, hakimiyyətdə olduğu illərdə Azərbaycanı sosial - iqtisadi, ictimai - siyasi və mədəni cəhətdən inkişaf etmiş ölkəyə çevirmişdir. Azərbaycanın hərtərəfli inkişafı Ulu öndərin adı, şəxsiyyəti, dövlətçilik təfəkkürü, idarəetmə məharəti və yorulmaz fəaliyyəti ilə sıx bağlı olmuşdur. Ən yüksək tribunalardan böyük iftixarla “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” söyləyən bu böyük şəxsiyyət, ilk növbədə, dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoydu, Azərbaycanın reallıqlarını, ictimai - siyasi, mədəni - mənəvi həyatının bütün sahələrini əks etdirən mükəmməl bir elmi - nəzəri sistem - dövlət quruculuğu fəlsəfəsini, dövlətçilik ideologiyasını yaratdı.

Böyük strateq və dahi şəxsiyyət hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkışafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti - quruculuq tədbirləri ilə, habelə bir neçə onillikdən sonra müstəqillik nemətinə qovuşacaq respublikamızın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix isə bu böyük öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur. Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda məhz Ulu öndərin respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir.

Ümummilli lider hələ 70 – 80 - ci illərdə respublikanı nəhəng tikinti meydançasına çevirərkən, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verərkən, bir sıra yeni təhsil ocaqlarının, o cümlədən mədəniyyətin, fundamental və tətbiqi elmlərin sıçrayışlı inkışafına nail olarkən məhz bugünkü və gələcək tərəqqinin, dinamik sosial - iqtisadi inkişafın möhkəm təməlini qoymuşdur. Ulu öndərin ölkəmizə birinci rəhbərliyi dövrü Azərbaycan tarixinə siyasi, sosıal-iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olaraq xalqın milli mənlik şüurunun, müstəqillik ideallarının oyanışına güclü təkan vermişdir. Bu nöqteyi - nəzərdən Azərbaycan xalqının müstəqil dövlətdə yaşamaq idealının real, dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi çağdaş tariximizin unudulmaz dühası olan Ümummilli liderin adı ilə bağlıdır.

Tarixi təcrübə təsdiqləyir ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha çətin prosesdir. Ümummilli lider dəfələrlə qeyd etmişdir ki, müstəqilliyi əldə etmək qədər də onu qoruyub saxlamaq, əbədiliyini dönməz etmək çətindir-bu baxımdan dövlətçiliyimizə, dövlətçiliyimizin möhkəmləndirilməsinə onun verdiyi töhfələr əvəzsizdir. Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz xarizmatik liderlərdən asılı olur və bu, inkaredilməz bir faktdır ki, dünya tarixinin nadir şəxsiyyətlərindən olan Heydər Əliyev öz siyasi uzaqgörənliyi, müdrikliyi, təcrübəsi, iradəsi və qətiyyəti ilə Azərbaycanı və xalqımızı tarixin ağır sınaqlarından uğurla çıxarmışdır. Ulu öndərin dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycan Respublikasının hüquqi və siyasi - iqtisadi suverenliyinin təmin olunması prosesi sürətlənmişdir. Ümummilli lider, ilk növbədə, ölkədə ictimai - siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri - qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial - iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai - siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur.

Ulu öndər irəli sürdüyü dövlətin təməl prinsiplərindən biri sayılan qanunun aliliyinin ölkəmizdə təmin olunmasna nail oldu. Dövlət varsa, qanun olmalıdır-əgər qanun yoxdursa, dövlət mövcud olma bilməz. Dövlət qanuna söykənməlidir-qanunçuluq prinsipi, bir tərəfdən qanunun aliliyidir, digər tərəfdən isə zamanın tələbinə və reallığa uyğun olaraq yeni qanunların yaradılması və onların işlək olmasına ictimai nəzarətin gücləndirilməsidir. Dahi şəxsiyyət dəfələrlə bildirmişdir ki, dövlət xalqa xidmət etməlidir, dövlətin xalqa xidmət etməsi üçün dövlət məmurları, dövləti idarə edən şəxslər daim xalqla təmasda olmalıdır. Yaxşı hökumət o hökumətdir ki, nəinki insanları xoşbəxt etmək istəyir, həm də buna hansı yolla nail olmağı bilir və bunu həyata keçirməyə qadirdir. Bu böyük şəxsiyyətin liderin irəli sürdüyü qanunçuluq prinsipindəki mühüm fikirlərdən biridir. Ölkəni və xalqı yaranmış böhrandan qurtarmaq üçün Ümummilli lider əlverişli geosiyasi mövqeyindən və zəngin təbii ehtiyatlarından istifadə olunmasını respublikanın və xalqın üzləşdiyi problemlərin həllinə yönəltməyi də müvəffəqiyyətlə bacardı.

Bu gün tariximizin son yarım əsrlik dövrünə nəzər yetirəndə Azərbaycanın gələcəyinə istiqamətlənmiş, effektli, uzunmüddətli şərtlərin təminatını, intellektual və elmi potensialın inkişafını nəzərdə tutan, cəmiyyətin həyatına nüfuz etmiş praqmatik siyasətin təzahürlərini görürük. Azərbaycanın müstəqilliyinə yönəlmiş bu müdrik siyasətin təməlini qoymuş Ulu öndər çiyinlərində bütöv bir xalqın varlığını, bütün bəşəri keyfiyyətlərini, dövlətçilik missiyasını daşıyan böyük lider kimi millətin xarakterini, milli iradəni atdığı hər bir addımında əks etdirirdi. Ulu öndər təkcə öz ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyildi, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində idi-O, Azərbaycan xalqının müdriklik simvolu, müdriklik zirvəsi idi. Bu zirvədən baxanda yalnız bir ömrün yaşandığı illər deyil, bir xalqın dünəni, bu günü, sabahı görünürdü.

Ümummilli liderin müdrik siyasətinin dəyəri məhz elmi prinsiplər üzərində qurulması, intellektual potensiala və malik olduğu zəngin təcrübəyə əsaslanmasında idi. Cəmiyyətin, xalqın inkişaf zəminini elmdə, intellektdə, mənəvi - əxlaqi dəyərlərdə görən bu dahi insan elmimizin, mədəniyyətimizin, ədəbiyyatımızın gözəl bilicisi və araşdırıcısı idi. “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”–deyən Ulu öndər Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin milli - mənəvi dəyərlərinə, maddi - mənəvi irsinə və onları yaşadan, inkişaf etdirən ziyalılara, elm, mədəniyyət və incəsənət xadimlərinə daim qayğı ilə yanaşmış, xalqın mənəviyyatını zənginləşdirən, onu bütün dünyada tanıdan milli dəyərlərimizin hərtərəfli inkişafı və yüksəlişi üçün əlindən gələni əsirgəməmişdir.

Bütün həyatı və fəaliyyəti boyu ağsaqqal sözünə hörmətlə yanaşan müdrik dövlət başçısı milli - mənəvi dəyərlərimizə, soy - kökünə qırılmaz tarixi tellərlə bağlı olan bir şəxsiyyət idi. Əslində, Ulu öndər təbiət etibarilə və xarakterindəki bütün cizgiləri ilə bu millətin ən böyük və müdrik ağsaqqalı idi. Azərbaycanın, eləcə də dünyanın siyasət arenasına yeni siyasi mədəniyyət gətirən lider kimi məhz o, ölkəmizi dərin siyasi və iqtisadi böhrandan xilas edərək dinamik inkişaf yoluna çıxardı. Bu bir danılmaz faktdır ki, ötən əsrin 90 - cı illərinin əvvəllərində Azərbaycanın düşdüyü çətin və ağır vəziyyət ölkəmizi, sözün əsl mənasında idarə edə biləcək ensiklopedik təfəkkürlü, dərin erudisiyalı müdrik rəhbərin olmamasından yaranmışdır. Lakin tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz - üzə qalmış Azərbaycanı bu dahi şəxsiyyət qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan bir ölkəyə çevirə bildi. Ümummilli lider öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz izlər qoydu. Şərəfli və məhsuldar ömür yolu, mənəvi saflığı və vətəndaş böyüklüyü ilə seçilən müdrik dövlət xadiminin siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər bu gün göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai - siyasi həyatımızda öz əksini tapmışdır.

Ulu öndər “milli mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqallara hər zaman diqqət və qayğı göstərmiş, Azərbaycana rəhbərliyi dövründə taleyüklü qərarların qəbulu zamanı onların məsləhət və tövsiyələrinə həmişə önəm vermiş, ölkəmizin ictimai - siyasi həyatındakı həlledici tarixi məqamlarda ağsaqqalların dəstəyinə arxalanmışdır. Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti də Ümummilli liderin yaxından köməkliyi ilə daha da genişlənmiş və ağsaqqallarımız da öz növbəsində cəmiyyətin sağlam ruhda inkişafı, gənc nəslin yüksək vətənpərvərlik ruhunda böyüməsi üçün üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmişlər. Onlar Azərbaycanın ictimai - siyasi həyatı ilə bağlı ən aktual məsələlərə, ölkəmizdə həyata keçirilən demokratik proseslərə, islahatlara vətənpərvər ictimai xadim, əsl ziyalı, müdrik ağsaqqal və vətəndaş məsuliyyətilə münasibət bildirmiş, öz əməli fəaliyyətləri ilə bu prosesin fəal iştirakçısı olmuşlar. 90-cı illərdə Milli Məclisdə bu dahi liderə qarş təşkil olunan şou, rəhbərliyi dəstəyi ilə müəyyən adamların, vaxtilə işlərində buraxdıqlar nöqsanlara, rüşvətxorluğa görə işdən qovulanların “mikrafon yarşı” o dövr siyasətçilərinin ağsaqqala münasibətinin təzahürü idi.

Hər zaman ölkəmizin və xalqımızın hərtərəfli inkişafının qayğısına qalan Ulu öndərin respublikamıza rəhbərliyi dövründə Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmlənməyə başladı, ölkə daxilində ictimai - siyasi sabitlik bərqərar oldu və dövlətimiz sosial - iqtisadi inkişaf sahəsində böyük uğurlara imza atdı. Beləliklə, ölkəmiz siyasi və iqtisadi cəhətdən regionun ən güclü dövlətinə çevrildi və dünyanın super gücə malik dövlətləri Azərbaycanla əməkdaşlığa böyük önəm verməyə başladılar. Bu yüksək tərəqqinin müəllifi olan Ümummilli lider Azərbaycanın parlaq və firavan gələcəyinə öz varlığı qədər inanırdı-onun təməlini qoyduğu siyasi kurs və iqtisadi inkişaf modeli dərin elmi əsaslara və qabaqcıl dünya təcrübəsinə söykənirdi. O, bu siyasi kursu və inkişaf modelini dönmədən, qətiyyətlə və ardıcıl şəkildə davam və inkişaf etdirə biləcək siyasi lideri də görə bilirdi. Ulu öndər İlham Əliyevin Azərbaycan üçün taleyüklü məsələləri həll etməyə qadir olduğunu vurğulayır və ona özü qədər inandığını bildirirdi. Tarix göstərdi ki, böyük müdrikliyə və uzaqgörənliyə malik olan dahi siyasətçi və böyük tarixi şəxsiyyət yanılmamışdır.

Ulu öndər Azərbaycan dilinin, tarixinin, ədəbiyyat və mədəniyyətinin yeni azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı. Bu baxımdan Azərbaycan Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001 - ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001 - ci il 9 avqust tarixli fərmanları böyük tarixi - siyasi əhəmiyyətə malik sənədlər idi-bu fərman dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı. 1991 - ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdır-yalnız Ümummilli liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verildi. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr latın qrafikası ilə aparıldı. Prezidentin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004 - cü il 12 yanvar tarixli sərəncamları da öz ictimai - tarixi əhəmiyyətinə görə yüksək qiymətləndirilir. Həmin sənədlərə uyğun olaraq 2004 - cü ildə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısı hazırlanmış və çap olunmuşdur. Dövlət başçısı milli - mənəvi dəyərlərimizə, elmin və mədəniyyətin inkişafına böyük diqqət yetirdiyini bir daha təsdiqləmişdir. Ulu öndər Azərbaycan dilinə məhz azərbaycançılığın mənəvi əsası kimi yüksək qiymət verirdi: “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan dilini əbədi edibdir və bu gün Azərbaycan dilimiz yaşayır və yaşayacaqdır. Qoy Azərbaycan dili müstəqil Azərbaycanda, eləcə də, dünyada yaşayan bütün azərbaycanlıların dili olsun”.

Ulu öndər Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial - siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olmuşdur. Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR - nin qanunlarında (xüsusilə Konstitusiyada) əksini tapmış, mərkəzin etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilmişdir. Azərbaycan dilli məktəbin, maarifin inkişafına xüsusi qayğı göstərilmiş, bir sıra digər sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gənclərin ana dilində təhsilinə üstünlük verilmişdir. Dahi şəxsiyyət digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət - ənənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlamışdır. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi əhəmiyyət verən Ümummilli lider ana dilimizi özümüzə qaytardı. Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması əksini tapdı

Ümummilli lider Azərbaycan dövlətçiliyinin və müstəqil Azərbaycanın banisidir. Milli dövlətə, Azərbaycan dövlətçiliyinə xidmət Heydər Əliyevin bütün siyasi fəaliyyətinin əsas prinsipini, mahiyyətini və mənasını təşkil edir. İkinci prinsip olan islahatçılıq prinsipinə toxunarkən qeyd etmək lazımdır ki, o bir siyasi lider kimi islahatçı, yenilikçi və reformatordur. Bir təşkilatçı lider kimi o qarşıda duran məqsəd və vəzifələri çox aydın gördüyündən həmin məqsəd və vəzifələrə çatmaq üçün lazım olan üsul və vasitələri yaratmağı çox cəsarətlə girişir, lazımi addımlar atır, köhnə iş metodlarını dəyişdirir və yeni dövrün tələblərini təmin edə biləcək kadrları cəsarətlə irəli çəkir. Ulu öndər heç vaxt qarşısına qoyduğu məqsədləri yarımçıq qoymamış, onların hamısını axıra çatdıra bimişdir.

Bu gün Azərbaycanda mühüm əhəmiyyətli və dəyişilməz üç faktor var: Heydər Əliyev – xalq - Azərbaycan dövləti faktorları. Heydər Əliyev böyük bacarıqla Azərbaycan xalqının milli mənafelərini əsas götürərək, onun tarixi arzularını reallaşdıraraq əbədiyaşar Azərbaycan dövlətinin bünövrəsini qoymuşdur. Onun yaratdığı müasir Azərbaycan dövləti bir hüquqi demokratik dövlət kimi müasir dünyanın bütün sivil dövlətləri tərəfindən çox hörmətlə qəbul edilir. Ulu öndər Azərbaycan xalqına xas ola mənəvi dəyərləri daim yüksək qiymətləndirmiş və onları bütün dünyaya tanıtmışdır. “Xalqımız nikbindir, basını heç vaxt aşağı tutmayıb, sınmayıb, əyilməyib, heç vaxt diz çökməyib”, – deyən bu böyük şəxsiyyətin gücünün, qüdrətinin mənbəyi də məhz elə öz xalqı olmuşdur. Ümummilli lider heç bir zaman öz xalqına kütlə və yaxud “obıvatel” kimi yanaşmamışdır, əksinə, o həmişə öz xalqının milli qürurunu uca tutmuş və “xalqımız qəhrəman xalqdır” – demişdir. О, öz millətinə və xalqına inandığı kimi, 10 milyonluq Azərbaycan xalqı da məhz ona inanmış, ona etimad göstərmiş və bütün taleyini ona etibar etmişdir. Ulu öndər hər zaman öz xalqının etimadını doğrultmuş bir siyasətçi idi. Biz hamımız, müəllimi Heydər Əliyev olan bir siyasi məktəbin tələbələri zaman - zaman Heydər Əliyevdən öyrənməli, onun bütün fəaliyyət prinsiplərini daim rəhbər tutmalıyıq.

Ümummilli liderin azərbaycançılıq prinsipi Azərbaycan xalqını birləşdirən ən mühüm ideya, vətənə sevgi, məhəbbətdir. Azərbaycançılıq, eyni zamanda Azərbaycanda yaşayan bütün xalqların vahid bir ideya ətrafında birləşməsi deməkdir. Azərbaycançılıq dövlətin möhkəmləndirilməsinə çalışmaq, Azərbaycanın inkişafı naminə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının fəaliyyət göstərməsi, bu yöndə öz töhfəsini verməsi deməkdir. Azərbaycançılığı Azərbaycanda ictimai dövriyyəyə gətirən və onun yerini möhkəmləndirən Ümummilli lider çox haqlı olaraq deyirdi ki, azərbaycançılıq söykəndiyimiz təməl prinsiplərin əsasıdır: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətindən qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, milli - mənəvi dəyərlərini, adət - ənənələrini yaşatmalıyıq”.

Azərbaycançılıq ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır. İdeologiya kimi azərbaycançılıq müstəqil Azərbaycanın fəlsəfi - sosial doktrinasının sosiomədəni və etnikgeosiyasi cəhətlərini özündə birləşdirmişdir. O, qarşılıqlı dəstək, əməkdaşlıq və bərabərliyin mühüm əsasını təşkil edir. Ulu öndər azərbaycançılıq dedikdə, Azərbaycan xalqının öz milli dəyərlərinə söykənməklə bərabər, ümumbəşəri dəyərləri də qəbul etməsi və onlardan yararlanmasını nəzərdə tuturdu. Ümummilli lider azərbaycançılıq ideologiyasının nəzəri cəhətdən elan edilməsi ilə məsələni bitmiş hesab etməmiş və azərbaycançılığın dünyada olan bütün azərbaycanlılar üçün birləşdirici bir ideologiyaya çevrilməsi üçün xeyli tədbirlər həyata keçirmişdir - dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla görüşməsi, soydaşlarımızla əlaqələrin qurulması, azərbaycançılıq ideyası ətrafında Azərbaycan xalqının daha sıx birləşməsinə təkan verən amillər olmuşdur. Azərbaycançılıq ideyasının Azərbaycan xalqına çatdırılması Ulu öndərin fəaliyyətində həlledici yerlərdən birini tutmuşdur. Azərbaycançılıq ideyası bu gün də Azərbaycan xalqının diqqət mərkəzindədir və Prezident İlham Əliyev Azərbaycan xalqının azərbaycançılıq ideyası ətrafında güclənməsi, birləşməsi yönümündə çoxşaxəli və geniş fəaliyyət göstərir-bu gün azərbaycançılıq dünyada olan 50 milyon azərbaycanlını vahid ideya çətiri ətrafında birləşdirir.

Ümummilli lider elə şəxsiyyətlərdəndir ki, keçdiyi həyat yoluna nəzər yetirdikdə xalqımızın dünəni, bu günü, sabahı aydın görünür. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixində məhz onun adı və şəxsiyyəti ilə bağlıdır. Tarixdə hər birinin öz yeri olan dahi şəxsiyyətlərimizin istər dövlətçilik ənənələrimizin yaradılması və inkişafı, istərsə də Azərbaycan mədəniyyətinin intibahı ilə bağlı misilsiz xidmətləri fəxr və qürur istinadgahımızdır. Amma bu dahilərimizin içərisində xalqın Ümummilli lideri zirvəsinə çatan yalnız bir nəfər var-o da Heydər Əliyevdir. Ulu öndər öz əməlləri ilə, xalqa əvəzsiz xidmətləri ilə tariximizdə əbədiyaşarlıq qazandı-ölkəmizin inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir. Zəmanəmizin ən görkəmli siyasi xadimi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycanın yeni tarixində dövlətçiliyimizin möhkəmlənməsinə, müstəqilliyimizin əbədi olmasına verdiyi töhfələrə görə xalqımızın Ümummilli liderinə çevrildi. Ulu öndər xalqımızın qürur mənbəyi, qazandığımız bütün nailiyyətlərin səbəbkarı, uğurlu gələcəyimizin təməlini qoyan millət atasıdır.

Azərbaycan dövlətinin təməl prinsiplərindən biri varislik, yaradıcı təkamül prinsipidir-bu prinsip Azərbaycan xalqının söykənəcəyi mühüm prinsip kimi qeyd olunur və göstərilir ki, bizim yeni cəmiyyət quruculuğunda əsas vəzifələrimizdən biri keçmişimizdən ibrət dərsi almaqla cəmiyyətimizi irəli aparmaqdır. Varislik Azərbaycan xalqının əvvəlki tarixi dövrlərdə əldə etdiyi nailiyyətləri öyrənmək, prinsipial olaraq əldə edilənləri gələcək nəsillərə ötürməkdir. Bu, hakimiyyətin ideoloji, siyasi, iqtisadi baxımdan gələcək nəsillərə ötürülməsidir. Varislik mexaniki deyil, yaradıcı şəkildə, təkamül yolu ilə, inkarı inkar, yəni fəlsəfənin qanunları əsasında baş verir. Bu yaradıcı varislik nəticəsində biz bu gün Ümummilli lideri yaratmış olduğu təməl üzərində Azərbaycanı irəliyə aparırıq. Dövlət canlı orqanizm kimi inkişaf edir. Dövlət inkişaf etdikcə cəmiyyət də buna paralel olaraq inkişaf edir. Təbii ki, bizim qədimdən bu yana əldə etdiyimiz nailiyyətləri toplamaq, araşdırmaq və bunu həm tarixi nöqteyi - nəzərdən, həm də dövlətçilik baxımından cəmiyyətə çatdırmaq vacibdir. Bu baxımdan varislik çox mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan cəmiyyətində vətəndaş həmrəyliyi xalqımızı daxildən birliyə çağıran məsələdir. Vətəndaş həmrəyliyi həm də azərbaycançılıq ideyası əsasında birləşmək deməkdir. Vətəndaş həmrəyliyinə Azərbaycanda faktiki surətdə nail olunmuşdur. Məhz Ulu öndərin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda vətəndaş sülhünə nail olunmuşdur. Amma bu, mövcud prinsiplərdən biri kimi qalmalıdır. Heç kəs vətəndaş həmrəyliyinin pozulmasına gətirib çıxaran hərəkətlərə yol verməməlidir. Vətəndaş həmrəyliyinin pozulması, vətəndaş qarşıdurmasının yaranması Azərbaycan cəmiyyəti üçün təhlükələrə gətirib çıxara bilər-tarixi təcrübəmizdən ibrət götürməliyik: 1991 – 1993 - cü illərdə Azərbaycan cəmiyyətində vətəndaş həmrəyliyinin pozulması, daxili dartışmalar, qarşıdurmalar, silahlı münaqişələr və s. nəticə etibarilə Ermənistan tərəfindən ərazilərimizin işğal edilməsinə gətirib çıxardı. Vətəndaş həmrəyliyinin pozulması vətən, dövlət və xalq üçün təhlükədir. 1993 - cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda vətəndaş həmrəyliyinin bərpa olunması istiqamətində ciddi addımların atılması ilə müşayiət olundu və Azərbaycanda vətəndaş həmrəyliyi, vətəndaş sülhü bərqərar edildi. Konstitusiyanın qəbul edilməsi ilə Azərbaycan dövlətinin Heydər Əliyev prinsiplərinə söykənən qanunçuluğu meydana gəldi və həmin Konstitusiya eyni zamanda vətəndaş sülhünün hüquqi baxımdan təminatını həyata keçirdi. Konstitusiya, eyni zamanda dövlətçilik prinsiplərini, azərbaycançılığı özündə birləşdirdi. Vətəndaş sülhü Ulu öndərin müəyyən etdiyi mühüm bir prinsip kimi Azərbaycan vətəndaşlarının daimi nəzərindədir və gələcəkdə daha da inkişaf etdirilməlidir. Ulu öndərin siyasi uzaqgörənliyinin, prinsipiallığının və siyasi iradə nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan verməklə, Azərbaycanda hüquqi islahatların yeni mərhələdə aparılmasına da geniş imkanlar açmışdır. Böyük strateqin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır.

Azərbaycan dövlətinin digər bir təməl prinsipi sosial ədalətdir. Cəmiyyətdə ədalətə nail olmadan ölkəni inkişaf yoluna çıxarmaq mümkün deyildir. Ədalət Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının təbiətinə, ruhuna uyğundur. Azərbaycan xalqı həmişə ədalətə tərəfdar olmuş, ədaləti müdafiə etmişdir. Ədalətlilik ölkənin sosial-iqtisadi inkişafından ədalətli şəkildə xalqa pay düşməsi, Azərbaycan dövlətinin milli sərvətlərdən əldə olunan gəlirlərin insanlarımıza ədalətli şəkildə çatdırılmasıdır. Ədalətlilik, eyni zamanda cəmiyyətdə bazar iqtisadiyyatının yaratdığı ziddiyyətlərin hansısa bir zümrəyə ziyan vurmasının qarşısının alınması deməkdir-bu, Azərbaycan cəmiyyəti üçün olduqca əhəmiyyətli bir prinsipdir. Cəmiyyətdə ədalət olmasa, qarşıdurma qaçılmazdır. Bütün cəmiyyətlərin tarixi göstərir ki, ədalət prinsipi pozulduqda qarşıdurma meyilləri güclənir-bu isə xaosa və anarxiyaya gətirib çıxara bilər. Ədalət prinsipinin təmin olunması islahatlardan keçir. Daimi islahatlar, inkişaf yolu ilə, həmçinin cəmiyyətdə insanların təbəqələşməsi fonunda müxtəlif siyasi və iqtisadi vasitələrlə sosial ədalətin təmin olunması bu gün ölkəmizdə uğurla gerçəkləşir. Sosial ədalət dedikdə hər bir ailənin, hər bir vətəndaşın rifahının yaxşılaşdırılması, cəmiyyətin idarəçiliyində hər kəsin iştirakının təmin edilməsi, azad iqtisadi münasibətlərin təminatı və bu kimi digər məsələlər nəzərdə tutulur. Prezident İlham Əliyev deyir: .”Ölkəmizin qarşısında böyük vəzifələr durur. Bizim məqsədimiz Azərbaycanı inkişaf etdirmək, ölkəmizdə yaşayan hər bir insanın həyat şəraitini yaxşılaşdırmaq, çoxlu sosial problemlərin həllində inkişaf etməkdədir”.

Cəmiyyətimizin söykəndiyi ideoloji prinsiplər sırasında respublika idarə üsulu, Azərbaycanın idarəçiliyində xalqın iştirakı da əsas rol oynayır. Təsadüfi deyil ki, Azərbaycan Konstitusiyasında ən mühüm müddəa “Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır” tezisidir. Xalqın hakimiyyətin mənbəyi olması prinsipi respublika idarə üsulunun ən bariz nümunəsidir. Ulu öndərin irəli sürdüyü əsas prinsiplər sırasında demokratiya da önəmli yerlərdən birini tutur. Demokratik dəyərlərə sədaqət Azərbaycan cəmiyyəti üçün əsas prinsiplərdən biridir. Ümummilli lider Azərbaycanın demokratik dəyərlərə söykəndiyini və demokratiyaya daim sadiq olduğunu həmişə xüsusi olaraq vurğulayırdı. O həmişə qeyd edirdi ki, dövlətin inkişafı milli sərvətlərlə ölçülmür. Dövlət zəngin sərvətlərə malik ola bilər. Lakin dövlət əgər həmin sərvətlərə malik olub demokratik dəyərlərə söykənməsə, onun inkişafı müvəqqəti xarakter daşıyacaqdır. Dövlət o zaman inkişaf edə bilir ki, demokratik dəyərlərə söykənir. Prezident İlham Əliyev çox doğru olaraq deyir: “Mən tam əminəm ki, əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış ölkələrdə demokratik proseslər də geridə qalır. O ölkələr ki, onlar iqtisadi cəhətdən güclüdürlər, orada sahibkarlıq inkişaf edibdir və azad sahibkarlıq böyük uğurlar qazanıbdır, o ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Ona görə iqtisadi islahatların davam etdirilməsi, xalqın maddi rifahının yaxşılaşması, demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərtdir”.

Ümummilli liderin müəyyənləşdirdiyi ideoloji prinsiplər Azərbaycan dövləti və bütün azərbaycanlılar üçün vahid bir prinsipdir. Siyasi əqidəsindən, dünyagörüşündən, fəaliyyətindən, partiyalılığından asılı olmayaraq Heydər Əliyev irsi, Heydər Əliyev yolu, Heydər Əliyevin müəyyən etdiyi prinsiplər hamı üçün eynidir. Bu prinsiplərin özü də zaman - zaman yaradıcı təkamül yolu ilə, varislik yolu ilə gələcək nəsillərə ötürülür və keyfiyyətcə yeniləşir. Bu prinsiplər, əslində, Azərbaycan Konstitusiyasının, qanunlarımızın istiqamətlərini müəyyən edir və milli - mənəvi dəyərlərə söykəndiyi, dövlətimizi, xalqımızı irəliyə apardığı üçün hər kəs tərəfindən qəbul edilir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətt, sosial - iqtisadi sahədə əldə etdiyimiz uğurlar və s. yaradıcı yolla inkişaf etdirilir və bu Heydər Əliyev ideyalarının inkişaf etdirilməsi deməkdir.

Ulu öndər öz ampluasının ən böyük alimidir və başqalarından onu fərqləndirən istedadı da elmi bilikləri ilə tandemdə bu dahini əlçatmaz edir. Heydər Əliyevin müəllimləri, onu yetişdirən xalq, mədəni – mənəvi irs işığa, xeyirxahlığa, insansevərliyə, ictimai tərəqqiyə yönəlik bir qaynaq idi və bu səbəbdəndir ki, ulu öndərin elmi də yaxşılığa, işığa, xeyirxahlığa xidmət göstərirdi. Başqa cür ola da bilməzdi-Heydər Əliyev elə bir ölkənin, elə bir xalqın yetirməsi idi ki, humanizm, insansevərlik, xeyirxahlıq yönündə minillik ənənələri var idi və Ümummilli lider də ləyaqətli bir oğul kimi təkcə bu ənənələri qəbul etməklə kifayətlənməmişdir, həm də onları qoruyub zənginləşdirmək yolunda qeyrət kəmərini belinə möhkəm bağlamışdır. Ümummilli lider böyük siyasətə gəldiyi ilk gündən onun qəbul etdiyi və ömrünün sonuna qədər sədaqətli qaldığı bir iş üsulu oldu: rasional təfəkkürün, dəmir məntiqin qanunlarına söykənən elmi idarəetmə üsulu. Təbii ki, bu üsulun əsasını elm, bilik təşkil edirdi. Ancaq doğma xalqına məhəbbətsiz, vətəninə bağlılıqsız bu elmin və biliyin nə qədər effektiv olacağını demək çətindir. Buna görə də, heç şübhə yoxdur ki, Heydər Əliyevin elmi idarəçilik sisteminin əsasını məhz onun Vətənə və millətə sevgisi təşkil edir. Bu yöndə də Heydər Əliyev Azərbaycan humanist fikrinin layiqli davamçısıdır. Belə ki, lap qədim dövrlərdən başlamış son zamanlara qədər Azərbaycan ictimai – bədii fikrində maarifçi hökmdar ideyası aktual olmuş və istər klassik şairlərimiz, istərsə də filosoflarımız, ruhani alimlərimiz tərəfindən həvəslə təbliğ olunmuşdur.

Ümummilli lider məhz belə bir elmi irsin yetirməsi kimi uzun əsrlər boyu yalnız utopiya kimi qəbul edilmiş ideyaların gerçəkləşdirilməsində müstəsna rol oynamışdır. Ulu öndər özünün humanist elmi ideyalarına söykənərək ölkəmizi qısa müddətdə cəhalət və ətalət girdabından çıxararaq elmin, qeyrətin, zəhmətin, son nəticədə isə milli səadətin işığına doğru apardı. Təsadüfi deyil ki, o zamanlar təkcə keçmiş Sovetlərdə deyil, bütün dünyada sosioloq alimlər ictimai – iqtisadi inkişafın Azərbaycan fenomenindən danışmağa başladılar. Əslində bu “Heydər Əliyev fenomeni” idi. Yaxşı bilirik ki, Kainatın yaranması barədə müxtəlif nəzəriyyələr var. Bunlardan biri - antik filosoflar tərəfindən irəli sürülən “ilkin təkan”, digəri - çağdaş dövrdə alimlər arasında daha geniş yayılmış “böyük partlayış” nəzəriyyəsidir. Əgər keçən əsrin 70 – ci illərinin əvvəllərindəki Azərbaycanı kiçik bir Kainata bənzətsək, onun tərəqqisi üçün ilkin təkan da, böyük partlayış da, bütün bunlar məhz Umummilli liderin siyasət və idarəçilik elminin bəhrələridir. Qeyd etdiyimiz kiçik Kainat, bu böyük şəxsiyyətdən aldığı enerji ilə bu gün də “genişlənməkdə” davam edir. Çünki o qüvvəni davam etdirən, sönməyə qoymayan, getdikcə gücləndirən varisi- Heydər Əliyevin elmi idarəçilik üsulunun istedadlı və bacarıqlı varisi, cənab İlham Əliyev var. Demək, Ulu öndərin elmi məktəbinin ideyaları yaşayır, xalqımızın rifahına, dövlətçiliyimizin möhkəmlənməsinə, dünya birliyində layiqli yerini tutmasına, ali beynəlxalq kürsülərdən səsimizin daha ucadan eşidilməsinə xidmət edir.

Ümummilli lider Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdır. Ulu öndər özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını göstərmişdir. Ümummilli liderin mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai - iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürmüş və həyata keçirmişdir.

Ulu öndər intellekti xalq məfkurəsinin qaynaqlarından bəhrələnən, daha mürəkkəb, dinamik reallıqlarımızın mənimsənilməsi və dərkinin qüdrətli nəticəsi, siyasətçi şəxsiyyətinin özünütəsdiqinin vacib vasitəsidir. Ulu öndərin dövlətçilik fəaliyyətinin timsalında aydın oldu ki, müstəqilliyin möhkəmləndirilməsinə yönəlmiş milli inkişaf siyasətini yalnız intellektual düşüncə gərginliyi sayəsində reallaşdırmaq mümkündür. Real praktika da sübut etdi ki, məhz dərin tarixi təcrübəyə və geniş nəzəri bilik diapazonuna malik dövlət adamları çox zaman bənzəri olmayan, yalnız milli reallıqları dərindən başa düşdükləri təqdirdə məsuliyyətli tarixi qərarlar qəbul edirlər. Tarixi həqiqət düşünən fərdin mənlik şüurunun formalaşmasında müstəsna rol oynayır, o, yüksək məsuliyyət hissilə dərk edilir. Belə bir keyfiyyət liderlik düşüncəsinin inkişafı üçün vacib şərtlərdən biridir, çünki o, tarixi təcrübə qazanmağın mühüm qaynaqlarından biridir. Əsl lider, əsl siyasətçi dövrün, zamanın, ilk növbədə xalqının tələbatlarına vaxtında həssas reaksiya verməyi bacarır. Azərbaycanın timsalında dünya birliyi bir daha inandı ki, xalqının müstəqilliyi uğrunda barışmaz mübarizə aparan Heydər Əliyev kimi lider ölkəsi ətrafında risk amilinin artdığı bir zamanda canlı praktikadan və yaradıcı təbii dəyərlərdən bəhrələnəndə cahanşümul enerji nümayiş etdirir, universal fəaliyyət subyekti kimi hərəkət edir. Ulu öndərin fəaliyyəti sivilizasiyalı dünyanı bir daha inandırdı ki, iri və qüdrətli dövlətlərin başçıları vaxtilə az tanınan Azərbaycan məkanında siyasət arenasında intellektual siyasətçi kimi xalqının rəğbətini qazanmış görkəmli lider və strateqlə iş görməli olacaqlar.

Müasir qlobal reallıqları düzgün qiymətləndirən Ulu öndər Azərbaycan xalqının müasir sivilizasiyada özünütəsdiqi məsələsinin həllində milli ideologiyanın rolunu xüsusi qeyd edir. Məlumdur ki, qloballaşma dövlətlərin sabit inkişafı, ərazi bütövlüyü və idarəetmə sistemlərinin rəvan işləməsi, iqtisadi - siyasi inteqrasiyada dövlətlərin, xüsusilə yeni demokratiyaların identikliyi kimi həyati problemləri ciddi təsirlərə məruz qoyur. Lakin bu prosesdə milli mənliyin identikliyini qoruyub saxlayan çox mühüm sarsılmaz ideoloji silah azərbaycançılıqdır. Azərbaycanın müstəqilliyinin qorunub möhkəmlənməsinin labüd ideoloji təməli və təminatı ölkənin hər bir vətəndaşının özünü əsl azərbaycanlı hiss etməsi, azərbaycanlılara məxsus şüur ilə hərəkət etməsidir. Soydaşlarımızın mənlik ruhunun saxlanmasında, onların dünya sivilizasiyasında bir millət kimi özünütəsdiqində azərbaycançılıq ideologiyasının danılmaz rolunu dəfələrlə vurğulayan Ulu öndər bu ideologiyanı heç bir fikir müxtəlifliyinə məruz qoymamağı tövsiyə etmişdir. Ona görə də, dövlətçilik, vətənçilik kimi fenomenlər azərbaycançılıq ideologiyasından bəhrələnməli və bunlar da öz növbəsində azərbaycançılığın sosial - milli məzmununun saflığını qorumalıdır.

Maarifçilik fəlsəfəsinin tarixi - mənəvi dəyərlərindən bəhrələnmiş Ümummilli lider vətən, millət və milli dövlət anlayışlarını azərbaycançılıq ideyası çərçivəsində vəhdətdə götürərək bu sintezi milli bütövlüyün təmin edilməsi, onun həmrəylik ruhunda inkişaf etdirilməsinin mühüm sosiomədəni mexanizmi kimi işləmişdir. Azərbaycançılıq ideyası müharibə gedən ölkəni fəlakətdən çıxarmaq üçün millət və cəmiyyət qarşısında həmrəy qüvvələri birləşdirmək simvoluna çevrilmişdir. Ulu öndərin bilavasitə təşəbbüsü ilə Bakıda keçirilmiş dünya azərbaycanlılarının qurultayı da göstərdi ki, həmrəylik fenomeni bütün dünyadakı soydaşlarımızın milli inkişafı üçün misilsiz sərvətdir. O, soydaşlarımıza daim belə bir əqidəni aşılayırdı ki, tariximizdə ağır səhifələr və böhranlı məqamlar az olmayıb, amma ulu babalarımız ruhdan düşməmişlər. Onlar öz qeyrətinə güvənərək qüvvələrini bir yerə toplamış, öz əxlaqını və simasını itirməmişlər, özlərini ləyaqətlə qorumuşlar. Ona görə də biz tariximizə olduğu kimi yanaşaraq düşmən üzərində qələbəyə köklənən tarixi həqiqətə xidmət etməliyik. Ümummilli lider həmişə deyirdi ki, biz öz milli - mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik.

Ümummilli lider həmişə şəriştəsiz, xalqdan uzaq “liderləri” hakimiyyət üçün barışmaz qüsur saymışdır. Ulu öndərin liderliyi onun müstəqillik konsepsiyası ilə üzvi bağlıdır, çünki bütövlükdə hakimiyyəti idarə etmək konsepsiyası nə qədər yüksək nəzəri - praktik səviyyədə işlənsə də, bacarıqlı lider olmadan onu rasional həyata keçirmək mümkün deyildir. Vaxtilə De Qoll demişdir ki, “Böyük işləri heç zaman sözçülüklə başa çatdırmaq olmamışdır”.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndərin siyasi kursunu dönmədən, ardıcıl və layiqli şəkildə həyata keçirir. Bu siyasi kurs Azərbaycanın siyasi və iqtisadi qüdrətinin artmasına və onun beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə gətirib çıxarmışdır. Məhz bu siyasi kursun nəticəsidir ki, indi respublikamızda heç də bütün ölkələrdə mövcud olmayan ictimai - siyasi sabitlik hökm sürür. Ölkəmizdə siyasi sabitliyin mövcud olması və iqtisadi inkişafın Heydər Əliyev modelinin uğurla həyata keçirilməsi respublikamızın sosial - iqtisadi inkişafına gətirib çıxarmışdır ki, bu səbəbdən də müasir Azərbaycan Respublikası bu gün, sözün əsl mənasında, öz möhtəşəm inkişaf dövrünü yaşayır. Bu inkişafın əsasını qoyan Azərbaycanın ümummilli lideri Heydər Əliyevin parlaq siyasəti bu gün də uğurla davam etdirilir. Onun qoyduğu təməl üzərində qüdrətli dövlət qurulur və artıq Azərbaycan dünya miqyasında böyük nüfuza malik olan bir ölkə kimi tanınır. Və bu gün böyük qürur hissi ilə deyə bilərik ki, ölkəmiz bu yüksək səviyyəyə böyük azərbaycanlı və işıqlı şəxsiyyət Heydər Əliyevin müdrik siyasətini yeni dövrün tələblərinə uyğun, böyük əzmkarlıq və qətiyyətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin sayəsində ucalmışdır. Cənab İlham Əliyevin başçılığı altında Azərbaycan son illər ərzində istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır ki, bu uğurlar da bugünkü Azərbaycanın reallıqlarıdır.

Prezident İlham Əliyev qanunçuluğun gələcək inkişaf üçün ən önəmli şərtlərdən biri olduğunu bildirir: “Azərbaycanda qayda - qanun var və hər bir vətəndaş qanunlara tabe olmalıdır. Azərbaycanda sabitliyin qorunması gələcək inkişafımız üçün ən önəmli şərtlərdən biridir”. Dövlətin söykəndiyi qanun onun idarə edilməsinin əsas xətlərini və prinsiplərini müəyyən edir. Bu qanunlar olmasa, idarəçilik olmayacaq-idarəsizlik isə dövlətin gələcəyini təhlükə altına salar. Qanunçuluq Heydər Əliyevin dövlətçiliyə, dövlətin idarə olunmasına, dövlətin təməl prinsiplərinə verdiyi ən böyük töhfələrdən biridir. Qanunçuluğa söykənən cəmiyyətdə vətəndaşların hüquq və azadlıqlarının qorunması başlıca yerlərdən birini tutur. Prezident İlham Əliyev bununla bağlı demişdir: “Biz güclü, demokratik cəmiyyət qurmaq əzmindəyik. Bu cəmiyyətdə hər bir vətəndaş bütün haqlardan və azadlıqlardan istifadə etməli və onun bütün hüquqları və azadlıqları qorunmalıdır”.

Ağılları, ürəkləri fəth edə bilmək yalnız zamanın fövqündə duran, sağlığında milyonların qəlbində ölməzlik məşəlini yandıran, onlara müstəqillik, azadlıq hissini bütün varlığı ilə yaşatdıran, mənəvi nüfuz və böyüklük qazanan, millətinin iradəsini ifadə edən liderlərə nəsib olur. Tarix yaradan bu şəxsiyyətlərin həyatı bütöv bir xalqın taleyinə dönür... Dünya siyasət olimpinin ən parlaq və yüksək zirvəsində dayanaraq bəşəriyyətin tarixinə işıq salan belə görkəmli şəxsiyyətlərdən olan Ulu öndər Azərbaycanın xaos burulğanında çarpışdığı tarixi məqamlarda xalqın taleyinin müəyyənləşməsində mühüm rol oynamaqla adını tarixin yaddaşına qızıl hərflərlə həkk edərək ürəklərdə özünə əbədi abidə ucaltmışdır.

Dağın ucalığı və əzəməti uzaqdan daha aydın görünür. Böyük şəxsiyyətlər də belədir. Yalnız aradan zaman keçəndən sonra onların möhtəşəmliyi, xalqın tarixində və insanların ürəyində qoyduqları izlərin əbədiliyi, eləcə də həyatdan köçmələri ilə bağlı yaranmış itkinin ağırlığı daha bariz şəkildə meydana çıxır.

Böyük xalqların – istər ingilislərin, fransızların, almanların, istərsə də italyanların dahi müasirləri yoxdur. U. Çörçil, Ş.de Qoll, K.Adenauer və De Qasperi mənsub olduqları millətlərin dünya tarixinə ötən əsrin ikinci yarısında bəxş etdikləri nadir şəxsiyyətlər idilər. F. D. Ruzveltdən sonra ABŞ - da da dahi “kəsiri” mövcuddur. Azərbaycan xalqı kiçik də olsa, bu baxımdan unikaldır. Onun dahi müasiri vardır-həmin düha Heydər Əliyevdir. Məhz bu dahi şəxsiyyətin xarizmatik liderliyi sayəsində mövcudluğu təhlükə altında olan dövlətçiliyimiz permanent xaos və böhran məngənəsindən çıxarılmış, ümummilli fəlakətin - vətəndaş müharibəsinin qarşısı alınmış, döyüş cəbhəsində məğlubiyyətlər seriyasına son qoyulmuş və atəşkəs rejiminin tətbiqinə nail olunmuşdur. O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur.

Ümummilli liderin irsi milli quruculuq strategiyasıdır, bu irsin aktual mənası ulu öndərin praqmatik bir dövlətçi olmasıdır. Ona görə istər siyasi təbliğatda, istər tədris və təhsildə, istərsə də elmi sahədə əsas diqqət bu cəhətlərə yönəlməlidir. Bu gün respublikamızda Heydər Əliyev siyasəti davam edir-ölkəmizdə misilsiz dəyişikliklər baş verir, paytaxtımız yeniləşir, arxitektura görkəmi tamam təzələnir. İnsanların rifahı, yeni iş yerlərinin açılması, iqtisadi layihələrin gerçəkləşdirilməsi ölkə rəhbərinin daim diqqət mərkəzindədir.

Dövlət idarəçiliyinin zirvəsini fəth edən Ümummilli lider müasir, öz sözünü deməyə qadir olan güclü Azərbaycan dövlətini yaradan, dəhşətli çətinliklərdən çıxararaq möhkəmləndirən və bütün dünyaya tanıdan dahi siyasi strateq və taktik kimi tarixi yaddaşımızda silinməz iz qoymuşdur. Məhz Uu öndərin rəhbərliyi altında müstəqilliyimizin ilk illərində baş verən hərc - mərcliyin və dövlətdə idarəçiliyin itirilməsinin qarşısı alınaraq siyasi sabitliyin və dövlətin idarə edilməsinin bərpası dövrü başlanmışdır.

Vətən məfkurəsini, dövlətçilik ideyasını hər şeydən uca tutan bu böyük şəxsiyyət güclü Azərbaycan dövlətini yaratmaq üçün ilk növbədə yeni milli dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin əsasını qoymuşdur.

Böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazmışlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman tarixi şəxsiyyətləri ilə fəxr etmişdir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu öndər tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz işlər görmüşdür. Ümummilli lider Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə