Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında yeni mərhələ - TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan-Özbəkistan münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti vəzifəsinə keçirilən növbədənkənar seçkilərdə qazandığı parlaq qələbə münasibətilə Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.Dövlətimizin başçısı səsvermənin nəticələrinin milli iradənin ifadəsinin, Özbəkistan vətəndaşlarının Şavkat Mirziyoyevə olan sonsuz etimadının, inamının və hörmətinin, onun Özbəkistanın hərtərəfli inkişafı, rifahı və tərəqqisi naminə yürütdüyü siyasi xəttə geniş xalq dəstəyinin bariz təzahürü olduğunu qeyd edib.«Biz ortaq tarixi-mədəni köklər, qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Özbəkistan münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Xalqlarımızın iradə və məramından qaynaqlanan, qarşılıqlı inam və dəstəyə əsaslanan dövlətlərarası əlaqələrimizin bugünkü səviyyəsi, tərəfdaşlığımızın yüksələn xətlə inkişaf etməsi xüsusi məmnunluq doğurur», - deyə dövlətimizin başçısı vurğulayıb.Son dövrdə ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının, qarşılıqlı faydalı əməkdaşlığın inkişafında yeni istiqamətlərin müəyyənləşdirilməsinin sevindirici hal olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bildirib: «Əminəm ki, birgə səylərimizlə qardaş ölkələr və etibarlı tərəfdaşlar olan Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq münasibətlərinin inkişafına, çoxşaxəli əməkdaşlığın genişlənməsinə, strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olacağıq".Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
PREZİDENT İLHAM ƏLİYEV ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ŞAVKAT MİRZİYOYEVƏ ZƏNG EDİB ONU BU QƏLƏBƏSİ VASİTƏSİLƏ TƏBRİK ETMƏSİ ZAMANIN SINAĞINDAN ÇIXAN DOST VƏ QARDAŞLIĞIN GÖSTƏRİCİSİDİR
Bu gün eyni soya, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlığın kökləri tarixin dərin qatlarına gedib çıxır. Son illər ərzində iki ölkə arasında əlaqələr daha da möhkəmlənib. Belə ki, Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirildi və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəsinə gəlib çatdı. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub.Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Azərbaycan-Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün inkişaf etdirilir.Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Azərbaycan və Özbəkistan xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub, hazırda iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. İqtisadi sahədə də əlaqələr inkişafdadır.Eyni zamanda, Özbəkistan keçmiş Qarabağ münaqişəsi ilə bağlı məsələdə daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Vətən müharibəsi dövründə Özbəkistan Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə, münaqişəni sülh yolu ilə həll etmək üçün diplomatik danışıqlara başlamağa çağırıb. Qürurvericidir ki, Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəbin inşasının layihəsi Azərbaycan hökumətinə təqdim olunub.
Ötən il martın 31-də Türk Dövlətləri Təşkilatının (həmin vaxt Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlanırdı) videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı “Qarabağın qaytarılması və tarixi ədalətin bərpası” münasibətilə təbrik edib.2021-ci ilin noyabrında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirib.Beləliklə, bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub və iki ölkə liderlərinin - Azərbaycan Respublikasının Prezidenti İilham Əliyev cənablarının Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir.Və bu gün Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərində Şavkat Mirziyoyev yenidən ölkə prezidenti seçilməsi və bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəənablarının Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edərək onu bu qələbəsi vasitəsilə təbrik etməsi Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyədə olduğunun və zamanın sınağından çıxan dost və qardaşlığın göstəricisidirPrezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubunda bildirdiyi kimi: «Sevindirici haldır ki, son dövrdə ikitərəfli münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafında yeni istiqamətlər müəyyən edilmişdir».Bir sözlə, telefon söhbəti əsnasında iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub. Göründüyü kimi, səmimi və dostluq şəraitində keçən telefon söhbəti bir daha Azərbaycan və Özbəkistan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirdiyini təsdiqləyir.
AZƏRBAYCAN-ÖZBƏKİSTAN ARASINDA İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİN İNKİŞAFINDA DÖVLƏT BAŞÇILARININ QARŞILIQLI SƏFƏRLƏRİ...
Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyənləşdirir. Bir sözlə, Prezidentlərin qarşılıqlı səfərləri onu göstərir ki, hər iki tərəf münasibətlərin inkişafına böyük önəm verir.Ən əsası isə, Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəkləyən ölkələrdən oldu. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss etdi. Bütün bunlar Azərbaycan-Özbəkistan münasibətlərinin tarixində unudulmaz hadisələrdir. Bir sözlə, hər iki dövlət rəhbərlərinin səfərləri strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsinə müsbət təsirini göstərir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti vəzifəsinə keçirilən növbədənkənar seçkilərdə qazandığı parlaq qələbə münasibətilə Şavkat Mirziyoyevə təbrik məktubu bir daha dostlar kimi, qardaşlar kimi bu sevincə sevinir və bu dostluq, qardaşlıq münasibətləri daha da dərinləşəcək. Dövlət başçımızın dediyi kimi: "Əminəm ki, birgə səylərimizlə qardaş ölkələr və etibarlı tərəfdaşlar olan Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq münasibətlərinin inkişafına, çoxşaxəli əməkdaşlığın genişlənməsinə, strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olacağıq".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB