Demokratiya, insan haqları, qanunun aliliyi kimi ali dəyərlərin carçısı kimi özünü göstərənlərin əslində, ikili standartlardan çıxış etməsi əfsus ki, hələ də davam edir. Cənubi Qafqazda hansısa ali dəyərləri guya təbliğ etməyə çalışanların riyakarlıqları dəfələrlə özünü göstəribsə və bu hələ də davam edirsə, deməli, ikili yanaşma, iliki standartlardan əl çəkilməyib. Region ölkələrinə müvafiq normalar barədə tövsiyyələr verməyi özünə rəva bilən ölkələrin özlərinin buna məhəl qoymadığı dəfələrlə öz təsdiqini tapıb və bu da o deməkdir ki, başqalarının gözündə tük axtaranlar öz gözlərində tiri görmürlər, yaxud görmək istəmirlər.
Diqqətə çatdıraq ki, Qərbin bir çox ölkələrdən gözləntiləri, hətta tələbləri ilə davranışları qətiyyən üst-üstə düşmür və bu halla bağlı bir çox misallar göstərmək olar. Qısa şəkildə ifadə etmiş olsaq, Qərbin məhz geosiyasi aynada çox riyakar görünməsinin dəfələrlə şahidi olmuşuq və “tövsiyyələri” ilə tərzi arasındakı uyğunsuzluq da artıq qabarıq şəkildə ortaya çıxır. Nümunə üçün qeyd edək ki, kasetli bömbaların istifadəsinin yolverilməzliyini bəyan edənlərin, daha dəqiq desək, ABŞ hökumətinin 800 milyon dollarlıq yeni hərbi yardım paketinin bir hissəsi kimi Ukraynaya kaset sursatlarının çatdırılmasını təsdiqləməsi onun iddiaları ilə qətiyyən uyğunluq təşkil etmir. Məsələ burasındadır ki, buna don da geyindirilir, hələ bir bəhanə də quraşdırılır. Məsələn, ABŞ prezidenti Co Bayden bəyan edir ki, Ukraynanın silah-sursat ehtiyatlarının azaldığını nəzərə alaraq, tədbir görülməli olduğu səbəbindən guya belə bir çətin qərar təsdiqlənib. Amma dünya ictimaiyyəti yaxşı bilir ki, Ağ Ev kasetli sursatlardan istifadənin mülki əhali üçün ciddi təhlükə yarada biləcəyini dəfələrlə bildirib. ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan özü bunu təsdiqləyib, baxmayaraq ki, o, qərarın asan olmadığını da etiraf edib. Bəhanə kimi də qeyd edib ki, guya Ukraynanın artilleriya mərmilərinə olan tələbatını tam ödəyə bilməyəcəyini nəzərə alaraq, prezidentin müşavirlərinə yekdilliklə qərarın qəbul edilməsini tövsiyə edib. Belə çıxır ki, riyakarlıqlarını özləri də hamıdan yaxşı görürlər, əks halda buna izahat verilməzdi. Yəni, bir tərəfdən həmin sursatların istifadəsinin yolverilməzliyi bildirilirsə, digər tərəfdən də belə “tövsiyyələr” edilirsə, buna riyakarlıqdan başqa ad vermək olmaz. Yox əgər belə bir adı özləri bilirlərsə, qoy həmin adı da özləri versinlər.
Bəli, işğalçıya qarşı mübarizəni dəstəkləmək alqışa layiqdir. Ukraynanın da ərazi bütövlüyü uğrunda mübarizə apardığını nəzərə alsaq, işğalçı ilə qarşı-qarşıya dayanması fonunda həmin ölkəyə kömək də başadüşüləndir. Sadəcə başa düşülməyən odur ki, niyə həmin o Qərb, xüsusən də ABŞ işğalçı Ermənistana, həmin ölkənin işğalçılıq siyasətinə qarşı illərlə mübarizə aparan Azərbaycanı o zaman dəstəkləmədi? Rusiyanı işğalçı olaraq qəbul etdiyindən sanksiyalara əl atan, Kremlə qarşı barışmaz mövqe sərgiləyən, əks tərəfi, yəni Ukraynanı dəstəkləyən həmin o Qərb niyə ötən əsrin sonlarında ölkəmizin ərazisini işğal edən işğalçı Ermənistanı ən azından qınamadı və Azərbaycanı dəstəkləmədi? Ukrayna-Rusiya müharibəsi fonunda, cəmi bir-iki il müddətində dəfələrlə işğalçıya qarşı olduğunu bəyan edən Qərb niyə 30 ildən çox müddət ərzində, yəni torpaqlarımız işğal altında olduğu dövrdə bir dəfə də olsun bu barədə fikir də səsləndirmədi? Yaxud, Ermənistanın kasetli bombalardan istifadə etməsini, hətta müharibənin başa çatmasından, erməni baş nazirinin kapitulyasiya sənədini imzalamasından sonra qadağan olunmuş silahları ölkəmizin dinc əhalisinə tuşlamasını niyə sadəcə seyr edirdi? Hələ bu azmış kimi, haqsız və əsassız olaraq, həmin o kasetli bombalardan 44 günlük müharibə dönəmində Azərbaycanın istifadə etdiyi deyilir və ölkəmiz qınanılırdı. İndi yenə də mövqe dəyişkənliyi müşahidə olunur və artıq belə silahların Ukrayna tərəfindən istifadəsi barədə təklif müzakirəyə çıxarılır, bu barədə tövsiyyələr verilir. Bir sözlə, mövqe dəyişkənliyi, ikili yanaşma, ikili standartlar hələ də davam edir.
Qərbin ikili yanaşmasının pilotsuz təyyarələrlə bağlı fikirlərində, mövqeyində də görmək çətin deyil. Beləki, Azərbaycanın istifadəsi zamanı “ölüm silahı” adlandırılan, istifadəsi qınanılan həmin o pilotsuz təyyarələr Ukrayna tərəfindən istifadə edildikdə lazım bilinir, münasib hesab olunur. Ukraynanın apardığı müharibəni ərazi bütövlüyü uğrunda mübarizə kimi “dəyərləndirən” Qərb, 30 il ərzində ərazisi işğal altında saxlanılan Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi istiqamətində apardığı mübarizədə münaqişənin hərbi yolla həllinin yolverilməz olduğunu dəfələrlə bəyan edirdi. Buna ədalətli yanaşma demək mümkündürmü və bu yanaşma ikili yanaşma deyilmi? Regionda maraqlarını, iştirakını təmin etmək üçün Ermənistanın təxribatçı hərəkətlərinə, separatçılıq fəaliyyətinə göz yummaqla, hətta ermənilərin maraqlarının təmin edilməsinə çalışmaqla, bunun üçün də onların təxribatlarına rəvac verməklə işğalçını qınamaq qətiyyən bir araya sığmır. Çünki işğalçını qınayan həmin o işğalçının maraqlarından çıxış etməz, eyni ilə indi Rusiya-Ukrayna müharibəsində olduğu kimi. Amma görünən odur ki, Qərb özünə lazım olanda bir cür, lazım olmayanda başqa cür yanaşma sərgiləməyi özünə rəva bilir və deməli, ikili standartlardan çıxış etməyi qəbul da edir. Bir sözlə, geosiyasi vəziyyətdən asılı olaraq, Qərb öz prinsiplərindən imtina da edə bilir, onların təhrif olunmasının mümkünlüyünü də gizlətmir. Xüsusən də, türk və islam ölkələrinə qarşı xristian həmrəyliyi ön planda durduğundan Qərbin erməniləri dəstəkləməsi özləri üçün tam məntiqi və əsaslı görünür. Hətta Qərb üçün hansısa geosiyasi əhəmiyyət kəsb etmədikdə belə, istər Avropa ölkələri, İstərsə də ABŞ mümkün qədər erməni maraqlarından çıxış etməyi üstün hesab edir.
Ən çox diqqəti cəlb edən, hətta ikrah doğuran odur ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək çağırışı ilə çıxış edən Qərb, özünü elə aparır ki, guya nə Ermənistanın təcavüzündən, nə də ermənilərin Qarabağ bölgəsini işğal etməsindən, nə törətdikləri soyqırımlardan, nə maddi-mədəni abidələrə vurduqları ziyandan, nə etdikləri vandallıqlardan, vəhşiliklərdən, yol verdikləri mina terrorundan, ekoloji terrordan xəbərləri yoxdur. Halbuki, Xocalı soyqırımı kimi tarixə yazılan insanlıq dramını Qərbin görməməsi, yaxud görməməzliyə vurması, Azərbaycana məxsus mədəniyyət abidələrinin, məscidlərin ermənilər tərəfindən dağıdılması, fauna və floramıza vurduqları ziyan, meşələri, yaşıllıqları onların məhv etmələri, ekoloji terror törətmələri barədə bilməməsi qətiyyən mümkün deyil. Müasir dünyada, informasiyanın sürətlə yayıldığı bir dövrdə bunun əksini söyləmək gülünc səslənər və elə bu baxımdan da müşahidə etdiklərimiz onu deməyə əsas verir ki, geosiyasi müstəvidə ikili yanaşma hələ də davam edir. Əgər belə olmasaydı, ən azından, son illər ərzində dəfələrlə ABŞ-da keçirilən görüşlər zamanı bu qanunsuz hərəkətləri Ermənistanın nümayəndə heyətinin üzünə deyilərdi, buna görə qınanılardı. Doğrudur, Ağ Ev heç də Ermənistanı nə haqlı tərəf kimi gördüyünü bəyan etmir, nə də Azərbaycana qarşı hansısa bir əks mövqe sərgiləmir və ölkəmizin haqlı olduğunu dana da bilmir. Amma əsil ədalətlilik o zaman olardı, ikili standartlardan imtina etdiklərinə o zaman əmin olunardı ki, birmənalı şəkildə ermənilərin qanunsuz hərəkətləri həm elə zamanında, həm də indiki zamanda kəskin şəkildə deyilər, bəyan edilərdi. Edilməyibsə, yenə də edilmirsə, bunun fonunda da Ukrayna dəstəklənir, Rusiya da qınanılırsa, deməli, yanaşmaları məhz ikili yanaşmadır. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın xeyrinə qəbul etdiyi dörd qətnaməsinə İrəvanın onilliklər boyu məhəl qoymamasına Qərb müşahidəçi mövqe sərgiləyibsə, Ukraynadan fərqli olaraq, münaqişənin həllinin hərbi yolla mümkün olmadığı Azərbaycana bildirilibsə, təcavüz edənlə təcavüzə məruz qalan arasında fərq qoyulmayıbsa, bu gün isə Rusiya-Ukrayna müharibəsi fonunda ukraynalılara döyüşmək üçün hərbi yardımlar edilirsə, silah-sursat verilirsə, dəstək göstərilirsə, deməli, Qərb hələ də ikili standart yanaşmasına sadiq olduğunu gizlətmir, hətta nümayişkəranə şəkildə göstərir də.
Hərdən elə təəssürat yaranır ki, elə bil ikili standartlar geosiyasi müstəvidə sanki ənənə halını alıb və bundan yaxa qurtarmaq mümkün də deyil. Halbuki, beynəlxalq aləmdə ədalət və bərabərlik prinsiplərini qorumaq ən doğru yoldur və çox vacibdir. Elə bu səbəbdən də Azərbaycan hər zaman öz ədalətli yanaşması ilə digərlərindən kəskin şəkildə fərqlənib və bu istiqamətdə daim haqlı, qanuni mövqeyi ilə seçilib. Bu gün də bu tendensiya davam etməkdədir. Bu ənənənin ölkəmiz tərəfindən davam etdirildiyinə dünya ictimaiyyəti ötən həftə Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iclası zamanı bir də əmin oldu. Böyük dövlətlərin imperiya ambisiyaları, onların güc hüququna arxalanmaları və bu fonda da kiçik dövlətlərin suverenliyini geniş şəkildə pozmaları, buna da Qərbin göz yumması, nəticədə də ikili standartlara getdikcə yol açılması sözügedən iclasda kəskin şəkildə qınanıldısa, deməli, Azərbaycan həmin o standartların, ikili yanaşmanın əleyhinə olduğunu bir daha cəsarətlə bəyan etdi və buna qarşı çıxdığını bildirdi. Məsələn, Ermənistanın Azərbaycana qarşı təcavüzünə, işğalçılıq siyasətinə göz yuman, ermənilərin qanunsuz hərəkətlərini görməməzliyə vuran, ermənilərin qondarma istəklərinin reallaşması üçün əlindən gələni əsirgəməyən, ölkəmizin haqlı mövqeyinə məhəl qoymayan Fransanın əslində, koloniyal siyasət yürütdüyünün, bir milyondan çox əlcəzairlinin ölümünə səbəb olduğunün bəyan edilməsi, bu siyasətin, bu əməllərin qınanılmas özü də ədalətsizliyə qarşı mübarizədir, hansı ki, buna ikili yanaşma demək olmaz. Amma nədənsə, Cənubi Qafqaza müxtəlif ali dəyərlərdən dərs keçmək həvəsinə düşən Qərb heç zaman Fransanın bu çirkin tarixi əməlləri barədə fikir bildirmir, həmin o Avropa ölkəsi qınanılmır. İnsan haqlarını, söz azadlığını, azad yaşama hüququnu və digər ali dəyərləri nəzərə almaq, qorumaq yalnız region ölkələrinə, Cənubi Qafqaz ölkələrinə “tövsiyyə” edilməlidir? Məgər qanunsuz əməllər törətdiyi, milyondan çox insan tələfatına səbəb olduğu, insanlığa sığmayan, ali dəyərlərdən uzaq olan hərəkətlərə yol verdiyi barədə Fransa kimi bir Avropa dövlətinə irad belə tutmaq olmaz? Elə bu fonda da hal-hazırda rəsmi Parisin cinayətkar separatı rejimi dəstəklədiyi barədə də həmin ölkəyə bir xəbərdarlıq da olsa etməmək nə deməkdir? İkili yanaşma, ikili standartların tətbiqi deyilmi? Gec də olsa, artıq bu standartlara, ikili yanaşmaya son qoymaq lazımdır ki, dünyada ədalət bərqərar olunsun, hansı ki, Azərbaycan bu nümunəni ötən həftə Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iclası zamanı ortaya qoydu. Əgər bu nümunəyə uyğun olaraq, ədalətli yanaşmaya üstünlük verilməzsə, geosiyasi müstəvidə iliki standartlar uzun müddət davam edə bilər və bu da haqsızlığın, ədalətsizliyin ayaq tutub yeriməsinə rəvac vermək deməkdir. Belə bir şərait isə gələcək üçün heç də müsbət nəticələr vəd edə bilməz və Qərbin özü də bundan ziyan görər və deməli, artıq ikili standartların tətbiqinə son qoymanın çoxdan zamanı yetişdiyi qəbul olunmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB